"İndiki halda uduzan aktyordusa..."

İntiqam Soltan: "...o biri halda sabahkı Azərbaycan uduzur"

Hədəfləri olan insanlar başqalarından bir addım öndə gedərlər. Hələ də bu hədəflər Vətənlə, millətlə bağlıdısa onda o adamın əvəzi olmur. Sənətindən, məsləyindən asılı olmayaraq bu mənada hər kəs mənim üçün gözəl adama çevrilir. Sözün bütün mənalarında gözəl adama...
Müsahibim Bakı Uşaq Teatrının bədii rəhbəri, direktoru, aktyor İntiqam Soltandır. Eyni zamanda rejissor, ssenarist olan İntiqam bəy Azərbaycanda teatr marketinqinin əsasını qoymaq istəyir:

- Sultanın intiqamı çoxmu ağır olur?

- Mənim dahi siyasətçi ustadlarımdan biri bir dəfə sualıma cavab olaraq TARİXİN DÜSTURUNU tapdığını söylədi... Adını çəkmək istərdim sadəcə uşaq teatrını daha da sıxışdırmaq istəyən Azərbaycanın xalq düşməni olan bəzi məmurlarına bu ipucunu vermək istəmirəm. İndi mən Tanrı ilə dostluğun düsturunu yaratmışam özümçün desəm, fikirlərimi qəribçiliyə salmayın. Ona görə də atdığım addımın bir az sonra hansı addımla əvəzlənəcəyini bilə bilirəm. Mənimçün həyat məntiqdir.

Məntiqsə ikidən başlayır

İkiyə gedən ən sadə yolsa bir dənədir...

1+1=2

Vəssalam...

Bu hamısı deyil. Uzunçuluq olmasın deyə yekunlaşdırım. Çünki bir az dərinə getsəm fikirlərim qəbul olunmaya bilər. Məsələn mənə görə hər kəsin 360 Allahı olur ki, onların da 1-cisi və 360-cısı o insan özü, yəni içindəkidir. Və s.

- Xarakterin rolda əksi, sizcə lazımlıdırmı? Və ya rola bürünmüş xaraktermi xaraktersiz rolmu?

- Xarakter rol üzərində işləmək üçün daha çox lazımdır. Təbii ki, fikirlər mütləq deyil. Mənim fikirlərimdir. Çünki oynanılan obrazlar müxtəlif xarakterlərdən ibarət olduğundan aktyorun xarakteri onlardan yalnız biri ilə üst-üstə düşdüyündən digər obrazlar üçün o xarakter "gərəksizdir" desəm daha dəqiq olar. Aktyor sənəti nədi sorsanız, ən sadə cavab: "Mən təklif olunmuş vəziyyətdə" vəssalam! Yəni hər bir insan müxtəlif vəziyyətlərdə, situasiyalarda müxtəlif xarakter nümayiş etdirmək zorunda qaldığından ona məxsus xarakteri özündən başqa heç kəs bilə bilməz...
Hətta Dürremantın sözü ilə desək "Hər bir insan ölüm qabağı özünü zorla tanıyır. Ona görə də bir insanın başqa bir insan haqqında fikir yürütməyi yanlış olar."

- MƏN rola bürünəndə RUH harada olur?

- Ruhum hər zaman mənimlə olur. O məni tərk edərsə, oynayacağım roldan heç nə alınmaz. Mütləq hər şeyin ruhu olmalıdır. Bir də janrlar müxtəlif olur. Mən yaşama məktəbi haqqında söhbət edirəm. Məsələn, bizim milli teatr məktəbimiz oyunçuluq üstə qurulub. Deyək ki, kosa keçəl oyunu. Sadəcə biz bunun oyun olduğuna nə qədər ki, aktyor, bir o qədər də tamaşaçı kimi inanırıq və vəziyyətin ağırlığını 50/50 yə bölüşürük (tamaşaçı, aktyor) amma yaşama məktəbində bir qədər fərqlidir. Biz aktyor olaraq daha çox ürəklə işləyirik, tamaşaçını bunun bir həyat olduğuna inandırmağa çalışırıq. Tamaşaçı da öz növbəsində bu janrda, oyunçuluqdan fərqli olaraq güzəştə getməyi sevmir və nümayiş etdiyi oyunun bir həqiqət olmasına inanmaq istəyir...
Göründüyü kimi, bu daha çətin və məsuliyyət tələb edən janrdır. Hətta aktyora 100%-in cəmi 5%-ni özündə olmağa icazə verilir. Yəni qalan 95% o özünü başqalaşdırmalıdır. Qalan 5 faizsə özünə məzarəti itirməmək üçündür...

- Bugünkü Azərbaycan teatrında aktyor olmaq...

- Çox çətindir. Rəssam rənglərlə, boyalarla, bəstəkar notlarla, səslərlə işləyir. Aktyorsa duyğuyla, hisslərlə işləyir. Hisslərlə işləyən bir adamın yaltaq, ikiüzlü, əclaf, mənəviyyatsız olması mümkün deyil. Bizim cəmiyyətin tələbi isə bu sadaladıqlarımdan ibarətdir desəm məni qınamayın. Ona görə də bizim cəmiyyətdə yaşamaq çox çətindir. Aktyor daxilən ən azad adamdır. Əks təqdirdə o yaşaya, yarada bilməz. Bizdə isə bu tipli adamlara yer azdır. Mən bu fikrimlə hansısa inqilab eləmək, yaxud demoqoqluq fikrində deyiləm. Reallıq belədir. Təklif və tələb üst-üstə düşməyən bir mühitdir. Ekranda, efirdə görünən başqalaşmış insanlar (yəni aktyorlar) çox tez cəmiyyətdə qəhrəmana çevrilirlər. Yəni onun artıq öz həyatı əlindən alınır və o cəmiyyətin quluna çevrilir. Onu sevən tamaşaçı onu qəbul elədiyi yüksəklikdə görmək istədiyindən "qəhrəman" tamaşaçının istədiyi kimi gəzməli, oturmalı, deməli, gülməlidir. Bu "qəhrəmanın" tamaşaçıların fantaziyasını zorlamağa ixtiyarı yoxdur. Həyat reallığından doğan tələbatlarla bazara girən aktyorun ən gözəl məhsul alacağını gözləyən tamaşaçı onu başqa cür görmək "istəmir".
Mənəvi tələbat budur. Aktyorsa həmin tələbata cavab verə biləcək maddi, mənəvi qüdrətə malik olmadığından sınır, əzilir və daxilən məhv olur. Cəmiyyətə izah eləyə bilmir ki, onun gündə bir nəfərin həyatını yaşamaq kimi zəhməti ayda cəmi 120 - 200 manat arası dəyərləndirilir. Və ya o siyasətçilərin yalanlarını doğru kimi təqdim eləmək üçün milyonların qarşısına atılanda sınır, qırılır, məhv olur...

- Deyirlər ki, "xoşbəxtliyin açarı kiçik şeylərdə gizlidir". Amma bizim bugünkü filmlərdə nə keçmiş kinonun əzəmətindən nə də yeni serial anlayışının detallarından əsər-əlamət yoxdur. Niyə?

- Qısa deyəcəm, çünki bu gün seriallarda işləyənlərin böyük əksəriyyəti biri-birindən oğurlamaqla yaşamaq uğrunda mübarizə aparır. Aktyorlara maksimum dilənçi payı verməklə onların gücündən yararlanmağa və öz oğurluqlarını ört-bastır eləməyə çalışırlar. Bir günü qəpik-quruşla aldadılan aktyor bu da azmış kimi bəzən 12 saat kamera qarşısında qalmalı olur. Yəni bir neçə günün çəkilişini bir günə salmaqla həm icarənin yüngül başa gəlməsinə, həm də üç günün qonorarı yerinə bir günün qonorarını verməklə "nələrəsə" nail olmaq istəyirlər. Etiraz edən aktyoru da növbəti seriyada "öldürürlər". Bununla da iş "həllini tapmış olur". Amma bu çox yanlış variantdır. Burda indiki halda uduzan aktyordusa, o biri halda sabahkı Azərbaycan uduzur. Özü də fəlakətli, mənəviyyatsız gələcəyin bünövrəsini qoyacaq dərəcədə...

- Demək istədikləriniz...

- Demək istədiyim 12 ildə mənim iş otağım olmayıb. İstəyirəm Bakı Uşaq Teatrına bina versinlər. Və dünyaya səs salacaq yeni teatr modelini ortaya qoyum. vəssalam...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31