Xocalı faciəsi ilə bağlı daha bir maarifləndirici material
Əkbər Qoşalı: “Xocalı faciəsi ilə bağlı bədii ədəbiyyatda son illər bir neçə maraqlı əsərlər yazılmağa başlayıb”
6 Noyabr 2013 16:47 MədəniyyətElxan Zal Qaraxanlı: "Yaxşı haldır ki, çoxlu sayda tarixi romanlar işıq üzü görür"
"AtaTravel" MMC-nin dəstəyi ilə "27 ildən sonra" əsərinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində "27 ildən sonra" əsərinin müəllifi Cəlaləddin Qasımov, yazıçı-publisist Ehtiram İlham, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı və Əkbər Qoşalı iştirak edib. Əkbər Qoşalı bildirib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisələri ilə bağlı son illər aparılan məqsədyönlü və geniş fəaliyyət nəticəsində artıq bütün dünyada bu soyqırım barədə obyektiv fikir formalaşmağa başlayıb. Qeyd edib ki, bu mövqe dövlət başçısı İlham Əliyevin fəaliyyəti ilə daha da genişlənib: "Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondunun, xüsusilə də Fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlər ildən-ilə genişlənməkdədir". Əkbər Qoşalı deyib ki, Xocalı faciəsi ilə bağlı bədii ədəbiyyatda son illər bir neçə maraqlı əsərlər yazılmağa başlayıb: "Bu əsərlərdən biri də istedadlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlaləddin Qasımovun "27 ildən sonra" əsəridir. Kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyasına ithaf olunur. Müəllifin bu əsəri yazmaqda məqsədi hər şeydən əvvəl millətimizin üzərindən bu qara ləkəni silmək və faciəni tarixin yaddaşına həkk etməkdən ibarət olub. Mənfur qonşularımız olan ermənilərin qansız əməllərini onların üzünə çırpmaq, baş vermiş faciənin miqyasını və detallarını göstərmək, gənc nəslə tariximizi dərindən öyrətmək, onları başımıza açılan oyunlardan agah etmək və bir daha düşmən hiyləsinə inanmamağa çağırış da bu kitaba yazılarkən qarşıya qoyulan məqsədlərdəndir". Əkbər Qoşalı bildirib ki, "27 ildən sonra" kitabında müəllifin iki əsəri "Silinməyən ləkə" və "24 ilin ölüsü" adlı romanları yer alıb: "Hər iki əsərdə məmləkətimizin başına açılan dəhşətli hadisələrdən bəhs olunur. Əslində həm də bir-birinin davamı olan hər iki əsərdə ermənilərin dövlətimizə qarşı zaman-zaman həyata keçirdiyi çirkin siyasətin mahiyyəti real həyat həqiqətləri ilə qələmə alınıb. Onu qeyd etmək lazımdır ki, hər iki romanda müəllif öz iş təcrübəsi ərzində , o cümlədən ermənilərin özündən əldə edə bildiyi məxfi məlumatlardan da ustalıqla istifadə edib. Yazıçı hər iki romanda dolğun obrazlar yaratmaqla bərabər, həm də oxucunu arxası ilə apararaq az qala hadisələrin canlı şahidinə çevirməyə bacarıb. Tarixçi alim Dilavər Əzimli kitabın çox güclü süjet xətti olması ilə, eyni mövzuda yazılan əsərlərdən fərqləndiyini qeyd edib: "Əsəri oxuyarkən bu hadisələr barədə yaşadığımın bütün məqamlar bir daha gözümün önündə canlandı. Kitab təkcə bədii xüsusiyyəti ilə deyil, bir çox cəhətləri ilə illər sonra da önəm daşıyacaq. Çünki kitabda bu zamana qədər açılmayan bəzi məqamlara da aydınlıq gətirilib". Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Hafiz Teymurov bu kitabın müəllifinin hüquq mühafizə orqanlarında çalışmasının bir çoxlarında təəccüb yaratdığını, lakin eyni zamanda polislərə olan münasibətin dəyişəcəyini deyib: "Bu kitabı oxuyanlar Azərbaycan polisinin xalqın tarixi, keçmişinə nə qədər önəm verdiyini bir daha görəcək". Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı da son vaxtlar Azərbaycanda Qarabağ mövzusuna geniş yer ayrılmasından məmnunluğunu ifadə edib. Bunu müsbət hal kimi dəyərləndirən Elxan Zal Qaraxanlı çoxlu sayda tarixi romanların çap edilməsini də təqdirəlayiq hal hesab edib: "Çox yaxşı haldır ki, çoxlu sayda tarixi romanlar işıq üzü görür. Yazıçı-publisist Yunus Oğuzun da son illərdə bir neçə tarixi romanları işıq üzü görüb. Məlumat üçün qeyd edim ki, bu günlərdə Yunus Oğuzun Əmir Teymur romanının Qazaxıstanda, Nazarbayev Fondunda təqdimat mərasimi keçirildi. Yaxın vaxtlarda digər ölkələrdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulur". Elxan Zal Qaraxanlı polis əməkdaşının belə bir əsər yazmasını da müsbət hal kimi dəyərləndirib: "Yaxşı haldır ki, artıq intelektual polislərimiz yetişir. Mahmud Kaşqari Fondu olaraq biz bu cür əsərləri daima dəstəkləmişik". Elxan Zal əsərin müəllifinə rəhbərlik etdiyi fondun mükafatını təqdim edib.
Müəllif Cəlaləddin Qasımov deyib ki, əsərdə 1992-ci ildəki anarxiya, qarşıdurma, vətəndaş müharibəsi ilə üz-üzə dayanan Azərbaycanın parçalanma təhlükəsi, milli ordunun olmaması, könülü özünü müdafiə dəstələrinin bir bir-biriylə konfliktdə olması da göstərilib: "Bu konfliktdən ermənilərin istifadə etməsi, 20 faiz torpaqların alınması ardıcıl olaraq qeyd edilib. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti aydın dillə izah edilib. Əsərdə o da göstərilir ki, Azərbaycan bu gün dünya dövlətləri tərəfindən düzgün, haqlı mövqedən tanınır və söz sahibidir". Müəllifin sözlərinə görə, bu kitabı yazmaqda əsas məqsəd qara ləkəni xalqın üzərindən silmək və faciəni tarixin yaddaşına həkk etdirməkdir. Cəlaləddin Qasımov çıxışında bildirib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisələri ilə bağlı son illər aparılan məqsədyönlü və geniş fəaliyyət nəticəsində artıq bütün dünyada bu dəhşətli soyqırım barədə obyektiv fikir və dürüst mövqe formalaşmağa başlayıb.
Süleyman İsmayılbəyli