“Qulu Əsgərov sağ olsaydı, İzzət Bağırov ona kəllə atardı”

Ceyhun Musaoğlu: “Vəziyyət çox pisdir, yoxa çıxırıq”

Emil Salamoğlu: "Adam istəyir ki, götürüb televizoru həyətə tullasın"

Fərqli düşünən insanın dəyişməsi mümkündür. Təsdiq edilib. Məsələn feodalizm Çinində qız uşaqlarının ayaqlarını iplə sıxıb möhkəm bağlayırdılar ki, şikəst olsunlar. Qəsdən belə edirdilər ki, qızlar böyüyəndən sonra evdən çıxa bilməsinlər, buna əxlaqlılıq prinsipi kimi baxırdılar. İngilislər gəldi. Düzdür, ingilislər bura Çini talamaq üçün gəlmişdilər, amma gətirdikləri bir şey də vardı - fərqli təfəkkür. Buna yeni dəyərlər sistemi də demək olar, mədəniyyət də. Adın o qədər əhəmiyyəti yoxdur, amma çinlilər dəyişdilər. Fərqli olmaq üçün nəsə axtarıldı. Dəyişən çinlilərə "rezin sifət" kimi baxırdılar. Vaxt keçdikcə "rezin sifət"lər əriyib yox oldular. İnsan dəyişmək üçün ilk növbədə dəyişməyə ehtiyac hiss etməlidir. Karl Marks düz deyirdi, kainatda dəyişməyən bir şey var, o da dəyişməməyin özüdür. İnsan Yer kürəsinin kiçik modelidir, böyüyündə olduğu kimi kiçiyində də dəyişmək təbiəti var. Nə vaxtsa oksigen planeti dairəvi olub, amma dünən ellips, yəni yumurta formasında idi, bu gün maqnit qütblərindən batıq - alma şəklindədir. "Mən dəyişə bilmərəm" deyən insan yalan danışır, bu təbiət həqiqətlərilə insan arasında ziddiyyət olardı. İnsan quruluşu dəyişməyə meyilli olmaqla yanaşı, vərdiş etdiyi və çox səy sərf etmədən təkrarlanan şeylərin əldən çıxacağından qorxu və qayğı keçirir. Həyat praktikasında çox fikirləşmədən və enerji itirmədən etdiyimiz minlərlə jest və hərəkətlər var. Tənzimləmələr isə beyinin evtomatikliyinə bağlıdır. Dəyişmək fırlanan çarxa çomaq soxmaqdır. Orqanizm mövcud bütövlüyünü qorumaq üçün müqavimət göstərir. Dəyişmənin qabağını kəsmək istəyir. Lakin istəklər əngəllər yaradır, dəyişirsən. Təfəkkürü formalaşmamış və dəyişməyə meyili olmayan insan kobud şəkildə inşa edilmiş binaya oxşayır. Binalar əvvəlcə kələ-kötür daşlarla hörülür, dizayn isə sonranın işidir. Belə olmasaydı insan yaradılış vəziyyətində qalardı və primitiv şərtlərlə razılaşardı. Yetişdiyi mühit, aldığı təhsil, sonradan yaşamağa başladığı ətrafı, vizuallıq, eşitmə və görməklə aldığı informasiyalar, hissi xəbərdarlıqlar insanının formalaşmasının əsas elementləridir. Təbiətdə baş verən dəyişikliklər də təsirsiz deyil. İnformasiyalarla aldığımız xəbərdarlıqların şiddəti artdıqca hiss və davranışlarımızdakı dəyişikliklər də üzə çıxır. Dəyişmənin sağlam olması üçün inamın bütöv və yeniliklərə açıq olması lazımdır. İnamsız şəxsiyyətlər yeni şeylər qarşısında köhnənin dağılıb getməsi qorxusu ilə yaşayırlar. Onlar üçün dəyişmənin iki adı var: ya pisdir, ya da ki səmimi deyil və müdafiə mexanizmlərini tez işə salırlar. Həmişə eyni şeyləri düşünmək, müdafiə etmək, eyni şəkildə geyinmək ərdəmlik deyil. İnsan həmişə edə bilməsə belə yeniliklərə ehtiyac hiss edir. İnsanın hiss, impuls və düşüncələrinə sərhəd qoyulmayıb. Xəyal dünyası çox genişdir. Dəyişmək üçün insan beyninin çox az hissəsini işlədə bilir. Sürəti bir az artırmaq olar və bundan sonra informasiyalarla aldığımız xəbərdarlıq siqnallarını sağlam dəyişməyə çevirmək mümkündür. Maraqlıdır. İnsanın əsas məlumat bazalarından biri, dəyişməyin təzahürü elementlərindən biri sayılan televiziyalardır. Amma hesab etmək olar ki, telekanalların bizə qarşı çevirdiyi informasiya arsenalı iflic edir. Çünki hələ də səhv informasiya ilə düzgünü ayırd edə bilməyən insanlar yaşayır. Bu barədə "Ədalət" qəzetinin jurnalisti Ceyhun Musaoğlu danışır:

- Gələcəyin təhsil, elm, yəni  beyin üzərində qurulacağını dəqiqliyilə bilən insanlar o  şou-biznesə qarşı o qədər müzakirələr apardılar ki, mövzunun özü bayağılaşdı. Artıq efirdəki biabırçılıqlar barədə nə mətbuat yazır, nə də ki, televiziyalar göstərir. Aydın fikirli insanlar problemə fərqli konteksdən yanaşmalıydı. Lənətlə ləkə silinmir. Telekanallarda ucuz şouların baş alıb getməsi normal haldır. Rusiya, Türkiyə, Amerika və Avropada bu burulğanın içindədi. Yüngül, estetik baxımdan qüsurlu olan şou-biznes layihələri dünyanı idarə etməyə çalışan qüvvələrin ortaya atdıqlarıdı. İnsanları bu yolla elm və təhsildən uzaq salırlar ki, gələcəkdə onlardan heç nə soruşmasınlar. Savadsız adamın başı çalıb-oxumağa qarışanda necə idarə olunduğunu düşünə bilmir. Buna həm vaxt çatmır, həm də beyin yüngül informasiyalarla dolur. Hər beyinin tutumu var. Təbii ki. savadsız beyinin tutumu daha az baytlıdı. İnsanlar artıq əməlli-başlı robotlaşıblar. Bayağı verlişlər - manıslar demiş, "qastanı mahnılar", meyxanalar, fərdlərin ailə problemlərinin ekranlaşdırılması, şoular insan psixologiyasını kökündən sarsıdır. Televiziyalar gələcəkdə qurulacaq cəmiyyətin 1-ci dərəcəli əlil olduğunu düşünmədən, hesablamadan şoulara qucaq açıb, onları qucaqlarından götürüb başımıza vururlar.

Telekanallar elə bir iqtisadi məngənə içərisindədirlər ki, belə yollarla maddi problemlərini aradan qaldırmağa çalışırlar. İnsanların əksəriyyəti pis gündədir, birinin şalvarı yoxdur, birinin papağı, biri mənəvi boşluq içərisindədir, birinin pulu var, ağlı yoxdur. Nəsə çatışmır. Təbii ki, bu cür insanlar ucuz meyxanaya, bayağı şoulara, kriminal kitab oxumağa qaçırlar. Onların Aqata Kristisi də yoxdur. Aqata Kristi təkcə dedektiv yazmırdı, o həm də quldurların necə olduğunu detalları ilə oxucuya açıb göstərirdi ki, sabah həyatda beləsi ilə rast gəlsə, bilsin ki, o, cinayət etmək arzusu ilə alışıb-yanır və ondan yan qaçsın. Aqatanın obrazları, maraqlılıq baxımından Dostayevskinin obrazlarından geri qalmır. Bizdə oxucuda təfəkkür oyanışı yaradan kriminal əsərlər də yoxdu. Tamaşaçını meyxanaya qulaq asdırmaq, Aygünün alt paltarlarına baxdırmaq, qaynananın saçını yolması səhnəsinə maraq yaratmaq televiziyalar üçün çox asandı. Həm də bu işə görə çox da pul xərcləmirlər. İki avara meyxanaçını efirə çağırıb, səviyyəsiz qafiyələrlə şou yaradırlar. Efirdə o qədər meyxanaçı gördüm ki, narkotikanın ən ağır forması olan iynədən istifadə edib kresloya yayxınıblar. Onların uy olduğunu adi tamaşaçı görür, efir rejissorları görmür? Əlbəttə görürlər. Ancaq nə veclərinə...məgər onları studiyaya cəmiyyəti düşünməyə göndəriblər, yoxsa pul qazanmğa?!. Hanı televiziyalarda yaradılan şuralar? Aydındı, onları işləməyə imkan vermədilər. O  şuralarda cəmiyyətin düzəlməsindən yazan, danışan, kənardan baxanda ziyalıya oxşayan insanlar tanınmış şəxslər vardı. Niyə etiraz etmirlər? Niyə mətbuata çıxıb demirlər ki, bizim şura işləmir, işləmirsə mənim orda nə işim qalıb?. Hərə çəkilib bir kənara deyinməklə məşğuldu. Fransızlar da böyük məmnuniyyətlə meyxanaya qulaq asarlar. İngilislər də, ruslar da... "Davay dosvidaniya" meyxanası Rusiya, Faransa, İngiltərədə televiziyalarında nümayiş olundu. Hətta BBC meyxanaçıları çağırıb veriliş hazırladı. Onlar bu hadisəyə xəbər gözü ilə baxdılar, yayımladılar, bitdi. Rusların da "çastuşka"sı var. Nə vaxt efirdə görmüşük? İldə bir dəfə milli bayramda, olar, ya olmaz. Dünən bir xəbər oxudum, Finlandiyada xanım iki əri və məşuqu ilə bir evdə yaşayır. Və ardınca da yazılmışdı ki, şəhərin əhalisi bu hadisədən çox qəzəblənib və mətbuatda etirazlara qalxıblr.  Azərbaycanda bundan daha pis olan əxlaqsızlıqları canlı verilişlərdə göstərilər, ailə tərbiyəsizliklərini təbliğ edirlər, bir nəfər etiraz etmir. Bəs deyirdik, Qərb, Avropa əxlaqsızlığa yuvarlanıb?. Bizim televiziyalar Flora Kərimova kimi müğənnini göydən yerə düşürüb heçə endirdilər. Şövkət Ələkbərova sağ olsaydı, bu dəqiqə Röya ilə qırğındaydı. Röya Şövkəti söymüşdü. Qulu Əsgərov sağ olsaydı, İzzət Bağırov ona kəllə atardı. İnsanlar artıq tamam bayağılaşıb. Təcili şəkildə skandal yaradan şouları azaltmaq lazımdır. Bizdə telekanalların çoxusu reytinq xatirinə insanları uçurumdan kəllə-mayallaq aşağı buraxırlar. Mirşahinin "Milli metr", Həmid Herişçinin kinolarımızla bağlı verilişi, reytinq vermədiyi üçün bağlandı. Yalan idi, çünki kimi dindirirdinsə, Mirşahinin, Həmidin verlişindən danışırdı. Telekanallardakı verilişlərin reytinqlərini ingilis şirkəti ölçür. Xalqın işıqlı gələcəyinə xidmət edən verlişlərin reytinq vermədiyini deyirlər.  Belə edirlər ki, masonik təfəkkür beyinlərə otursun. Qiymətimizi özümüz verməliyik, ingilis yox. Onlar kimdirlər ki?! Azərbaycan onsuz da başqa ölkələr kimi qlobollaşmanın qurbanı olacaq. Ancaq zaman qazana  və itkilərimizi azalda bilərik. Övladını tərbiyəsiz cəmiyyətdə böyütmək istəməyən valideyin başqasının övladının tərbiyəsizliyinə göz yummamalıdı. 10 kitabı olan özünə şair görkəmi verən birilə maşında gedirdik. Mən qonaq idim, bir-birimizi tanımırdıq. Qabaq oturacaqda onun 11-12 yaşlı nəvəsi oturmuşdu. Nəvəsi ilə küçə jarqonunda danışırdı, onu bazlığa aparacağını deyirdi. Dözmədim, dedim düz eləmirsən. "Uşaq mənimkdi" deyəndə isə daha sərt üzümü çevirdim. Necə yəni səninkidi?.. Sənin uşağın verdiyin tərbiyəsizliklə böyüsə, sabah mənim uşağımın qarşısna çıxıb ona tərbiyəsizlik edə bilər. Niyə mən bunu bilə-bilə indidən sənin və uşağının ağzından sillə ilə vurmamalıyam? Təbii ki, susdurdum onu. Sonra bir çayxanada oturası olduq. Ətrafımızda yeniyetmələr vardı. Mən onlara Əli bəy Hüseynzadədən danışdım. Dedim çox nəhəng insan olub, dövlətçilik konsepsiyası yaradıb. Bu "şair" yenə dilləndi. Təsəvvür edin ki, Əli bəy Hüseynzadənin heç kim olduğunu dedi. Onu susdurmasaydılar, kobudluq edəcəkdim. Mənim atamı aşağılaya bilərsən, ancaq tarixin sınaqlarından alnı açıq çıxan millətin atasına güldən-ağır söz demək olmaz.

Vəziyyət çox pisdi: Yoxa çıxırıq.

***

Təbii şəkildə insanın edə bildiyi və bilmədikləri var. İnsan daxilindən doğan qabiliyyət və istedad təcrübələrlə forma tapır. Ya da ki, korlaşır. Fərdi inkişafın pik nöqtəsi özünüdərkdir. Dərketmə şəxsi inkişaf və dəyişmənin başlanmasıdır. Bəzi hallarda inkişafın startı üçün güclü motivasiyaya və informasiyalara ehtiyac hiss edirik. İndiki halda dəyişməyə və inkişafa meyilli olsaq da nələrsə buna əngəl olur. Tutub saxlayır, irəli getməyə qoymur. Özünü dəyişdirmək üçün qərar verən insanın ictimai həyatda daha təsirli, məhsuldar və güclü ola bilməsi üçün beyində məlumatların sağlam qiymətləndirilməsi əhəmiyyətlidir. İnsan əldə etdiyi informasiyalarla beynində şəbəkə yaradaraq özünü ya artırır, ya da ki əksildir. Çünki alınan hər məlumat yaxşı deyil. Pis məlumatlar sağlam olmaq üçün verilən "sos" siqnalı kimi qəbul edilməlidir. Beyin tərəfindən mənimsənilən istənilən məlumatlarla dəyişmək insanın özünə verdiyi ən yaxşı hədiyyədir. Cəmiyyəti təşkil edən fərdlərin savadlılıq keyfiyyətisə aşağıdır. Məsələn, əsas məlumat bürosu hesab edilən televiziyalardan cəmiyyətə ötürülən bayağı informasiyalar mənəvi boşluqları doldurur. Bununla yuxarıda qeyd etdiyimiz fikir təsdiq tapır. Əgər çoxluğu ciddi yox, yüngül şoular maraqlandırırsa, demək ki, özünüdərk primitiv həddindədir. "Yeni Müsavat" qəzetinin jurnalisti Emil Salamoğlunun fikirlərinə diqqət edək:

- Bəzi telekanallar mağar təsiri bağışlayır. Efiri açanda adama elə gəlir ki, "palatka" toyundan videoyazıya tamaşa edirsən. Qeyri-peşəkar, işini bilməyən əttökən meyxanaçıları görəndə evdəki televizoru götürüb həyətə tullamaq istəyirsən. Amma indi dövr dəyişib, daha sivil yolu var - pultu götürüb kanalı dəyişirəm. Adam nə qədər oturub bayağı toy mahnılarına qulaq asar? Elə bil telakanal yox, şadlıq evi açıblar. Efirləri "palatka" səviyyəsində olan müğənnilərlə doldurublar. Həftəbecər qazanına oxşayır. İnsan gözü ilə görüb, beyni ilə zövqünü formalaşdırır. Bizdə həmin "kanallar" insan zövqünə mənəvi terrorla məşğuldur. Nəzərə alsaq ki, cəmiyyət arasında kitab oxuyanlarla oxumayanların say müqayisəsində ikincilər üstündürlər, demək ki, əvvəlcədən boş olan mənəvi çuxuru ucuz meyxana və şou verilişlərilə tez dolur. Çox güman ki, əksəriyyət də belələrini sevir. Çünki bu gün mövcud reallıqda ciddi ədəbiyyat və mədəniyyət verilişi onu yayımlayan telekanala reytinq balı verməyəcək. Heç insanlar da baxmayacaqlar.  Bu isə insanları düşdüyü mənəvi boşluqdan çıxara bilməyəcək. Azca hörmət etdiyim kanal varsa, o da Aztv-dir.

Ömər Zamin

P.S: "Böyük yükləri qaldıra bilmək üçün əvvəlcə, onların ortasını tapmaq lazımdır" _İohan Volfqanq Höte

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31