“Aparıcılar ucdantutma savadsızdırlar”-RƏY

Yazıçı-jurnalist Mehriban Vəzir ilə “Ustad dərsi”

Televiziya insan fitrətindən gələn intellektual bir avanqardlıq istəyir. Bəzən də... istedad deyil, sadəcə, istək olur. Fasiləsiz öyrənməklə, mütaliə ilə, görüb götürməklə, özünə güzəştsiz bir həyat rejimi ilə də uğur əldə etmək olar. Bu üsulların ikisi də məqbuldur. Ola bilsin ki, insanın fitri istedadı yoxdur, amma məsuliyyəti, sevgisi, istəyi, özünə və tamaşaçısına hörməti var. Və bunun nəticəsində öz üzərində ciddi şəkildə çalışaraq ortaya yaxşı bir nəticə qoya bilər: yəni seçilən bir televiziya işçisi ola bilər. Bir sözlə, televiziya işçisinin ya istedadı, ya da böyük məsuliyyəti olmalıdır. Təbii ki, ikisi bir yerdə olanda Allah vergisi olur. Əlbəttə, məsuliyyət, mütaliə, müşahidə, daxili mədəniyyət, sevən qəlb... Bu qədərlə də yaxşı nəticələr əldə etmək olar.

Televiziyanın sədrindən tutmuş sıravi müxbirinə kimi hər kəsə ən vacib lazım olan nəsnə azadlıqlardır. Mənim "Həftəaşırı" verilişim niyə məşhur oldu? O dialoqlar 1991-ci ildən başlamışdı. Üçrəngli bayrağımızın ucalan ili idi. Ölkədə milli azadlıq mübarizəsi gedirdi. Biz 70 ildən bəri ürəklərdə yatan sualları verirdik. Tamaşaçı baxır, dinləyir, həyəcanlanır və bizi sevirdi. Çünki tamaşaçı bizim ürəyimizi görürdü, qəlbimizdə özünə olan sayğını, sevgini duyurdu.

Televiziya həm də qəlbləri göstərən cihazdır.

Azadlıqlar və azad seçim insanlarda peşəkarlığı artırır. Azadlıq yaradıcılıq və intellekt meydanı yaradır. Azadlıq zorakılıqları aradan qaldırır. Biz o vaxt azad idik, cəmiyyətin dərdini, dilini bilirdik. Xalqa xalqdan danışırdıq. Xalq onun halını anladanı anlayır. Heç kim başımızın üstündə dayanıb "bunu demə, onu de", demirdi. Çünki bizi tanıyırdılar. Bilirdilər ki, bizə diqtə etmək mümkün deyil. Bizi işdən çıxara bilərdilər, amma xidmətçi edə bilməzdilər. Biz ləyaqətimizdən vaz keçə bilməzdik. Bizim üçün şərəf həyatdan qiymətlidir. Biz həmin dövrdə azad jurnalistikanı yaratmışdıq, azad telejurnalistikanı öz mübarizəmizlə, qəlbimizlə gətirmişdik, bəlkə də bərpa etmişdik - deyək. Və ona xidmət edirdik. Biz azadlığa xidmət edirdik.

Mənim verilişimin uğurunun bir əsas səbəbi var idi. Biz milli azadlıq hərəkatının bir dalğası idik. Kimisi meydanda, biz isə montaj otaqlarında, senzor qapılarında, bir kəlmə uğrunda baş redaktor hüzurlarında savaşırdıq. Və bu savaşda qazandığımız imkanlardan bəhrələnirdik. Azərbaycanda milli azadlıq hərəkatı olmasaydı, biz də olmayacaqdıq. Azadlıq çox böyük nemətdir. Azadlıq ali fürsətdir.

Bu gün xəbər-vətəndaş münasibətləri çox ağırdır: Azərbaycan tamaşaçısı Azərbaycanda yaşayır, lakin Azərbaycana baxmır. Gözü başqa səmtdədir. Fizikası burda, metafizikası uzaqlardadır. Təsəvvür edirsinizmi ingilis İngiltərədə yaşasın, lakin alman xəbərlərinə baxsın. Oralarda bu, mümkünsüzdür. Hər kəs heç olmasa, gündə yarım saat ana xəbər vaxtında öz ölkəsinin xəbər masasına toplaşır. Cəmiyyətin bütün təbəqələri heç olmasa, gündə bir dəfə yarım saat bir səmtə fokuslaşmalıdır. Bu, ictimai vəhdətdir. Belə bir vəhdətin olmaması cəmiyyətin parçalanmış olması, öz -özünü bilməməsi, özü ilə, problemləri ilə məşğul olmaması deməkdir. Azərbaycan xəbər məkanında parçalanmış bir toplumdur. Azərbaycanlı fizikası ilə metafizikası ayrı düşmüş varlıqdır.

Televiziyada bu günkü vəziyyətdən çıxmağın yolları var: Televiziya şirkətlərinə azadlıq verilməlidir. Bu gün telekanallarda azadlıq məhdudlaşdırılmayıb, birdəfəlik aradan qaldırılıb. Belə bir vəziyyətdə təbii ki, yaradıcılıq olmayacaq. Əgər televiziyalara yenidən azadlıq verilərsə, efirdə ən yaxşı aparıcılar olacaq və bu, tamaşaçını yenidən ekrana kilidləyəcək. Vəhdətə gətirəcək.

Sovet vaxtı az-az halda gözəl nitqli müsahiblərimiz olurdu. Azərbaycan dili ölkədə hakim dil olmadığı üçün alimlər belə bu dildə gözəl danışa bilmirdilər. Kameranı görən kimi özlərini itirir, yaxud bir fikri demək üçün 15 dəqiqə çək-çevir edirdilər. Cəmiyyətdə ciddi nitq problemi var idi. Bu da ondan irəli gəlirdi ki, Azərbaycan müstəqil ölkə deyildi. Ümumiyyətlə, yüksək nitq dövlət müstəqilliyinin və açıq cəmiyyətin doğurduğu nailiyyətdir.

O ölkədə ki, ana dili hakimdir, orda tezis nitqi, sərrast ifadə inkişaf edir. Dediyim kimi, sovet vaxtı danışdırmağa adam tapmırdıq. Hətta bəzən kolxozçunu çağırıb, öz işindən, əkin-biçinindən danışa bilmədiyini görəndə özümüz ona mətn yazıb verirdik. 1988-ci ildə, milli azadlıq hərəkatı başlayanda qəribə bir hadisə baş verdi. Hər kəs danışmağa başladı. Dillər açıldı. 70 il boğulmuş insanlar - təhsili olan da, olmayanda yaxşı danışmağa başladı. Bu, cəmiyyətin dil açdığı dönəmdir. Növbəti mərhələdə isə ədəbi-mədəni-siyasi dilin tərəqqisi olmalıydı. İnsanlar tezisvari danışmağı öyrənməli idilər.

2010-cu il parlament seçkilərində müxtəlif zümrədən olan insanların nitqinə tamaşa etdim. Bu namizədlik təbliğatı mənim üçün çox maraqlı mənzərə idi. Namizəd cəmi 4 dəqiqədə özünü ifadə etməli, inandırmalı, etimad qazanmalı idi. Müşahidələrimdən gördüm ki, ictimai nitq sarsılıb. Bu sarsıntını intellektual da, sıravi də, yaltaq da, yalançı da, utanmaz da, rüşvətxor da eyni dərəcədə ağır yaşayıb. Bəla hamıya gəlib.

Televiziya aparıcısı daha savadlı danışmalıdır. Televiziyanın ən mühüm materialı dildir. İndi aparıcılar ucdantutma savadsızdırlar. Nitq yox, səs yox, elm heç yox, mədəni səviyyə yox, sözün yerini-yatağını bilmir. Hətta mənasını bilmir... 10 dəqiqə qulaq as, görəcəksən ki, orta məktəbdə belə yaxşı oxumayıb. Həmin veriliş tamaşaçını yaxalaya bilməz. Hətta deyərdim ki, televiziyaları idarə edənlər həmin televiziyaların savadsız aparıcılarından daha savadsızdır.

Hamısı savadsızlıqdandır. Bir təlimçi dostumla birgə Ağdamın kəndlərindən birində təlimdə idik. Fikir verdim ki, auditoriyada olan qadınların əksəriyyəti "c", "ç" hərflərini düz ifadə eləmir, Naxçıvan "ç"sı işlədirlər. Məəttəl qaldım, axı Qarabağ ləhcəsində bu hərflər belə səslənməməlidir. Naxşıvanda aydındır, bu, regional patologiyadır. Qarabağ ləhcəsinin patologiyası isə "c"nın "j"yə, "b"nin "f"ə çevrilməsidir. Əslən Qazaxdan olan təlimçi yoldaşımdan bunun səbəbini soruşdum. Qısa bir cavab verdi: savadsızlıqdandır. Maraqlı orasıdır ki, bu kimi savadsızlıqların yayıcısı da televiziyalardır. Televiziyalarda nə dil var, nə də dil müəllimi. Dil, ifadə təlimi deyilən bir anlayış isə qətiyyən yoxdur.

Bu günkü kino və teatr sənətinin dili təhrif olunmuş dildir. Televiziyada, teatrda, kinoda zədəli dil normaya çevrilib. Dil həyasızcasına istismar olunur. Aqressiv danışıq tərzi at oynadır. Regional ləhcələr meydan sulayır. Heç baxmağa səbrim çatmır. 3-5 dəqiqə belə dözə bilmirəm. Çünki, o dil, danışıq tərzi, ifadələr, rejissor işi, ssenari sözün həqiqi mənasında məşəqqətdir. O verilişlərə, seriallara baxmaq üçün ya dünyadan xəbərin olmamalı, ya da böyük səbrin olmalıdır. Start verilməkdə olan bu seriallar, bu filmlər cəmiyyəti inkişafa, mədəniyyətə, nəzakətə səsləmir.

Azərbaycanda film, serial ola biləcək əsərlər çoxdur. Gün gələcək, cəmiyyətimiz o əsərlərlə tərbiyələnəcək. Həmidə Xanım Cavanşirin "Xatirələrim" kitabını tərcümə edib nəşrə hazırlayanda redaktorum Ədalət Tahirzadə dedi ki, serial budur, bu çəkilməlidir. Azərbaycan mütəfəkkirlərinin əsərlərindən Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında" romanına baxın. Serial odur, film odur. Öz mütəfəkkirlərimizdən xalqımıza verəcəyimiz çox şeylər var.

Zaman özü hər şeyi həll edəcək. Zamanla bağlı biz heç nə bilmirik. 1987-ci ildə mən düşünürdüm ki, sovetlər birliyi əbədi zindandır və burdan xilas yolu ancaq qaçıb getməkdir. Bu barədə bir hekayəm də vardı. Qaladan qaçmağın yollarını araşdırırdım. Ağlıma da gəlmirdi ki, müstəqilliyə lap az qalıb. Bir il sonra azadlıq hərəkatı başladı. Azərbaycan öz müstəqilliyin əldə etdi.

Televiziyada avtoritetlər olmalıdır. Biz o zaman çalışmağa başlayanda televiziyada nəhəng insanlar var idi. Əgər cəsarət edib qarşılarından keçsək, salam verməyə ürək etmirdik. Onlar rüşvət almırdılar. Yalan danışmırdılar. Kitabları, əsərləri vardı. O müəlliflərin çoxu ləyaqətli insanlar idilər. Aldanıb inanmışlardan idilər. Halal çörək yeyir, dürüst davranırdılar. Yeni nəsil o kişilərə baxıb yetişirdi. Bir müddət sonra onlar qorxaq zümrəyə çevrildilər, azadlıq mübarizəsində iştirak etmədilər, susdular, amma həyasızlaşmadılar, üzə durmadılar, əngəl olmadılar. O, ideal mühit deyildi. Amma hər çevrədə 5-10 nəfər ədalətli insan tapmaq olardı.

Televiziyanın qızıl qaydaları ondan ibarətdir ki, ali, elmi, avanqard mühit olmalıdir. O mühit olmazsa, inkişaf da olmaz. Azadlıqlar olmalıdır. Azadlıq olmazsa, yaradıcılıq olmaz. Böyük müəllimlər olmalıdır. Sıravi müxbir qəlbi ilə əmin olmalıdır ki, onun müəllim bildiyi şəxs dondan dona girmir, bir üzü, bir siması var.
Müəllimlər böyük insanlar olmalıdır. Təkcə televiziyanın deyil, bütün istiqamətlərin qızıl qaydası budur: ömrünü, könlünü haqqa verən insanlar olmalıdır. Belə insanlar cəmiyyəti dəyişir, tərbiyə edir, azadlığa, tərəqqiyə çəkir və böyüdürlər.

Vüsalə Məmmədov kulis.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31