Azərbaycan-Özbəkistan: Etimada əsaslanan iqtisadi kapital- ÖZƏL

"Hər zaman dövlətlərarası münasibətlərdə iqtisadi maraq qədər etimad kapitalı da vacibdir. Etimad kapitalının formalaşmasında hər iki ölkənin Prezidentlərinin qardaşlıq münasibətlərinin müstəsna rolu vardır. Azərbaycanla Özbəkistan arasında bu kapitalın əhəmiyyəti kifayət qədər əlahiddədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Bu gün iki ölkə arasında olmuş qədim əlaqələr tamamilə yeni iqtisadi məzmun qazanmağa başlamışdır. Azərbaycan və Özbəkistan artıq yalnız eyni tarixi-mədəni məkanın iki ölkəsi deyil. Onlar Xəzərin iki tərəfində formalaşan yeni Avrasiya iqtisadi arxitekturasının mühüm iştirakçılarıdır.

Özbəkistan üçün Azərbaycan Qərbə çıxış istiqamətində mühüm logistika qapısıdır. Azərbaycan üçün isə Özbəkistan 38 milyona yaxın əhalisi, sənaye potensialı və Mərkəzi Asiyanın mərkəzində yerləşməsi ilə böyük bazar və iqtisadi tərəfdaşdır. Bu baxımdan Orta Dəhliz tarixi İpək Yolunun sadəcə müasir nəqliyyat versiyası deyil. O, Mərkəzi Asiya ilə Cənubi Qafqazın yenidən vahid iqtisadi məkan kimi formalaşması prosesidir. Bu prosses sürətlə irəliləyir. Bütöv Türk Dünyasının güclənməsində Azərbaycan-Özbəkistan münasibətləri xüsusi çalarlara sahibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31