Zifaf gecəsi

Tom Houkins

Min doqquz yüz əlli üçdən bəri axtardığım qızın gəlib çıxmasını gözləyərək bu avtobus vağzalında qəzet köşkündə işləyirəm. İşə başladığım vaxt divardakı boya hələ yeni idi və açıq yaşıl rəngdəydi. Koreya savaşından qayıdan əsgərlər siqaret alırdılar, zamanla bütün qoşun növlərinin rütbə nişanlarını öyrəndim.Bir dəfə qəhvəyi rəngli pencək geymiş ağ bir oğlan məni qarət elədi. Hərif ağzında qalan iki dişini mənə göstərdi və sarğı ilə dolanmış kiçik avtomatının lüləsini qəlbimə dirədi. Olanımı ona verdim, amma əsla qorxmadım. Güman ki, məndən fərqli deyildi və mən piştaxtanın arxasında ölərkən o, cibindəki bir neçə dollarla uzaqlaşıb gedə bilərdi.İkimiz də eyni şeydik.

Nə isə, pulu ona verərkən özümü daha zəngin hiss elədim - üç yüz iyimi üç dollar - və polisləri çağırmadan getməsinə izn verdim.Onun tutulduğundan heç xəbərim olmadı, sonra başqa bir ştatda (deyəsən, Yutada) həbs olunduğunu eşitdim. Sonralar Kanzasda, bir hava limanındakı park yerində meyitinin tapıldığından xəbər tutdum. Bilmirəm, bəlkə də sağdır, hələ də oralarda əl-qolunu yelləyərək gəzişir. O, geri qayıdıb bu gecə məni yenə qarət edə bilər, ya da vurub öldürə bilər. Avtobus vağzalında hər şey ola bilər.

Min doqquz yüz altmışlarda "hippi" dediyimiz pərişan görkəmli gənclər vardı. Bankların damında, yataq kisələrinin içində mürgüləyərdilər. Yanlarında bel çantaları və çadırları olardı.

Məhz o vaxtlar uzun saçlı oğlanlardan bezmiş, yollarda sürünməkdən yorulmuş, gözlədiyim qızın yanıma gələcəyini, mənimlə evə gedəcəyini, əlimi tutacağını, mənimlə qıvrılıb yatağa girəcəyini, qıjıldayan çarpayı yayların üzərində mənimlə yatacağını düşünməyə başladım.Gözümü dörd açdım. Bir gün gənc bir qadın gördüm. Görünüşündən uzun zamandır yorğun olduğu və bir dosta ehtiyac duyduğu anlaşılırdı. Ona bir sendviç, qəhvə və bir stəkan fındıq şirəsi aldım. Üstəlik, bir neçə aspirin, süd, bir dırnaq qayçısı, bir də köynək.Ona dincələ biləcəyi və istədiyi qədər qala biləcəyi bir yerim olduğunu söylədim. Bəli, evim çox xoş yer deyildi, bircə otaqlı, amma mənim olan nə vardısa, onundu.Evin təmiz olduğunu bilirdim, qızı görməyimdən bir gün öncə qaldığım yeri təmizləmişdim.Saçlarımı oxşadı və sevgi dolu bir qəlbə malik olduğunu söylədi. Yarım gün yatmaq məcburiyyətində olduğunu, sonra gedəcəyini dedi.Onu evə apardım. Yataqda qıvrılıb ağlamağa başladı. Mənə "çox, çox, mərhəmətli" olduğumu söylədi. Sonra meyit kimi yatdı. Yerdə, onun yanında uzandım. Ona orada qalacağını demişdim.Gecəyarısı od içində oyandım, otaq başıma fırlanırdı. Düşünmək halında deyildim. Hava boğucu idi, yataqda uzandım. Qız hələ də paltarını soyunmamışdı. Heç oyanmadı, içini çəkib çevrildi. Səhər yuxudan duranda çıxıb getmişdi.Burada min doqquz yüz əlli üçdən bəri işləyirəm. Hələ də axtardığım qızı gözləyirdim. Məncə, o gəlmişdi. Bəzi uğurlu evliliklər uzun sürmür.

Çevirdi: Əziz Rzazadə kulis.az

Qeyd: Tomas Donald Houkins (1927-1988) amerikalı yazar. Tom Houkins və Tomas Pinçon imzaları ilə tanınmasından başqa, "short story" (kiçik hekayə) janrının mahir ustalarından biri sayılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31