Elza Seyidcahan konsertdə iftar da verəcək
23 İyul 2013 12:51 Mədəniyyətİyulun 27-si Xəzər sahilində yerləşən istirahət məkanlarının birində "Bir damla su" adlı möhtəşəm şou konsert proqramı ilə çıxış edəcək əməkdar artist Elza Seyidcahan konsertinin təfərrüatlarını "OLAYLAR"la bölüşüb. Müğənni suya həsr etdiyi konsertində tamaşaçılar üçün gözlənilməz sürprizlər təqdim edəcəyini bildirib. Onun səhnəyə çıxmasından əvvəl moda sərgisi, rəsm əsərləri, sehrbazların maraqlı nömrələri nümayiş etdiriləcək. Daha sonra əməkdar artist Elman Əzimovun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə səhnəyə çıxacaq. Həm repertuarındakı mahnıları, həm də xalq, bəstəkar və türk mahnılarını canlı ifa edəcək müğənni səhnəni ara-sıra duet oxuduğu həmkarları ilə də bölüşəcək. Ola bilsin ki, oğlu Ələkbər də müğənni kimi səhnəni anası ilə bölüşsün. İfaçı qonaqlar sırasında Elza xanımın bacısı Rasimə Muradova da solo ifa nümayiş etdirəcək. Seyidcahanın konsertinə millət vəkili Qənirə Paşayeva, bəstəkarlar Arif Məlikov, Siruz Abasbəyli, xalq artisti İlhamə Quliyeva, əməkdar artistlər Mətanət İsgəndərli, Gülyaz və Gülyanaq Məmmədovalar, modelyer Gülnarə Xəlilova kimi tanınmışlar qonaq qismində iştirak edəcəklər. "Su təmizlik rəmzidir. Yer kürəsi yeganə planetdir ki, Allah su ilə təmin edib. Suyun qədrini bilmək lazımdır"-deyə, su haqda düşüncələrini açıqlayan Elza xanım qonaqlarına su rəmzi daşıyan xüsusi hədiyyələr təqdim ediləcəyini qeyd edib. Bundan başqa, az müddət əvvəl ad gününü qeyd etmiş müğənni, əsl ad günü tortunu sürpriz şəkildə məhz həmin konsertdə kəsəcək.
Qeyd edək ki, konsert keçirilən məkanda konsertə tamaşa etməyə gələnlər arasında oruclu olan qonaqlar üçün xüsusi iftar süfrəsi təqdim olunacaq.