İsveçrənin Lokarno şəhərində 66-cı beynəlxalq kinofestival başlayacaq

Cari il avqustun 7-də İsveçrənin Lokarno şəhərində 66-cı beynəlxalq kinofestival başlayacaq. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 1946-cı ildən etibarən keçirilən Lokarno festivalı "A" kateqoriyasına (Kann, Berlin, Venesiya festivalları ilə bir sırada) aiddir. Bu kino bayramı filmlərin nümayişlərinin açıq hava altında təşkil olunması kimi özəlliyi ilə fərqlənir.
Avqustun 17-dək davam edəcək 66-cı Lokarno Beynəlxalq Festivalının müsabiqə proqramında Azərbaycan filmi də yer alıb.
Gənc rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlin "Buqələmun" adlı tammetrajlı bədii filmi festivalın rəsmi müsabiqə proqramına daxil edilib və filmin dünya premyerası məhz festival çərçivəsində olacaq.
Kinofestivalın müsabiqə proqramına 16 film daxil edilib.
"Adari Films prodakşn" şirkətinin istehsalı olan filmin prodüseri İradə Bağırzadədir. Eyni zamanda, "Arizona Productions" (Fransa) və "Vita aktiva" (Rusiya) şirkətləri ilə filmin postprodakşn işləri görülüb.
Qeyd edək ki, Azərbaycan Prodüserlər Gildiyasının "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan "Adari Films" şirkətinin altı qısametrajlı novelladan ibarət "Motivlər..." layihəsi çərçivəsində çəkilişlərə start verilib. Layihə üzrə ilk olaraq Rüfət Həsənovun "Bazar günü" filmi lentə alınacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31