Diaspor təşkilatları Azərbaycan mədəniyyətinin təbliğində fəal rol oynayırlar

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkəmizin zəngin tarixi-mədəni irsimizin təbliği və Azərbaycan mədəniyyətinin tanıdılması prosesində də yaxından iştirak edirlər. Bu məqsədlə soydaşlarımız yaşadıqları ölkələrdə dövlət və ya qeyri-dövlət səviyyəsində keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edir, mədəniyyətimizi təbliğ edirlər. Bu istiqamətdə Birləşmiş Ştatlardan fəaliyyət göstərən Azərbaycan diasporu da xüsusi fəallıq göstərir. Azərbaycan mədəniyyətinin təbliğ edilməsi və tanıdılmasında hər il ənənəvi olaraq paytaxt Vaşinqtonda keçirilən Türk festivalını xüsusi qeyd etmək yerinə düşər. Artıq bir neçə ildir ki, Vaşinqtonda keçirilən Türk festivalında Azərbaycan da stendlər və sərgilərlə təmsil olunur. Bu il də Birləşmiş Ştatlarda fəaliyyət göstərən Qarabağ Fondu Türk festivalında Azərbaycana həsr edilmiş sərgi ilə iştirak edib. Sərgini ziyarət edənlər Azərbaycanın mədəniyyəti və tarixinə dair kitablar və sənət nümunələri ilə tanış olublar. Festivalın konsert proqramında isə Birləşmiş Ştatlarda təhsil alan azərbaycanlı tələbələr İkram Cəlil və Şahin Ələkbərovun ifasında Azərbaycanın milli rəqsi təqdim edilib. Birləşmiş Ştatlarda fəaəliyyət göstərən diaspor təşkilatları Türk festivalının təşkilində və keçirilməsində artıq bir neçə ildir sponsor kimi iştirak edir. ABŞ azərbaycanlıların şəbəkəsi USAN və digər diaspor qrupları festivallara dəstək və yardım göstərir. Türk festivalına dəstək bildirən böyük və kiçik biznes şirkətləri həm də burada reklam yerləşdirmək imkanı əldə edir. Birləşmiş Ştatlarda yaşayan azərbaycanlılar da bu imkandan istifadə edərək, 10-cu Türk festivalında öz stendlərini nümayiş etdirib. Amerikada yaşayan azərbaycanlı hüquqşünas İsmayıl Şaxtaxtinskinin hüquq-məsləhət şirkəti həm Türk festivalının sponsoru olub, həm də festivalda stendlə çıxış edib. Virciniya ştatında yaşayan azərbaycanlı daşınmaz əmlak agenti Ələsgər Fərhadovun da festivalda biznes stendi yerləşdirilib. Məlumat üçün qeyd edək ki, oktyabr ayında Birləşmiş Ştatların Texas ştatında keçiriləcək Türk festivalında da Azərbaycan geniş təmsil olunacaq.
Kaliforniya ştatının Stanford Universitetində "Azərbaycan musiqisi və mədəniyyəti" kursu üzrə təhsil alan tələbələr Azərbaycan musiqisindən ibarət konsert proqramı hazırlayıb. Azərbaycanın tanınmış kaman ustası İmamyar Həsənovun rəhbərliyi altında tələbələr "Çahargah" və "Heyratı" muğamları, habelə "Qubanın ağ alması", "Sarı gəlin" və "Laçın" kimi Azərbaycan xalq mahnılarını ifa ediblər. Azərbaycandan tarzən Rüfət Həsənov və muğam ifaçısı Səbuhi İbayev video vasitəsilə canlı konsertə qoşularaq musiqi ifa ediblər. Konsertdə iştirak edən Stanford universitetinin tələbə-müəllim heyəti musiqiçiləri alqışlarla qarşılayıb. Qeyd edək ki, "Azərbaycan musiqisi və mədəniyyəti" tədris kursu Satanford universitetinin Musiqi fakültəsində 2013-cü ilin aprel ayında yaradılıb. Azərbaycan musiqisi haqda mühazirələr və musiqi dərslərindən ibarət kurs Amerikanın bu ən nüfuzlu universitetlərindən birində ilk dəfədir ki yaradılır. Tədris kursunu Stanford universitetini 2009-cu ildə bitirmiş amerikalı azərbaycanlı Kristal Bargeleme və İmamyar Həsənov aparır. Təhsil aldıqları müddətdə tələbələr Azərbaycan musiqisi və mədəni irsi ilə yanaşı Azərbaycan musiqi alətlərində musiqi ifa etməyi öyrənirlər.
Florida ştatının Mayami şəhərində isə azərbaycanlı rəssam Yavər Rzayevin "Könlüm keçir Qarabağdan" sərgisi nümayiş etdirilib. Ağdamın işğalının 19-cu ildönümünə həsr edilmiş tədbir çərçivəsində keçirilmiş sərgidə Birləşmiş Ştatlarda yaşayan Azərbaycan icmasının üzvləri və yerli rəsmi idarələrin nümayəndələri iştirak edib. "Könlüm keçir Qarabağdan" sərgisi ilk dəfə olaraq Birləşmiş Ştatların Qarabağ Fondunun dəstəyi ilə paytaxt Vaşinqtonda göstərilib. Qarabağ Fondundan təklif alan rəssam sərgi üçün yeni şəkillər çəkmək qərarına gəlib və sərginin adını Səməd Vurğunun ölməz "Azərbaycan" şerinin misralarından götürüb. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi nəticəsində hazırda Ağdama gedə bilməyən Yavər Rzayev doğma torpağa xəyallarında və rəsmləri vasitəsilə səfər etdiyini deyib.
Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində diaspor təşkilatlarının kampaniyası nəticəsində bir sıra ştatlarda 28 May Azərbaycanın Milli günü elan edilib. Birləşmiş Ştatlarda və Kanadada fəaliyyət göstərən Pax Turcica təşkilatının kampaniyası nəticəsində ABŞ-ın bir sıra ştatlarında 28 May Azərbaycanın Milli günü kimi tanınıb. Azərbaycan Demokratik Respublikasının yaradılmasının ildönümü münasibətilə diaspor üzvlərinə təbrik məktubunda bildirilir ki, müvəffəq kampaniyanın nəticəsi olaraq Amerika Azərbaycan Cəmiyyəti Birləşmiş Ştatlarda Azərbaycan Demokratik Respublikasının irsini qoruyub saxlayan ilk və yeganə Azərbaycan diaspor təşkilatı kimi tanınır. Azərbaycanın Milli gününün tanınmasına dair sənədlər Nyu Cersi, Rod Aylend, Konnektikut, Nyu York və Kaliforniya ştatları tərəfindən qəbul edilib. Sənədlər Birləşmiş Ştatların Nyu Cersi ştatının parlamentini spikeri Şeyla Oliver, Rod Aylend ştatının qubernatoru Linkoln Şafe, Konnektikut ştatının qubernatoru Dannel Malloy, Nyu York ştatının qubernatoru Endrü Quomo tərəfindən imzalanıb. Bu sənədlərdə ADR-in müsəlman şərqində ilk demokratik dünyəvi respublika olduğu qeyd edilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək bildirilir, Qarabağ və Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğu göstərirlir. Amerika Azərbaycan Cəmiyyəti və Azərbaycan Amerika Şurasının səyləri nəticəsində Azərbaycanın Respubklika günü münasibətilə okeanın o tayında işıq üzü görən kütləvi informasiya vasitələrində müxtəlif məqalələr də dərc edilib.
Los-Anjelesdə isə Hollivudda ilk dəfə olaraq Azərbaycan kinosu gecəsi keçirilib.Amerikalı tamaşaçılar Birləşmiş Ştatların AGS və Azərbaycanın GA studiyaları tərəfindən istehsal edilmiş "Azərbaycan haqqında" adlı sənədli film və rejissor Samir Kərimoğlunun "Niyyət" kino-filmi ilə tanış olmaq imkanı əldə ediblər. Tədbir Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə Azərbaycan Respublikasının Los-Anjelesdəki konsulluğu və Amerika Azərbaycan Şurası tərəfindən təşkil edilib. Hollivudda ilk Azərbaycan kinosu gecəsi "Şərq Qərbə qovuşur" adı altında keçirilib.
Amerika Azərbaycan Cəmiyyəti və Azərbaycan Amerika Şurasının səyləri nəticəsində Azərbaycanın Respublika günü münasibətilə Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlılar bələdiyyə binasının qarşısında Azərbaycan bayrağının qaldırılması mərasimində iştirak edib. Tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası və yeni yaranmış Kanada Azərbaycanlı Gənclər şəbəkəsi tərəfindən təşkil edilib. Tədbirdə Kanadada yaşayan Azərbaycan icmasının təxminən 50 üzvü iştirak edib.Toronto Universitetində Azərbaycanlı Tələbələrin Assosiasiyasının prezidenti İsgəndər Qədirzadə toplaşanlar qarşısında çıxış edərək, Azərbaycan Demokratik Respublikasının tarixi və mövcud olduğu qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən danışıb. O, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib Yusifbəyli, Əli Ağa Şıxlinski, Səməd bəy Mehmandarov və Azərbaycan milli hökumətinin digər üzvlərinin 20-ci əsrin əvvələrində Azərbaycana demokratiya, bərabərlik, çoxmədəniyyətlilik və dövlətçilik ideyalarını gətirərək, bu ideyaları inkişaf etdirə bilməsindən söz açıb. İsgəndər Qədirzadə, millət atalarının öz ideyalarına sadiq qalan professional və demokratik düşüncəli, eyni zamanda vətəni sevən insanlar olduğunu qeyd edib. Bayrağın qaldırılması mərasimindən sonra Toronto Universitetində icma forumu keçirilib. Azərbaycan icmasının gələcək planları, problemləri və qayğılarının müzakirəsi məqsədilə keçirilən forumda yeni yaranmış Kanada Azərbaycanlı Gənclər Şəbəkəsinin təqdimatı olub. Yeni yaranmış təşkilat Azərbaycanın Kanadada tanınması, eyni zamanda, Kanadada azərbaycanlı icma üzvlərinin ölkənin ictimai həyatında daha fəal rol oynaması üçün fəaliyyət göstərilməsini qarşısına məqsəd qoyub. Kanadada nəşr edilən bir sıra mətbuat orqanlarında da Azərbaycanın Respubklika günü münasibətilə müxtəlif məqalələr də dərc edilib.
Kaliforniyada İrvin universitetində Azərbaycan Respublikasının 95 illiyi münasibətilə tədbir keçirilib. İrvin Universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirə Azərbaycan, türk və yəhudi icmalarının üzvləri qatılıb. Azərbaycanlı Tələbə Assosiasiyasının üzvü, Dövlət siyasəti üzrə namizədlik dərəcəsi almış Aytən Nəbiyeva toplaşanlara müsəlman aləmində ilk dünyəvi respublika olan Azərbaycan Demokratik Respublikasının fəaliyyətləri ilə bağlı məlumat verib, gənc respublikanın təhsil və mədəniyyət sahələrinə verdiyi töhfələri qeyd edib. Tədbirdə çıxış edən Amerika Azərbaycan Şurasının baş direktoru Cavid Hüseynov Azərbaycan Demokratik Respublikasının mürəkkəb siyasi şəraitdə yaradılmasına baxmayaraq, güclü demokratik təsisatlar qura bildiyini, bütün insanlara bərabər hüquqlar təmin etdiyini xüsusi vurğulayıb. Cavid Hüseynov 1919-cu ildə Paris konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra ABŞ prezidenti Vudro Vilsonun heyət üzvlərinin istiqlal, ədalət və hüquqlar kimi məsələlərdə birgə baxışları bölüşdüyünü qeyd etməsini xatırladıb. Mumat üçün qeyd edək ki, Kaliforniyanın İrvin universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Assosiasiyası Azərbaycanın irsi, mədəniyyəti və tarixi haqda məlumatların artırılması məqsədilə yaradılıb. Assosiasiyanın həmtəsisçiləri Rəfiqə Qurbanzadə və Nazilə Həsənovadır.
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31