Azərbaycanlı aktrisa: "O, mənə xəyanət etdiyinə görə ondan ayrılmaq qərarına gəldim"

Əməkdar artist Mehriban Xanlarovanın Milli.Az-a müsahibəsi.

- Aktrisa olmaq istəyi sizdə uşaqlıq illərindən olub?

- Xeyr, qəti bir qərarım yox idi ki, məhz aktrisa olacağam. Sadəcə olaraq, belə alındı ki, 18 yaşım olanda məni Moskvadan bir filmin baş roluna təsdiqlədilər. "Sarıköynək" adlı filmdə baş rolu ifa etdim. Çox da uğurlu alınmışdı. Bu filmdən sonra Şəfiqə Məmmədovanın məsləhəti ilə sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim və qəbul oldum.

- Həmin anlarda sizə kimlər dəstək oldu?

- Həmişə demişəm, bu gün də deyirəm ki, mən Şahmar Ələkbərov, Ənvər Əbluc və s. kimi insanların çörəyini yeyirəm. Çünki onlar mənim bir aktirsa kimi üzə çıxmağımda çox böyük rol oynayıblar. Eləcə də, Şəfiqə Məmmədova, Məlik Dadaşov və s. kimi sənətkarlar mənim sənətimə qiymət veriblər. Bir sözlə, mənim bu yerə gəlib çıxmağımda əməyi və zəhməti olan bütün insanlara minnətdaram.

- Bugünkü günə gəlib çatmaq üçün çox əziyyət çəkmisiniz?

- Bəli, çox əziyyət çəkmişəm. Mən evin həm, qadını, həm də kişisi olmuşam. Bütün yük və məsuliyyət mənim üzərimdə olub. İnanın, elə vaxtlarım olub ki, işə getməyə yol pulu tapa bilməmişəm, piyada getmişəm.

- Açıq-saçıq səhnələrdə oynamağa münasibətiniz necədir?

- Bir aktrisa kimi normaldır. Xatırladım ki, mən özüm də "fahişə" rolunu oynamışam. Kənardan tənqid edənlər də olub, bəyənənlər də. Amma ən azından tənqid olunmuşamsa, deməli, yaxşı oynamışam.

- Kifayət qədər filmlərdə rol almısınız. Bəs seriallarda niyə görünmürsünüz?

- İndiki serialların keyfiyyəti və çəkilişi, ümumiyyətlə, bizim rejissorların iş prinsipi məni qane etmir. Əksər rejissorlar çəkdikləri seriallara öz tanış-bilişini, qohumunu, dostunu və s. dəvət edirlər. Sənətdən anlayışı olmayanların seriala çəkilməyi nə dərəcədə düzgündür?.. Ona görə də illərdir ki, səhnədə "can" qoyan aktyor və aktrisalar kölgədə qalırlar.

- Həyat yoldaşınızdan ayrılmağınıza səbəb nə oldu?

- O, mənə xəyanət etdiyinə görə ondan ayrılmaq qərarına gəldim.

- Ondan sonra heç kəsi sevməmisiniz?

- Xeyr, qətiyyən sevə bilmədim. Ola bilər ki, içimdə kiməsə qarşı bir sevgi olub, amma onu deyə bilməmişəm və o sevgi, o istək tədricən "ölüb". İndi qəlbimdəki boşluq nəvələrimin sevgisi ilə dolub.

- Tənhalıq sizə baha "oturdu"?

- Tənhalıqdan çox qorxuram... Bəli, deyərdim ki, mənə çox ağır gəldi.

- Tənha keçirtdiyiniz gecələrdə nə düşünmüsünüz?

- Düşünmüşəm ki, kaş mənim də yanımda bir nəfər olub mənə diqqət və qayğı göstərərdi. Həmin gecələr adi bir sığala da çox ehtiyacım var idi.

- Dini inanclarınız güclüdür, deyəsən...

- Bəli, artıq neçə ildir ki, namaz qılıb, oruc tuturam. Şükürlər olsun ki, mənə müqəddəs Kəbə evini ziyarət etmək də qismət olub.

- Kaş ki... Bu ifadəni necə tamamlayardınız?

- Kaş ki, bu sənəti seçməzdim. Kaş ki, aktrisa yox, başqa peşənin sahibi olardım.

- İndi "həyat səhnəsi"ndə hansı "rol"u oynamaqdasınız?

- Özündən çox özgələrin halına yanan, insanların dərdinə şərik olmağa çalışan və hamıya inanan bir insan rolunu.

- Bu səmimiliyinizdən sui-istifadə edənlər olur?

- Olur, özü də çox olur. Mən hər kəsə tez inanıram. Ona görə də məni aldatmaq həddindən artıq asandır.

- Hansı aktrisaların oyununa həsəd aparmısınız?

- Şəfiqə Məmmədova, Firəngiz Mütəllimova və s. kimi aktrisaların oyun tərzi məni həmişə valeh edib. İfasını bəyəndiyim aktirsaların adlarını bir-bir çəksəm, bu siyahı kifayət qədər böyük olar.

- Pərəstişkarlarınız bu yaxınlarda sizdən hansı yenilikləri görə biləcəklər?

- Yaxınlarda "Biri var idi, biri yox idi..." adlı yeni bir seriala dəvət almışam. Tezliklə çəkilişlərə start verilməlidir.

Cavidan Abdullayev
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31