İlhamə Quliyeva Çingiz Qənizadənin cavabını verdi

Son zamanlar səsləndirdiyi fikirlərə görə millət vəkili Çingiz Qənizadə tərəfindən tənqid olunan müğənninin mətbuat katibi Faiq Ələkbərov media orqanlarının birində qarşı tərəfin səsləndirdiyi fikirlərə münasibət bildirib

Bir neçə gün öncə media orqanlarının birində Çingiz Qənizadə Xalq artisti İlhamə Quliyevanın titulları haqda fikir səsləndirərkən onların "Sədərək" və "Binə" ticarət mərkəzlərində 3-5 manata satıldığını deyərək bu titulların saxta olduğunu vurğulamışdı. Millət vəkili daha sonra 70 yaşlı müğənninin 40 yaşlı sevgilisi ilə gündəmə gəldiyini deyərək onu məhkəmə ilə hədələyib. Səslənən son fikirlərlə əlaqədar qarşı tərəfin də münasibətini öyrənmək üçün Xalq artisti ilə əlaqə saxladıq. İlhamə xanım "mən artıq bu haqda danışmayacağam. Nə sualınız varsa mətbuat katibimlə əlaqə saxlayın" dediyi üçün Faiq Ələkbərovla bağlantı yaradaraq səslənən fikirlərə qarşı tərəfin münasibətini öyrəndik: "Hərənin səviyyəsi bir cür olduğunudan hər kəs bunu bir cür qəbul edir. Çingiz Qənizadə İlhamə xanıma bir sıra mötəbər təşkilatlar, həmçinin dövlət tərəfindən verilən mükafatları bu cür qiymətləndirirsə bu onun şəxsi işidir. İlhamə xanımın hansı mükafatı 3-5 manata alınıb? O zaman belə çıxır ki, bütün müğənnilərin mükafatı saxtadır. Yəqin Çingiz Qənizadəyə 3-5 manatlıq mükafatlar verilib, ona görə də bu cür düşünür. İlhamə xanım bizim sənət kraliçamızdır. Onun əlində nəsə dəlil varsa bizə təqdim etsin görək hansı mükafatı 3-5 manata almışıq. Bütün titulların sənədləri əlimizdədir. Onlardan heç biri saxta deyil. Prezidentimiz də onu yüksək səviyyədə qiymətləndirir. Dövlət, rəsmi orqanlar, mötəbər təşkilatlar tərəfindən verilən mükafatları şübhə altına almaq olmaz".

F.Ələkbərov Çingiz Qənizadənin səsləndirdiyi digər fikrə münasibət bildirərkən haqqında söhbət gedən 40 yaşlı kişinin İlhamə xanımın həyat yoldaşı olduğunu dedi: "Sevgi, istək və məhəbbət yaşa baxmır. Qadın hər yaşda sevə bilər. Haqqında söz açılan şəxs İlhamə xanımın həyat yoldaşıdır. O, özü sevgilim deyə onu təqdim edir. Burda nəsə qeyri-adilik yoxdur ki".

Qarşı tərəf məhkəmədən çəkinmədiklərini də vurğuladı: "Buyursun versin. Bizim dəyərlərimiz var. Qanun sonda öz hökmünü çıxaracaq". ( "OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31