Müğənnilərin qalmaqalı cəmiyyətin probleminə çevrilib

Ailənin nə olduğunu biməyən manıslar insanlara əxlaq dərsi keçir

Bizim xalq artistlərimiz mədəniyyət və incəsənətdən başqa nəyə desən xidmət edirlər. Şəxsi maraqlara, siyasi dairələrə və hətta xarici kəşfiyyat orqanlarına. Azərbaycan müstəqillik əldə etdikdən, mədəni siyasətimiz pərən-pərən olduqdan sonra belə hallarla dəfələrlə rastlaşmışıq. Əslində vahid mədəniyyət strategiyası olmayan ölkələrdə belə faktların qeydə alınması təbii qəbul edilməlidir. Sənətçilər dövlət, dövlətçilik məsuliyyətini hiss etmədikdə, çiyinlərində bir vətənpərvərlik öhdəliyi daşımadığı halda onlardan nəsə tələb etmək də yersiz görünür. Bəs, nədir səbəb, kimdir günahkar ki, sadə insanlar sıradan fərqləndirdikləri incəsənət xadimlərinin qəzəbinə tuş gəliblər? Öz şənliklərinə dəvət edərək maddi tələbatını təmin etdikləri, dövlətin ən ali fəxri adlarla təltif etdiyi sənət adamlarından hər gün etikaya sığmayan ifadələri eşitmək zorunda qalıblar?

Əslində vəziyyətin belə acınacaqlı səviyyəyə çatmasında cəmiyyətin hər bir üzvü günahkardır. Jurnalistindən tutmuş millət vəkili, hüquq mühafizə orqanına qədər cəmiyyətin bütün təbəqəsi baş verən proseslərin kritik həddə çatmasında özünü günahkar hesab etməlidir. Çünki, bir çox hallarda cəmiyyətin ayrı-ayrı üzvləri harınlamış, əxlaqı, davranışı, danışığı ilə mənfi tendensiyaların əsasını qoyan sənət adamlarını ictimai qınağa çəkmək əvəzinə, bilərəkdən, yaxud bilməyərəkdən özləri bu mənəviyyatsızlığın oyunçularına çevrilirlər. Elə götürək, xalq artistləri Brilliant Dadaşova-Aygün Kazımova, Faiq Ağayev-Flora Kərimova, Nazpəri Dostalıyeva-İlhamə Quliyeva qalmaqallarını. Sadalanan sənət adamları arasında yaranan qalmaqalın bu həddə çatmasında elə hamımızın günahı var. Məsələn, Aygün Brilliantın xiyarla şəklini sosial şəbəkədə paylaşanda jurnalistlərimiz bu addımın qeyri-etik olduğunu onun nəzər diqqətinə çatdırmaq əvəzinə Brilliantdan cavab almaq üçün sanki yarışa girmişdilər. Yaxud, Nazpəri-İlhamə "duetində" hüquq mühafizə orqanları elə vəziyyətə düşmüşdülər ki, onlar üçün hansı qərarı vermək həyatları qədər əhəmiyyət daşıyırdı. Gör, işin harasıdır ki, Azərbaycan hakimiyyətinin üçüncü qanadı olan məhkəmə hakimiyyəti davranışları hamıya bəlli olan iki müğənni qarşısında acizlik nümayiş etdirir. Belə məlum olur ki, hazırda cəmiyyətin ən təhlükəli, səssiz-səmirsiz başkəsənləri elə harınlamış incəsənət nümayəndələridir. Kimi istəsələr aradan götürərlər, kimi istəsələr içəri atdırarlar, hansı işi istəsələr xeyirlərinə aşıra bilərlər və sair. Ağzını açan jurnalistləri isə istədikləri vaxt təhqir edə, istədikləri vaxt susdura bilərlər. Dəhşət orasındadır ki, hazırda cəmiyyət sözügedən müğənnilərin müdafiəsi sahəsində az qala iki cəbhəyə bölünüb. Sanki onların yolunda bir-birlərini didməyə, bir-birlərinin ətini yeməyə belə hazırdılar. Çox təəssüf ki, belələrinin sırasında ziyalılarımız, sayılıb-seçilmişlərimiz də yox deyil. Gəlin etiraf edək ki, bəzi sənət adamlarının bu qədər şişməsi, əndazəni aşmasında biz jurnalistlərin də "xidməti" az deyil. Biz belələrini ən vacib məsələlər zamanı dəvət edir, münasibət öyrənir, söz yığnağını informasiyaya çevirib cəmiyyətlə paylaşırıq. Heç bir səviyyəsi olmayan şəxsləri qaldırıb dağ başına qoyuruq, populyarlaşdırıb cəmiyyətə sırıyırıq. Telekanallarımız isə mədəniyyət verilişlərindən başqa bütün verilişlərə müğənniləri dəvət edirlər. Təsəvvür edin ki, Azərbaycanda ayrı-ayrı sahələr üzrə mütəxəssislər kənarda qalır, Rəqsanə "Novruz" bayramının atributlarını izah edir, Pişik Günel milli-mənəvi dəyərlərdən mühazirə oxuyur. Mənəvi, əxlaqi, ailə verilişlərində hüquqşünaslar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri kənarda qalır, ailənin nə olduğnun heç fərqinə varmayan müğənnilər kimlərisə səhv etməkdə ittiham edir, cəmiyyətə əxlaq dərsi keçirlər. Nümunəvi ailələr isə verilişin reytinqi xatirinə xalq artisti Habil Əliyev timsalında gözdən salınır. Telekanallarımız musiqi savadı olmayan, notun nə olduğunu bilməyən müğənnilərin bahalı maşını, dəbdəbəli mənzili, hansı bahalı oteldə dincəlməsi, hansı brend paltarları geyinməsini nümayiş etdirməklə gənclərin zövqünü korlayır. Məlumat üçün qeyd edək ki, dünyanın istənilən ölkəsində incəsənət nümayəndələri arasında qalmaqal yaşanır. Ancaq onlar bizimkilərdən fərqli olaraq şəxsi problemlərinin həlli məqsədilə siyasi statuslarından dövlət və ictimai xadimlərinin adından istifadə etmirlər. Bizdə isə mədəniyyət xadimləri siyasi gedişlər etməkdə ustalıq nümayiş etdirirlər. Öz prinsiplərini yeritmək məqsədliə dövlət xadimlərindən tutmuş cəmiyyətin ən nüfuzlu şəxslərinə qədər dayaq axtarırlar. Vəziyyət o həddə çatıb ki, Nazpəri-İlhamə qalmaqalında məsələnin mahiyyəti kənarda qalıb, ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev, ölkənin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın adından istifadə cəhdləri müşahidə olunur. İnandırım ki, əgər belələrinə lazim olduğundan artıq diqqət göstərməsək, çox asanlıqla onların yerində oturmasına nail ola bilərik.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31