Simarə İmanova: "Səs olmasa sənətdən danışmaq mümkün deyil" - MÜSAHİBƏ

Azərbaycan muğam sənətinin zərif, amma güclü nümayəndələrindən biri, "Şərq bülbülü" Simarə İmanovaya ünvanladıq suallarımızı. Qorxduq ki, bu gözəl sənətçi bir azca gözümüzdən qaçsa bizdən inciyər. Onu da qeyd edək ki, Simarə xanımın "Şərq bülbülü" çağırılması təsadüfi deyil. O bu ada bir neçə il əvvəl Özbəkistanda keçirilən "Şərq təranələri" festivalında layiq görülüb:

Simarə İmanova özünün gözündə necə biridir?
- Vallah nə deyim, sözün düzü özüm haqqında söz deməyi xoşlamıram. Sadəcə onu deyə bilərəm ki, təbiətən utancaq, küsəyən və sakit təbiətli bir insanam.

Azərbaycan mədəniyyətinin tacı onun muğamıdır. "Şərq bülbülü" adınıı almış bir muğam ustası olaraq Azərbaycan muğamının bu günkü vəziyyətini necə dəyərləndirərsiz?
- Çox gözəl. Onu deyə bilərəm ki, bu gün Azərbaycan muğamı öz intibah dövrünü yaşayır. Şəxsən mən bir muğam ifaçısı kimi onu deyə bilərəm ki, muğamlarımız bu gün istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda çox layiqincə təmsil olunur. Şübhəsiz ki, bütün bunlar dövlətimizin, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində baş verir.

Muğam müsabiqələri gözlədiyimiz effekti verə bilirmi?
- Mənim fikrimcə bəli. Çünki, muğam müsabiqələrinin yüksək səviyyədə keçirildiyinə görə bu gün kifayət qədər istedadlı gənclərimiz var ki, bu sahədə öz layiqli yerlərini tapa bildilər.

Efirlərə dəvət sizi qane edirmi?
- Xeyr!

Necə düşünürsüz, SƏS əsasdır yoxsa sənət? Mənəviyyat necə?
- Əlbəttə ki, səs olmasa sənətdən danışmaq mümkün deyil. Mənəviyyat isə mənim üçün çox önəmlidir.

Mənəviyyatı olmayan amma səsi olan bir oxuyanın sənət də yeri haradır?
- Mənim fikrimcə, mənəviyyatı olmayan oxuyanın bu aləmdə yeri yoxdur.

Azərbaycan mədəniyyətində muğamın yeri...
- Muğam musiqimizin köküdür. Təsadüfi deyil ki, bütün musiqilər muğam üzərində qurulur. Təbii ki, YUNESKO səviyyəsində muğamlarımız, tarımız dünya musiqisinin incisi adına layiq görülürsə bu elə bizim, eyni zamanda bütövlükdə Azərbaycan musiqisinin uğurudur.

Yeniliklər barədə bir neçə kəlmə...
- Gələcək barədə onu deyə bilərəm ki, planlar çoxdur. Qabaqcadan demək düşmür. Hələ ki, istirahətdəyəm. (azadinform.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31