Əyyub Quliyev Raxmaninov musiqi festivalında iştirak edib
9 İyul 2013 13:15 MədəniyyətDahi rus bəstəkarı Sergey Raxmaninovun 140-lik yubileyinə həsr olunan beynəlxalq musiqi festivalının açılış mərasimi keçirilib. Azərbaycan Akademik Opera və Balet teatrının dirijoru Əyyub Quliyev "OLAYLAR"a bildirib ki, gerçəkləşən konsertdə rus bəstəkarı Sergey Raxmaninovun nadir hallarda səslənən lakin böyük sənət əsərlərindən biri kimi qiymətləndirilən xor, solistlər və orkestr üçün " Zəng səsləri" ("Kolokola") poeması dinləyicilərə təqdim olunub. Dirijor Əyyub Quliyevin rəhbərliyi ilə ifa olunan möhtəşəm əsər dinləyicilər tərəfindən maraqla qarşılanıb. 700 nəfərlik böyük zalda yer tapa bilməyən və salonun pilləkənlərində əyləşməyə məcbur olan musiqi sevərlər əsəri sonda ayaqüstə qarşılayıb. Qeyd edək ki, Raxmaninov beynəlxalq musiqi festivalı iyulun 28-dək dəvam edəcəkdir. Festivalın digər konsertlərində görkəmli musiqiçilər - professor Andrey Diev, Aleksandr Taraseviç-Nikolaev, dirijorlar Georgiy Çiçinadze, Stanislav Koçanovskiy və digər tanınmış ifaçılar iştirak edirlər. İyulun 19-da isə bəstəkarın "Aleko" operasının yeni quruluşda premyerasının təqdimatı nəzərdə tutulub. Dirijor Əyyub Quliyev Raxmaninov beynəlxalq musiqi festivalında iştirak edən ilk Azərbaycanlıdır.