Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə Polşada VI Beynəlxalq Türkologiya Konqresi keçiriləcəkdir
16 Sentyabr 2022 18:02 Mədəniyyət19-21 sentyabr 2022-ci il tarixlərində Polşanın Varşava Universitetinin təşkilatçılığı ilə "Türk Dünyası Araşdırmaları - Multidissiplinar Perspektivlər" adı altında VI Beynəlxalq Türkologiya Konqresi keçiriləcəkdir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Özbəkistanın Polşadakı Səfirlikləri, eləcə də Yunus Əmrə İnstitutu, Karaim İrsi Fondu Konqresin təşkil olunmasında əsas tərəfdaş qismində çıxış edirlər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Konqresdə fəxri qonaq qismində iştirak edəcəkdir.
Konqresdə türk xalqlarının tarixi, siyasəti, iqtisadiyyatı, incəsənəti, dili və ədəbiyyatı, o cümlədən bu gün və keçmişdə türklərin yaşadıqları coğrafi ərazilər, bu sahədə həyata keçirilən müasir araşdırmalar və tədqiqatlar ətrafında müzakirələrin aparılması gözlənilir.
Konqres çərçivəsində Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həsr olunacaq panelin və Şuşanın tarixi, ictimai, siyasi, mədəni həyatını əks etdirən nadir fotolar əsasında sərginin təşkil edilməsi, muğam triosunun çıxışı, eləcə də milli mətbəx nümunələrinin təqdim edilməsi nəzərdə tutulmuşdur.
Konqres çərçivəsində, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülər Abdullabəyovanın XIX əsrdə Azərbaycan və Polşa ədəbi əlaqələrindən bəhs edən kitabının təqdimatı da həyata keçiriləcəkdir.