“Bu hərəkətləriniz sizin üçün səsləndirilən alqışları dayandıracaq”
6 İyul 2013 14:09 MədəniyyətGünü-gündən fəxri ad verilən incəsənət xadimlərinin sayı artır. Kimisi tərəf müqabillərinin bir qisminin bu ada layiq olmadığını, kimisi isə verilən adların formal olduğunu və hansısa mənsəbə xidmət etdiyini deyir. Pərəstişkar kütləsi arasında da fəxri adlara görə müğənnilərə verilən dəyər itib. Bunun da səbəbi sənət xadimlərinin müxtəlif qalmaqallar, dedi-qodularla özlərini gündəmə gətirməsidir. Sənətdə yenicə addımlarını atan, kifayət qədər tanınmayan ifaçılar da yaş və sənətinə görə özlərindən böyük olan bəzi sənətkarlardan "örnək" götürərək dedi-qodular sayəsində gündəmə gəlməyə can atır.
Bir-birlərinin ünvanına ədəbsiz sözlər deyən müğənnilərə verilən adlar geri alınmalıdırmı? Ekran önündə, internet saytlarda yayımlanan xəbərlərdən mütəmadi olaraq informasiya alan izləyici görəsən necə düşünür. Mövzu İlə əlaqədar şəhər sakinlərinin və bir sıra ekspertlərin fikrini öyrəndik. Xavər Mehdiyev müğənnilərə söz-söhbətlərlə deyil, sənətlə gündəmə gəlməyi tövsiyə edir: "Hansı telekanalı açırsan, o buna, bu da ona söz atır. Efiri bu cür mənasız proqramlarla doldurmaq olar? Tamaşaçını da fikirləşmək lazımdır axı. Özünə sənətkar deyirsən, sənətini göstər. Daha onun-bunun bostanına daş atmaqla gündəmə gəlmə. Düşünürəm ki, müğənnilər aralarında baş verən belə mənasız qalmaqallarla bəlkə uşaqların diqqətini çəkə bilər".
Sultan Süleymanlı isə bu cür qalmaqllarda tərəflərin maraqlı olduğunu söyləyir: "Neyləsinlər, sənət yox, səs yox. Başqa hansı yolla gündəmə gələ bilər ki? Facebook-da artıq-əskik statuslar yazır ki, sabah maqazin aləmi ondan danışsın. Elə jurnalistlərə də çörək pulu qazanmaq üçün belə ağızdan boşlar lazımdır". Mehdi Hüseynov digər həmsöhbətlərdən fərqli olaraq bu gün maqazin aləmində baş verənləri yaxından izlədiyini deyir: "Siyasi xəbərlərdən daha çox maqazin aləmində baş verən çaxnaşmalar mənim üçün maraq doğurur. Televiziyada baxmağa heç nə yoxdur. Neyləyək? Ancaq belə verilişləri izləyə bilirik. O ki qaldı müğənnilərin bu cür atmacalarla bir-birini təhqir etməsinə, mən buna yaxşı baxmıram. Birinin sənəti var, o birinin yox. Bu yolla sənəti olmayan o birisinə söz atıb gündəmə gəlmək istəyir. Aygünlə Brilliant arasında "müharibə" hələ də davam edir. Aygün Kazımovadan fərqli olaraq Brilliant xanımın bu cür qalmaqallarda adının hallanmasını istəmirəm. Ən azı ona görə ki, Brilliant xanım sənətdə sözünü deyə bilib. Aygün onsuz da hamıya daş atır. Kimə daş atmayıb ki? Brillianta, Faiqə, İlhaməyə, Nəsibə Abdullayevaya, Natəvana və s. və ilaxır. Bu qadının işi elə qalmaqalla gündəmə gəlməkdir. Səhnədə yenicə addımlarını atan ifaçılar da sənətlə deyil, qalmaqalla gündəmə gəlməyin daha asan olduğunu görüb bu yola əl atacaqlar".
Təqaüdçü Nazilə Məmmədova 80-ci illərin müğənnilərindən fərqli olaraq hazırda ifaçıların daha çox bu yolla gündəmə gələ bildiyini, toylarının say və qiymətini artıra bildiyini deyərək biz jurnalistləri də qınayıb: "80-ci illlərdə barmağımızı yumub hansı ifaçının qalmaqalla gündəmə gəldiyini deyə bilərik? Məgər onların arasında konfliktlər olmurdu. Adamıq da, bu gün mehribanıq, sabah sözümüz çəp gəldiyi üçün düşmən də ola bilərik. Amma bu o demək deyil ki, sənəti kölgədə qoyub bu yolla gündəmə gəlməlisən. Eyibdir. Xüsusilə də yaşı 30-40 ötmüş sənətkarlara. Belələrini tərbiyə etməyin tək yolu titullarının geri alınmasıdır. Yoxsa bunların ağılları başlarına gəlməyəcək. Siz jurnalistlər də onlardan sui-istifadə edirsiniz. 5-10 manat artıq pul qazanacaqsız deyə tərəfləri bir-biri ilə qarşılaşdırıb, söhbəti daha da şişirdirsiniz. Belə olmaz axı. Biz tamaşaçıların nə günahı var?"
Hər zaman maraqlı fikirləri diqqət çəkən müğənni Əli Mirəliyev də baş verən olaylara görə təəssüfləndiyini dilə gətirdi. İfaçı fəxri adlar mövzusuna toxunmaqla gileyini də gizlətməyib: "Elə adamlara Xalq artisti adı verirlər ki, baxanda adamın gülməyi gəlir. Aygün Kazımovaya Xalq artisti adı verilib, o Brilliantı, Brilliant da onu söyür. Belə şey olar? Artıq bir neçə ildir ki, adını çəkdiyim ifaçılar fəxri adlara layiq görülüb. Bu da nəticəsi. Mən deyəndə ki, onlar bu ada layiq deyil, heç kəs inanmırdı. Mədəniyyətimiz bilərəkdən bu hala gətirilib. Musiqisi, dili əlindən alınan xalq məhv olur. Artıq dilimiz də qüsurludur. Respublikanın Xalq artistinin böyrünə bıçaq vurmurlar, yanında cangüdən gəzdirmirlər. Şövkət Ələkbərova, Gülağa Məmmədov nə vaxt cangüdənlə gəzib? Məgər Şövkətin yanında prodüsser olub? Bunlar çox gülməlidir. Bilirsiniz necə, bu şou-biznes əhli köhnə Azərbaycana təzə adətlər gətirmək istədilər. Amma alınmadı. Ölkəmizin altı da, üstü də sərvətdir. 20 faiz torpağı işğal altında olan xalqın nümayəndələrinin hamısı şou-biznesə hücum edərək müğənni olmaq istəyir. Fəxri adlar daşıyanların 90 faizinə iş düşür. Onlar bu ada layiq deyillər. Bütün müğənnilərdən adlar, təqaüdlər alınmalıdır. Verirsizsə hamısına verin, vermirsizsə heç kimə verməyin. Niyə ayrıseçkilik salırsınız? Akif İslamzadə "Sarı gəlin"lə özünə heykəl qoyub. Onun niyə fəxri adı yoxdur?".
Millət vəkili, hüquqşünas Çingiz Qənizadə də son zamanlar baş verən olaylara münasibət bildirməklə qarşı tərəfdən yenidən sərt fikirlər eşidib. İlhamə Quliyevanın hərəkətlərinə münasibət bildirərkən öz iradlarını səsləndirdiyini deyən millət vəkili bu dəfə də hədələndiyini söyləyib. Son zamanlar şou-biznes əhli ilə bərabər adı hallanan Ç.Qənizadə bu problemin hansı yolla olur-olsun həllinin mütləq olduğunu vurğulayır: "Adları prezident verir. Baş verən bu olaylarla əlaqədar düşünürəm ki, ictimai rəy də nəzərə alınmalıdır. Ötən gün İlhamə Quliyeva mənim haqqımda yazıb ki, ağlını başına yığsın, ondan prezidentə şikayət edəcəyəm. Gör o hansı həddədir ki, millət vəkilindən şikayət edir. Mən sadəcə media qurumlarında onun efirdən barmağını silkələyə-silkələyə "mən yemirəm, yedizdirirəm" deməsi ilə hansı dəyərlərdən danışdığını toxundum. Bu cür təhqiramiz ifadələrlə hansı dəyərlərdən danışırsan? Deyir, köhnə müsavatçıdır, ağlını başına yığsın. Mənə elə gəlir ki, Azərbaycan xalqının böyük əksəriyyəti müsavatçı, Məhəmməd Əmin ideyalarının daşıyıcısıdır. Müsavat partiyasının üzvi olmasaq da hamımız Heydər Əliyev ideyalarına sadiq insanlarıq. Belə hesab edirəm ki, İlhamə Quliyeva verdiyi cavabla kimliyini ortaya qoydu. Vəziyyət bu cür davam etsə, yəqin biz də cənab prezidentə müraciət edəcəyik". Qarşı tərəfin bu vaxtadək müxtəlif tərəf müqabilləri ilə çəkişmələrinin olduğunu vurğulayan Ç.Qənizadə Milli Məclisin payız sessiyasında bu cür ifaçılara verilən fəxri adlarla bağlı müzakirələrin təşkil ediləcəyinə inandığını söyləyir: "İlhamə Quliyevanın bu vaxtadək müxtəlif ifaçılarla qalmaqalları olub. O, hər müsahibəsinin, açıqlamasının sonunda özünü prezidentə yaxın adam kimi göstərir. O belə fikirlər səsləndirməklə başqalarına təzyiq etməyə çalışır. Biz hamımız cənab prezidentin əsgərləriyik. Mən başa düşə bilmirəm, o yaşının bu çağında nə demək istəyir. Düşünürəm ki, İlhamə Quliyeva kimi müğənnilərə dur deməyin vaxtı çatıb. Artıq Milli Məclis tətilə buraxılıb. Tətildən qayıtdıqdan sonra bu məsələ hökmən müzakirəyə çıxarılacaq. Onlara başa salmaq laızmdır ki, səsləndirdiyi bu ifadələr təkcə özləri üçün deyil, cəmiyyətimiz üçün də zərərlidir".
Digər millət vəkili Zahid Oruc
-Adların ləğv edilməsi haqda heç nə deyə bilmərəm. Son zamanalar qalmaqallarda adı hallanan bu ifaçıların hər biri istedadlıdır. Bu adlar verilərkən onların xalq qarşısındakı xidmətləri nəzərə alınır. Qazandıqları titullarla yanaşı onların özlərini necə aparmaları da önəmlidir. Hazırki dövrdə müğənnilərin bir qismi sənəti kölgədə qoyaraq ailə-məişət mövzusu üzərində qurulan mövzuları ictimailəşdirməyə çalışır. Bu çox təəssüfdoğurucu haldır. Fəxri adlara layiq görülən sənətkarlar bu hərəkətləri ilə həm şəxsiyyətlərini ortaya qoyur, həm də insanlarda xəyal qırıqlığı yaradır. Axı əsl sənət bu deyil. Biz onlardan əsl sənəti göstərməyi tələb etməliyik. Rəşid Behbudov, Cabbar Qaryağdıoğlu bizə hər zaman sənətlərini nümayiş etdirib". Baş verən qalmaqalların, söyüş-təhqir dolu ifadələrin mədəniyyətimizi zərbə altına saldığını deyən millət vəkili belə şəxsləri cəmiyyət qarşısında məsuliyyətlərini dərk etməyə səsləyib: "Hazırda bir çox müğənnilərdə sənət tükəndiyi üçün onlar belə çəkişmələrdə maraqlı olurlar. Ucuz və gərəksiz hərəkətlər mədəniyyətimizi zədələyir. Məhkəmə ilə bu münasibətlərin qaydaya salınması tərəflərin bir-birləri haqda belə təhqiramiz fikirlər səsləndirməsinə əsas vermir. Təhqir dolu ifadələr səsləndirən müğənnilər cəmiyyət qarşısında da məsuliyyətlərini dərk etməlidir".
Bu istiqamətdə baş verən arzuolunmaz halların qarşısını almaq üçün qadağaların heç bir rol oynamadığını deyən Z.Oruc məişət tipli söz-söhbətlərin az qala bütün efir məkanını zəbt etməsindən danışıb: "Qadağalar idarəetmə sistemi kimi seçilə bilməz. Biz demokratik normalar, milli dəyərlərdən danışırıq. Parlament üzvlərinin fəxri adların ləğvi ilə əlaqədar qərar verməsi düzgün olmaz. Artıq neçə illərdir ki, bu ənənə formalaşıb. Fəxri ad hələ də hər şey deyil. Rəsmi adlardan başqa millətin də dəyər verdiyi adlar var. Elə sənətkarlar var ki, onlar rəsmi ad alıb-almamasından asılı olmayararaq millətin hafizəsinə əbədi həkk olub. Ölməz Rəşid Behbudov, Cabbar Qaryağdıoğlu rəsmi adlar daşımasalarda belə yenə də bir ifa ilə xalqın qəlbini fəth edə biləcəkdi. İstənilən halda istedadlı şəxslərə meydan verilir. İstedadlı şəxslərə dövlət də, xalq da dəyər verir. Dövlət tərəfindən qiymətləndirildikdən sonra müğənnilərin həmin dəyərlərə hörmətsiz yanaşması çox təsirləndirici haldır. Onlar verilən bu dəyərləri nəzərə alıb daha yüksək işlərə imza atmalı, ölkə maraqları üçün çalışmalıdır. Fəxri adlar mövzusunda fərqli fikirlər var. Bir çoxları bu adların gərəksiz olduğunu deyir. Küçə dilinin rəsmiləşməsi, bu cür məişət tipli söz-söhbətlərin az qala bütün efir məkanını doldurması bütün cəmiyyətə mənfi təsir edir. Onları tərbiyələndirmək üçün hansısa kurslar açmalıyıq? Məgər bu yolla problemi həll edə biləcəyik?". Problemin nisbətən də olsa həllini cəmiyyətin qınaq və etirazında gördüyünü deyən millət vəkili təhqiramiz fikirlərin müğənnilər üçün səsləndirilən alqışları da dayandıracağını vurğulayır: "Cəmiyyətin qınağı və etirazları ilə düşünürəm ki, belə sənətkarlar üçün bəlli çərçivə yaradılacaq. Bir jurnalistin Əkrəm Əylislinin bədnam əsərini ortalığa çıxarması ilə ona sərt münasibət bildirildi. Hər kəs ömrünün əbədi olmadığını düşünməlidir. Bununla yanaşı öləndən sonra etdiyi əməllərə görə insanlar tabutunu qaldıra biləcək adamların olub-olmaması haqda düşünməlidir. Mənə elə gəlir ki, onlar etdiyi bu əməllərin nəticəsini görəcəklər. Deyirlər ki, alqışla ömür sürürlər. Bu hərəkətləriniz sizin üçün səsləndirilən alqışları da dayandıracaq". Z.Oruc Çingiz Qənizadənin fikirlərini qəbul etməyən İlhamə Quliyevanın bununla əlaqədar prezidentə şikayət etməsi məsələsinə toxunaraq bildirib: "Bu cür olaylara münasibətim çox pisdir. Baş verən olaylara görə, ciddi addımlar atılmasa Azərbaycanın mədəniyyət sferasında vəziyyət daha da dözülməz olacaq. Xalqımızı təmsil edən, fəxri adlar alan müğənnilər təkcə özlərini düşünməməlidir. Daşınan vəsiqələr gerçək məramı özündə ifadə etməlidir. Hər kəs bu haqda danışır. Bizim dərdimiz məgər onların söz-söhbətləridir?"
Nigar Məhərrəm