AĞ ADAM- Rəşad Məcidin doğum gününə

Tanrı mayasını tutubdu "ağ"la,

Torpağı ağ, sümüyü ağ, sözü ağ.

Sən bu hekayətə ya gül, ya ağla,

Bu adamın əyrisi ağ, düzü ağ.

* * *

Ağoğlanda göz açıbdı dünyaya,

Ağ doğulub, nur saçıbdı dünyaya,

Ağ qalacaq, and icibdi dünyaya,

Sözün tutub; alnı açıq, üzü ağ.

* * *

Ağdam adlı məmləkətin uşağı,

Burda çözüb min-bir türlü tuşağı,

Çox dinləyib "dastan" deyən "aşığı";

Hekayətin mini qara, yüzü ağ.

* * *

Ağcabədi, mədəniyyət beşiyi,

Yurd yeridi, çəkilibdi keşiyi,

Sadə olub daim evi, eşiyi,

Məqamında kürsüsü ağ, mizi ağ.

* * *

Ustac deyir; tam arınıb bu adam,

Ağayana, mərd tanınıb bu adam,

Yarananda, ağ yaranıb bu adam,

Ağ adamdı; "dirsəyi ağ", "dizi ağ".

Qeyd:

21 avqust dəyərli ziyalımız - yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü  Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq.

Rəşad müəllim 58-i  tamamlayaraq, 59  yaşınına qədəm qoyur. "60"-la bağlı "Yazarlar"ın xüsusi "Ağ adam" adlı təbrik layihəsi var. Bu layihədə iştirak etmək istəyən hər kəs  Rəşad Məcidin həyat və yaradıcılığı barədə olan yazılarını [email protected] e-mail ünvanına göndərə bilərlər. Bütün materiallar 01.08.2022-ci ildən  01.08.2023-cü ilə qədər qəbul ediləcək. Yazılarınızı gözləyirik.

 Zaur USTAC,

"Yazarlar" jurnalının baş redaktoru,

şair-publisist.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31