Millət vəkili məşhur sənətçi ilə görüşüb

Bakıda səfərdə olan Türkiyənin məşhur sənətçisi Ajda Pekkan millət vəkili Qənirə Paşayeva ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, Qənirə Paşayeva mədəniyyətin xalqlar, ölkələr arasında əlaqələr baxımından ən möhkəm körpü olduğunu qeyd edib. Görüşdə millət vəkili Qənirə Paşayeva Azərbaycan, ölkəmizin tarixi, bu günü, mədəniyyəti və xüsusilə Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, işğal etdikləri torpaqlarda törətdikləri vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməməsi barədə məlumatlar verib. Azərbaycanda təsəvvür etdiyindən daha artıq dərəcədə sevilməsinin şahidi olmaqdan son dərəcə məmnun olduğunu ifadə edən Türkiyənin məşhur sənətçisi Ajda Pekkan Bakıya səfərdən və bu görüşdən çox məmnun olduğunu bildirib. Azərbaycana 9 il bundan əvvəl səfər etdiyini xatırladan Ajda Pekkan Bakının çox dəyişdiyini, hədsiz gözəlləşdiyini və Bakıya heyran qaldığını söyləyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Türkiyənin məşhur sənətçisi Ajda Pekkana Azərbaycan mədəniyyəti, həqiqətləri ilə bağlı materiallar və özünün müəllif olduğu kitabları və musiqi albomlarını hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31