Opera və Balet Teatrı Almaniyada festivala qatılacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının  rəhbərliyi Avropanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan  Qut-İmmlinq Opera sənəti festivalının baş direktoru cənab Lüdviq Baumandan Teatrın simfonik orkestrinin bu festivalda iştirak etməsi ilə bağlı dəvət alıb. Orkestr bu festivalda artıq altıncı dəfə iştirak edəcək. Musiqiçilərimiz ötən illərdə yüksək professional ifaları ilə alman tamaşaçıların rəğbətini qazanaraq Almaniyanın KİV və musiqi tənqidçiləri  tərəfindən onların çıxışlarına yüksək qiymət verilib. Orkestrin səfəri avqustun 7-dən 12-nə kimi olan müddətdə baş tutacaq. 60 nəfərlik heyət avqustun 11-də festivalın "Qrand final" adlanan Qala-konsertində iştirak edəcək. Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycanın görkəmli bəstəkarları -  Üz.Hacıbəyli, Q.Qarayev və  F.Əmirovun da əsərləri səslənəcək. Ənənə üzrə hər il yay aylarında keçirilən Qut-İmmlinq opera festivalında bu il  Avropa, ABŞ, Latın Amerikası, Yaponiya, ümumilikdə 36 ölkədən dəvət olunan vokal sənəti ulduzları, dirijor və rejissorlar iştirak edəcək. Festival çərçivəsində keçirilən tamaşa və konsertlər bir qayda olaraq anşlaqla baş tutur, Almaniya və Avropanın televiziya kanalları və KİV-də geniş işıqlandırılır. Final konsertində orkestri Teatrın baş dirijoru, Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov və Qut-İmmlinq festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk  idarə edəcək. Opera və Balet Teatrının festivalda iştirakı Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaq. Simfonik orkestrin Avropanın ən möhtşəm musiqi bayramlarından biri olan Qut-İmmlinq festivalında iştirakı Azərbaycan akademik sənətinin böyük uğuru olub, simfonik orkestrinin yüksək professional səviyyəsinin parlaq təcəssümüdür.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31