“Uşaq mahnıları sahəsində mövcud durum ürəkaçan deyil”

Cavanşir Quliyev: “800 manata heç kim mahnı yazmaz”

İyulun 2-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi Beynəlxalq Mətbuat Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində "Yeni uşaq mahnıları - 2013" Ümumrespublika Müsabiqəsinin təqdimatını keçirib. Uşaq mahnılarının gənc nəslin vətəndaş şüuru, dünyagörüşü, əxlaqi normalar və saf təfəkkürə malik olan cəmiyyət üzvü kimi formalaşması üçün mühüm olduğunu vurğulayan Mərkəzin rəhbəri İradə Yaqubovanın sözlərinə görə, 2011-ci ilin yanvar ayında ölkə üzrə aparılan rəy sorğusunun nəticələrindən məlum olub ki, uşaq mahnıları sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil.

Bunları nəzərə alan ELS prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi" layihəsi çərçivəsində "Yeni uşaq mahnıları - 2013" Ümumrespublika Müsabiqəsini elan edir.

Layihənin müzakirəsi zamanı maraqlı fikirlər və təkliflər səslənib. Bəstəkar Oqtay Zülfüqarov 20 ildən artıqdır Azərbaycanda uşaq mahnılarının yazılmadığını və bu layihənin təqdirəlayiq olduğunu vurğulayıb: "20 ildir ki, biz bu cür tədbirlərin keçirilməsini gözləmişik. Müsabiqədə seçilən mahnılarda bir sıra nüanslara önəm verəcəyik. Məsələn, elə mahnılar var ki, 3 notdan ibarətdi, amma gözəl aranjemanı var. Bu cür keyfiyyətsiz mahnılar bizim müsabiqəyə yaddır". Şair İlyas Tapdıq uşaq mahnıları sahəsində vəziyyətin acınacaqlı olduğunu və dönüş yaratmağın vaxtının çatdığını dilə gətirdi: "20-30 il əvvəl bu sahəyə böyük maraq var idi. Bu işlə telekanlallarda da fəaliyyət göstərən uşaq şöbələri ciddi məşğul olurdu. Bu gün Oqtay Zülfüqarov istisna olmaqla bir çox bəstəkarlar uşaq mahnılarının yenidən dirçəlməsi üçün fəallıq göstərmir. Bu gün uşaq ədəbiyyatından, mahnı və verilişlərindən danışmaq mümkün deyil. Gözəl mahnıların yazılması üçün ilk öncə yaxşı şeir yazılmalıdır. Uşaq şeirləri ilə maraqlanan yazarlara bu işdə canfəşanlıq göstərməlidir. Şair var ki, hər istiqamət üzrə yaza bilər. Amma Baba Vəziroğlu, Vahid Əziz uşaq şairi deyil". Şair Vahid Əzizin qənaətinə görə, layihənin keçirilməsində məqsəd cəmiyyətdə tərpəniş yaratmaqdır, "bəlkə o vaxt imkanlı iş adamları oyanar və yeni mahnıların yaradılmasında maliyyə yardımı göstərər".

Bəstəkar Cavanşir Quliyev çıxışında müəyyən təkliflərini səsləndirməklə bəzi dəyişiklikləri də tələb edib: "Şərtlərin dəyişilməsini təklif edirəm. Pul mükafatının məbləği çox gülməlidir. 800 manata heç kəs mahnı yazmaz. Qonorar yüksəlməlidir. Bundan başqa yerlər də artırılmalıdır. Məsələn 10 mahnıya filan müəyyən məbləğdə, 30-40 mahnıya isə fərqli məbləğlərdə yer verilməlidir".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31