Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səfərdə...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyul ayının 1-dən Respublikamızın bölgələrində qastrol səfərinə yola düşmüşdür. Hər il olduğu kimi, bu il də GTT-nin kollektivi növbəti yay məzuniyyətinə getməzdən əvvəl "Azərbaycan Teatrlarının inkişafı haqqında" Respublika Prezidentinin təsdiq etdiyi "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq, eyni zamanda Azərbaycan Peşəkar Milli Teatrının yaradılmasının 140 və Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubiley ili çərçivəsində bölgələrimizdə yaşayan tamaşaçıların görüşünə getmişdir.
Yaradıcı heyət Milli dramaturgiyamızın banisi M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan" komediyası ilə iyul ayının 1-dən Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Saatlı, Sabirabad və İmişli rayonlarına qastrola start vermişdir. Qastrol iyul ayının 6-dək davam edəcəkdir.
Artıq qastrol çərçivəsində Şamaxı, Ağsu, Kürdəmir və Ucar rayonlarında sözügedən tamaşa nümayiş etdirilmiş və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Tamaşada əsas rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Qurban İsmayılov, Nofəl Vəliyev, Vahid Əliyev, Şövqi Hüseynov, aktyorlar Asya Atakişiyeva, Elnur Kərimov və başqaları ifa edirlər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki - 85-ci teatr mövsümünə iyul ayının 6-da Saatlı rayonunda yekun vuracaqdır. Qastrolun yekun günündə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri də iştirak edəcəklər.






Teatrın mətbuat xidməti
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31