“Dolu” 6 saylı islah əmək müəssisəsində nümayiş olundu
28 İyun 2013 19:00 MədəniyyətBöyük səs-səda yaradan "Dolu" filmi ilk dəfə paytaxt kinoteatrlarında nümayiş olunandan sonra yaradıcı heyəti ilə birgə bölgələrə səfər etməyə başladı. Yerli icra hakimiyyətlərinin təşkil etdiyi bu tədbirlərdə bölgə əhalisi böyük maraqla iştirak etdi. Dolunun şöhrəti o səviyyəyə çatdı ki, sərhədlərimizi də aşdı. Yaradıcı heyət filmlə birgə müxtəlif ölkələrdə oldular. İndi isə növbə həbsxanalarındır. Ötən gün "Dolu" və onun yaradıcı kollektivi 10 saylı islah əmək müəssisəsində oldu. Bu barədə mətbuatda geniş məlumatlar dərc edildi. Bugün isə filmin ssenari müəllifi, yazıçı Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, "Drakon" rolunun ifaçısı Rza Rzayev, döyüşçülərdən birinin obrazını yaradan Rövşən Ağayev və kaskadyor Əli 6 saylı islah əmək müəssisəsində oldular. Müəssisəsinin rəisi ədliyyə polkovnik leytenantı Əli Əmirov, tərbiyyə işləri üzrə müavin ədliyyə polkovnik leytenantı Mahir Əliyev və rəhbər heyətə daxil olan digər şəxslərin iştirakı ilə maraqlı diskussiya oldu.
Sonra yaradıcı heyət filmə baxmaq üçün genişliyi və səliqəsi ilə göz oxşayan görüş zalına yığışan məhkumlara təqdim olundular. Maraqlıdır ki, zalda məhkumların bəzilərinin görüşünə gəlmiş ziyarətçiləri də var idi. Elə onlar da filmə tamaşa etdilər.
"Dolu"nun ssenari müəllifi, millət vəkili Aqil Abbas çıxışına bu sözlərlə başladı: "Göydə Allah, yerdə prezident qapınızı açsın. Mən sizə bir də bura qayıtmamağı arzulayıram. Heç kəs həbsxanaya düşməkdən sığortalanmayıb. Əsas odur ki, buradan layiqli vətəndaş kimi çıxasan. Dövlətə, millətə və ailənə lazımlı bir insan olasan. Heç vaxt unutmayın ki, sizin azadlığınız məhdudlaşdırılıb. Başqa bütün konstitusion hüquqlara əvvəlki kimi maliksiniz. Sizin seçmək hüququnuz var, prezident, parlament seçkilərində iştirak edirsiniz. Bu bir daha göstərir ki, siz azadlıqda olan insanlarla eyni səviyyədə vətəndaşsınız. Bir cüzi fərqiniz var."
Aqil Abbas filmin məzmunu barəsində də məlumat verdi, həbsxanaya, dustaqlara aid kadrlardan danışdı və bildirdi ki, filmin baş qəhrəmanı "Komandir" də məhbus həyatı yaşayıb: " "Komandir" 6 saylı cəzaçəkmə müəssisəsində olduğunu deyir. Bir vaxtlar məhkum olmuş, sonra Qarabağ savaşında şəhid olmuş o qədər insan var ki. Onlardan Allahverdi Bağırovun, Fred Asifin və başqalarının adını çəkə bilərəm."
Ssenari müəllifin çıxışından sonra filmin nümayişi başladı. Dolu məhkumların o qədər xoşuna gəldi ki, film bitəndən sonra aktyorlara yaxınlaşıb öz ürək sözlərini deyirdilər.
Həbsxana rəhbərliyi nə qədər humanist olduğunu bir daha göstərdi. Məhkumlar millət vəkilinin başına toplaşıb onunla sərbəst şəkildə dərdlərini bölüşürdülər. Millət vəkili isə onları səbrlə dinləyib məsləhətlər verirdi.
Sonda 6 saylı İƏM-nin rəisi yaradıcı heyətlə birlikdə bütün həbsxananı gəzərək onları məhkumlar üçün yaradlılan şəraitlə tanış etdi.
Ədalət qəzetinin 2 iyul sayında 6saylı İƏM-dən geniş reportajla tanış ola bilərsiniz.