“Mənim sizi buraya yığmaqda məqsədim odur ki...”

“Gedim soruşum ki...”

"Mənim sizi buraya yığmaqda məqsədim odur ki...". Hamını bir araya yığdı. Hər kəs gəlmişdi, böyük, kiçik, yaşlı, cavan...hamı orada idi. Lakin "sonuncu mogikan" eyvanda görünmədi və demədi ki, onları buraya niyə yığıb. Çox gözlədilər, Səyavuş qapılarının astanasında görünmürdü. Hamı həyəcan keçirirdi, görəsən hansı hadisə üz verib ki, o, öz çıxışı üçün evdən çıxmaq istəmir. Saatlar, dəqiqələr bir-birini əvəz edir, "sonuncu mogikan" ortalıqda görünmür. Bəlli idi, o gəlməyəcəkdi. Hamı içində bilirdi, lakin heç kəsin həqiqəti deməyə ürəyi gəlmir, birdən yalan olar deyə danışmağa cəsarəti çatmırdı. İzdiham içində bildiyi doğrunun ürəyinə verdiyi niskili dilində yalansıyırdı. "Bizim Cəbiş müəllim" filmində poçtalyonun qadına verdiyi məktub kimi acı bir həqiqətin ürəyə verdiyi təlaş qədər inandırıcı deyildi, yalan görünürdü Səyavuşun çağırışı. Hamı divarlardan qonşu həyətlərinə, dükanlara, balkonlarına boylanır...axtarırdılar. İtki pis şeydir, bəs haradan, hansı gizli qalmış, heç kəsin bilmədiyi kulisdən çıxacaqdı Səyavuş?.. axı Səyavuş ömrü boyu kulis arxasında qalmayıb, sevməzdi arxada olmağı. Yox, deyəsən gəlməyəcək. İztirab göz yaşlarına çeviləndə yalanlar doğrulanır. Həqiqətin yalana çevrilməsi daha yaxşıdır, nəinki o yalan çevrilib həqiqət ola. Sonuncu ümid közərtisi ürəklərə təsəlli verir, bəlkə "sonuncu mogikan" "Yaşıl eynəkli adam" tamaşasındakı kimi dostlarını o cür yığmaq istəyib bir araya. Hə, niyə də olmasın. Axı Səyavuş teatr adamıdır, həmişə sürpriz etməyi xoşlayır. Vaxt keçir axı, görəsən nə olub? Görəsən Səyavuş: "Mənim sizi buraya yığmaqda məqsədim odur ki..." deməklə nəyi bildirmək istəyir? Günorta olub, hamı hələ gecə ikən buraya yığılıb. Küsənlər də oldu ki, bəs Səyavuş həmişə nə gözləməyi, nə də ki, gözlətməyi xoşlamadığını deyirdi. İndi niyə belə edir, yalan yerə bizi qorxudur? Yalançı! Heç bu qədər də "qəddar" olar adam? "Mənim sizi buraya yığmaqda məqsədim odur ki...". Hamını bir araya yığdı. Hər kəs gəlmişdi, böyük, kiçik, yaşlı, cavan...hamı orada idi. Lakin "sonuncu mogikan" eyvanda görünmədi və demədi ki, onları buraya niyə yığıb. Bəlli idi, Səyavuş Aslan vidalaşacaqdı. Qara tabutunun arxasınca baxanlara deyəcəkdi: "Mənim sizi buraya yığmaqda məqsədim odur ki, gedim Hacıbabadan, Eldənizdən, Əliağadan, Bəşirdən, Lütfəlidən soruşum ki, dostu tək qoyub qaçmaq varmı bu dünyada?".

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31