Məhkumlar “Dolu”nun həyəcanını yaşadı

Aqil Abbas: “Heç kim bura düşməkdən sığortalanmayıb, ama düzgün yaşamaqla özünüzün azadlığınızı sığortalaya bilərsiz”

Yazıçı Aqil Abbasın "Dolu" romanının motivləri əsasında ssenarisini yazdığı və rejjissoru Elxan Cəfərov olan "Dolu" filmi bu dəfə məhkumlar üçün göstərilib.Filmin yaradıcı heyətini Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı islah əmək müəssisəsinin rəisi ədliyyə polkovnik leytenantı Mirsaleh Seyidov qarşılayıb. Çay süfrəsi arxasında səmimi fikir mübadiləsi aparılıb. "Dolu"nun ssenari müəllifi, millət vəkili Aqil Abbas isə mədəni hadisələrin insan psixologiyasına müsbət təsirindən söz açaraq qeyd edib ki, növbəti dəfə məhkumlarla görüşə gələrkən özünün və həmkarlarının kitablarını da müəssisəyə hədiyyə edəcək. Filmin nümayişi müəssisənin səliqə-səhmanı və genişliyi ilə diqqət çəkən klubunda baş tutub. Öncə rəis Mirsaleh Seyidov çıxış edərək filmin məzmunu barədə vacib izahatlar verib.  O, bildirib ki, "Dolu" erməni qəsbkarlarına qarşı Azərbaycan əsgərinin necə şücaətlə döyüşməsini özündə əks etdirir. Aqil Abbas çıxışına məhkumlara xitabən "heç kim bura düşməkdən sığortalanmayıb, ama düzgün yaşamaqla özünüzün azadlığınızı sığortalaya bilərsiz" cümləsi ilə başlayan Aqil Abbas insanların bir-birini islah etməsinin mümkünlüyündən söz açıb: "Məşhur yazıçı Anton Makarenko məhkumların psixologiyasını dərindən bilən yazıçı idi. O, deyirdi ki, müxtəlif cinayətlər edən insanları bir kamerada saxlamaq lazımdı. Məsələn, adam öldürənlə oğurluq edən bir yerdə olsa, biri qətlin, o biri isə oğurluğun düzgün olmadığını izah etməyə çalışacaq, əsaslandıracaq. Nəticədə məlum olacaq ki, hər ikisi düzgün deyil. İndi baxacağınız filmdə məhkumların həyatı əks olunub. Romanda bu barədə daha geniş yazmışam. O kitabı sizlərə hədiyyə edəcəm, oxuyub görəcəksiz ki, məhkumlar vətən üçün canlarını qurban verirlər. Filmin qəhrəmanı -Komandir də məhkumluq həyatı yaşamış adamdı. Biz bütün bunlarla göstərməyə çalışmışıq ki, hər hansı əməlinizə görə cəzaya məhkum olunmağınız sizi həyat sevgisindən uzaqlaşdırmasın. Həmişə azadlığınızı düşünün, azadlığa qovuşmaq üçün islah əmək müəssisəsində sakit həyat keçirin. Daha heç vaxt rəislərin məhkumları incitməsi kimi hadisələr baş verə bilməz. İndi hər yerdə demokratiyadı. Dövlətimizə və onun prezidenti cənab İlham Əliyevin hümanistliyinə inanın. Heydər Əliyev Fondunun prezidenti, millət vəkli, hörmətli Mehriban xanım Əliyeva artıq neçənci dəfədir ki, Milli Məclisdə amnistiya təşəbbüsü ilə çıxış edir və qanun qəbul olunur. Əmin olun ki, o hümanist aktlar sizin hər birinizə şamil olunacaq". Aqil Abbas görüşdə iştirak edən yaradıcı heyəti - quruluşçu regissor Elxan Cəfərovu, rejissor Əliqulu Səmədovu,  quruluşçu operator Nadir Mehdiyevi, komandir rolunun ifaçısı, əməkdar artist Məmməd Səfanı, kaskadyor Əlini tamaşaçılara təqdim edəndən sonra filmin nümayişi başlayıb. Filmə olduqca diqqətlə tamaşa edən məhkumlar final səhnəsi - qəhrəmanların birlikdə işğal olunmuş torpaqlarımıza doğru addımlaması kadrı sona çatana qədər görüntünü alqışlarla müşayət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31