MİRAS Beynəlxalq Simpoziumun təşkilatçısıdır

2013-cü il iyunun 26-29-da Bakıda VII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni Irsin Mühafizəsi Simpoziumu keçiriləcək.
Simpozium Türk Dünyasının öndəri, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilir.
VII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumunun təşkilatçıları Türkiyənin Səlcuq Universiteti Türk Əl Sənətləri Araştırma və Tətbiqetmə Mərkəzi, Azərbaycanın MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Qafqaz UNiversitetinin Qafqaz Araşdırmaları İnstitutudur. Simpoziumun mövzusu türk dünyasında mədəni irsin araşdırılması, qorunması, təbliği, zəngin türk mədəniyyətinin, incəsənətinin, türk tarix və ədəbiyyatının dəyərləndirilməsi, türkdilli ölkələrdə mədəni və arxeoloji turizmin təbliğidir. Məlumat üçün qeyd edək ki, əvvəlki simpoziumlar Türkiyə, Misir, İspaniya və İtaliyada baş tutub. Simpoziuma Azərbaycandan, eləcə də, Türkiyə, Rusiya, İtaliya, Makedoniya, İspaniya, Cənubi Koreya, Misir, İran və başqa ölkələrdən olan elm adamları, tarixçilər, arxeoloqlar, etnoqraflar, memarlar, filoloqlar və s. iştirak edəcəklər. Simpoziumun açılış mərasimi 2013-cü il iyunun 27-də Qafqaz Universitetində baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31