Milli Şuraya təkliflər-İYNƏ
22 İyun 2013 09:58 MədəniyyətMilli Şuranın son toplantısında müxtəlif sahələr üzrə komissiyalar yaradılıb. Amma bir sıra tanınmış müxalifətçilər kənarda qalıblar. Narazılıq yaranmasın deyə, bir sıra təkliflər veririk.
1. Əkincilik və bostançılıq komissiyası-Pənah Hüseyn.
2. Ordu toplanması və düşmənin ağzının cırılmasını təşkil edəcək komissiya-Rəhim Qazıyev.
3. İranın dağıdılması, yerində turp əkilməsi işlərini təşkil edən komissiya -Qara Tofiq.
4. Ağ günlərə şeir qoşulması və mahnı bəstələnməsi işlərini təşkil edən komissiya-Ağ Aydın
5. Çini və Rusiyanı dağıtmaqla məşğul olacaq komissiya-Vüqar Bəyturan.
6. Heyvandarlığın inkişafı, yeni cins mal-qaranın yetişdirilməsi komissiyası-Əhməd Oruc
7. Turan Dövlətinin yaradılmasını həyata keçirəcək komissiya-Rafiq Turabxanoğlu
"Gəl, bir də dövrə vuraq"
İki sevgili Milli Parkda gəzişir. Xeyli gəzib dolanırlar, karuselə minirlər. Amma oğlanın pulu olmur ki, yemək yesinlər. Oğlan özünü sevincli göstərir:
- Əzizim, karusel xoşuna gəldi?
- Bəli.
- Onda gəl bir də minək, dövrə vuraq.
Karuseldən düşüb restoranın yanından keçirlər.
Karuseldən düşüb restoranın yanından keçirlər. Kabab iyi ətrafa yayılır. Qız deyir
- Qəşəng iy gəldi...
Oğlan:
- Xoşuna gəldi?
- Həə.
- Gəl, onda bir də dövrə vurub yanından keçək.
"İndi baqajdakı meyidi də soruşacaq..."
Dörd nəfər maşında yol gedir. Yol polisi maşını saxlayır.
- Sizin sürücülük vəsiqəniz yoxdur?
- Yox.
Arvad qışqırır:
- Cənab müfəttiş, buna fikir verməyin, o içəndə həmişə belə danışır.
- Nəə!- deyə, polis bağırır.
Arxada oturan replika atır:
- Sizə dedim axı, oğurluq maşında getməyək, ilişəcəyik.
Polis dəli olur:
- Necə, maşın oğurluqdur?!
O biri arxada oturan:
- Zibilə düşdük də. İndi baqajdakı meyidi də soruşacaq...
"Ata ürəyi qıymır"
Balaca oğlan atasından soruşur:
- Ata, necə oldu ki, mən doğuldum?
Ata:
- Bala, belə oldu da. Mən getdim, mağazadan konfet aldım, soyub, başımın altına qoydum. Sabahısı gün sən oldun.
Oğlan gecə konfeti soyub başının altına qoyur. Səhər durur ki, konfetin üstünə qarışqalar yığılıb. Oğlan kədərlə:
- İndi mən sizinlə neyləyim, hə? Öldürərdim e, sizi, amma, ata ürəyidi, qıymır.
Qatarda
Balaca Samir Adıgözəllinin balaca vaxtlarıdır. Bir gün babası onu qatarla gəzməyə aparır. Bələdçi biletləri yoxlayarkən məlum olur ki, babası balaca Samirə bilet almayıb.
Baba:
- Samirin 5 yaşı var, ona bilet düşmür.
Bələdçi sorşur:
- Bala, neçə yaşın var?
Samir çoxbilmişliklə:
- 5 il olar ki, qatara minəndə babam "Bunun 5 yaşı var" deyir. İndi özünüz hesab edin.
İkisi bir arada
İstanbul. İki sevgili kafedə oturublar. Oğlan:
- Əzizim, gəl, belə edək, qapıdan kimin girdiyinə baxaq. Kişi girərsə, qəhvə içək, qadın girsə, süd.
- Razılaşırlar. Birdən kafeyə Bülənd Ərsoy girir. Mat qalan cütlük məcbur qalıb südlə qəhvəni qarışdırb, südlü qəhvə içirlər.
"20 sent ver, verim ye"
QHT-lərin İstanbulda beynəlxalq toplantısı. Müxtəlif ölkələrdən gəlmiş "qeheteşniklər" seminardan sonra çay içməyə gedirlər. Amerikalı, fransız, koreyalı, ispan və azərbaycanlı kafedə oturublar. Çayların hamısından milçək çıxır. Amerikalı milçəyi çıxarıb kənara atır və qarsona bağırır. Fransız milçəyi çıxarıb, çayı içir. İspan qarsonu çağırıb nəzakətlə çayı dəyişməyi tapşırır. Koreyalı milçəyi çıxarıb yeyir, çayı da içir. Azərbaycanlı milçəyi çıxarıb koreyalıya deyir:
- Bax, hələ ölməyib, yaxşı vəziyyətdədir. 20 sent ver, verim ye.
Məktəb lətifələri
"Atama zəng eləsən, anam gəlib saçını yolar"
Müəllimə azyaşlı şagirdə:
- Bax, budur deyirəm, bir də şuluq eləsən, atana zəng edəcəm.
Şagird bic-bic gülür:
- Mən də anama deyəcəm. Atama zəng eləsən, anam gəlib saçını yolar.
Ordu lətifələri
"Fanta"nı niyə içməmisən?..
Xalq artisti Nurədiin Mehdixanlının təzə əsgərlikdə olan vaxtlarıdır. Bir gün evdən göndərilmiş pula dönər və "Fanta" alan Nurik onları hasarın üstünə qoyub, əlini yumağa gedir. Qayıdanda görür ki, dönər yoxdu. Nurəddin özündən çıxır. Əlini belinə qoyub bağırır:
- Hansı oğlan götürüb dönəri, desin! Tez!
Bu zaman hərbi hissədə ad qoymuş "dembel" enlikürək, hündürboy çeçen Yegizarov deyir:
- Mən yedim, qaqulya, sözün vaar?
Nurəddin yumşalır və gülə-gülə deyir:
- Yox e, "prosto" deyirdim ki, "Fanta"nı niyə içməmisən...
"Ayrı cür necə arıqlamaq olar?"
Teleaparıcı Zaur Baxşəliyevin təqdimatında reklam çarxı.
- Arıqlamaq istəyirsən? Çürbəcür reseptləri qəbul eləmirsən? Ac qalmaq istəmirsən? Heç idman da etmək istəmirsən? Çarə axtarırsan?...Ay bədbəxt, bunları etməsən, ta ayrı cür necə arıqlamaq olar?
İçindəkiləri demək
Sərdar Cəlaloğlunun Tibb Universitetində oxuyan vaxtlarıdır. Bir gün gənc Sərdar sevgilisi ilə bulvara gedir. İmtahandan "5" almış Sərdarın kefi kökdür. Sərdar sevgilisinə:
- Əzizim, sənə içimdəkiləri demək istəyirəm, amma utanıram...
Qız fərəhlə:
- De, utanma!
Sərdar təmkinlə:
- Qara ciyər, ağ ciyər, prostat, mədə-bağırsaq, böyrəklər...
Elçin söyləmiş, görəlim nə söyləmiş
Tanınmış yazar Elçin Bayramlıdan qızıl kimi sözlər:
- Azərbaycanda hakimiyyətə kommunistlər gələnədək heç nə dəyişməyəcək. Qalan muxalifət partiyaları ölkədə siyasi artistizmin çiçəklənməsi üçün lazımdır.
- Mən qurd kimi gəmirərdim demokratizmi.
- Lenin ölmədi. Onun ruhu Bəşər Əsəddə, Aleksandr Lukaşenkoda, Kim İr Sendə yaşayır və yaşayacaqdır.