Xatirələr yazıçılar üçün niyə vacibdir?- Oğuz Ayvaz yazır
31 Mart 2022 10:48 MədəniyyətOĞUZ AYVAZ
Dünyadan köçmüş adamlar, talelər, fotolar, tanımadığım insan siluetləri, məhəlləmizdəki qara itimiz və bağırsaq kimi uzanan xatirələr... Bütün bunlar içimdə mövcudluqlarını qoruyurlar.
İnsan özünü tənha hiss edəndə xatirələrinə sığınır. Orda xatırlamaq istədiklərini yadına salır, görmək istədiklərinin xəyalını qurur. Bəs, görəsən, bizim içimiz boş, susuz səhra kimi olsaydı, xoşbəxt ola bilərdikmi? Yaddaşımız, içimiz kimsəsiz, həyatsız, işıqsız... Yox, yenə də xoşbəxt ola bilməzdik. Axı, biz darıxan, sevgiyə ac məxluqlarıq. Bəs o zaman, içimizdə yaşayanlara görə necə xoşbəxt ola bilirik? Yox, yenə də xoşbəxt ola bilmirik. Ona görə ki, xatirələrimiz əzab verir bizə, incidir bizi. Fikir verirəm, iki gənc bir-birilə söhbət edir, mövzuları uşaqlıq illəri. Yaxud iki qoca gənclik vaxtlarından bəh-bəhlə danışır, gülür, qüssələnir. Xatirələr qocalan beyinlərin söykəndikləri çəhrayı əsaya bənzəyir... Niyə axı biz daim keçmişdən danışırıq? Suallar həyat qədər sirlidir.
Mənim yaddaşım uşaqlığıma köklənib. Vaxtaşırı xatirələrimin küçələrində yağışlı gündə əlində top arıq bir oğlan qaçır. Nəfəsini dərmədən şütüyür. Onu heç cürə saxlaya bilmirəm. Çingiz Aytmatov demişdi bu sözləri: "Uşaqlıq insanın vətənidir". Böyüdükcə o vətəndən uzaq düşsək belə, hər zaman içimizdə o vətənə bir həsrət yeri qalır. Hərdən də atamın işıqlı çöhrəsi göy üzündə peyda olur. Və mən eynən teatr tamaşalarındakı kimi onu seyr edirəm, saatlarca, günlərcə...
Xatirələr həyat kimi amansızdı, yaxamızdan yapışır, bizi beynimizin ən çıxılmaz küçələrinə atır. Hərdən deyirəm, kaş, beynimin qapağını açar, yaşadığım xatirələri torpağa basdırar, yenidən doğulmuş kimi, tərtəmiz yaddaşla yaşamağa qədəm qoyardım.
İnsanları bir-birinə xoş xatirələr bağlamır, bunu uşaqlığımdan öyrənmişəm. Onları acı xatirələr qədər heç nə bir-birinə bağlaya bilmir.
Ancaq yazıçılar üçün xatirələr çox önəmlidir. Yazıçının inkişafına, məhsuldar olmasına hər zaman kömək edə bilir. Ona görə də xatirələr yazıçılar üçün lazımlı materiallardı. Yaşanmış hadisələr zaman keçdikcə yazıçın yaddaş arxində toplanır və gün gələndə əsərə çevrilir.