Azərbaycan–İtaliya münasibətlərində yeni strateji mərhələ- ÖZƏL
11:23 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı il mayın 4-də Azərbaycana səfəri zamanı verdiyi bəyanat iki ölkə arasında əlaqələrin yüksək səviyyəsini və geniş strateji məzmununu bir daha nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib: "Prezident İlham Əliyev çıxışında Azərbaycan və İtaliyanın artıq uzun illərdir ki, strateji tərəfdaş olduqlarını xüsusi vurğuladı. 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamələr bu münasibətlərin hüquqi və siyasi əsasını təşkil edir. Dövlət başçısının sözlərinə görə, bu sənədlərdə əks olunan prinsiplər bu gün real həyatda da uğurla həyata keçirilir və iki ölkə arasında əlaqələrin dərinliyini göstərir.
Çıxışda İtaliya Baş nazirinin Ermənistan səfərindən sonra Azərbaycana gəlməsinin xüsusi rəmzi məna daşıdığı qeyd edildi. Bu addım Azərbaycan-İtaliya münasibətlərinə göstərilən hörmətin və dostluğun bariz nümunəsi kimi qiymətləndirildi.
Prezident İlham Əliyev iqtisadi əlaqələrin də yüksək səviyyədə olduğunu bildirdi. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Energetika sahəsində əməkdaşlıq isə münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir və bu əməkdaşlıq etibarlı tərəfdaşlıq prinsipləri üzərində qurulub.
Təbii qaz ixracı sahəsində də mühüm rəqəmlər qeyd olundu: keçən il Azərbaycanın 25 milyard kubmetr qaz ixracının 9,5 milyard kubmetri İtaliya bazarına yönəlib. Tərəflər bu həcmin artırılması və Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan TAP layihəsinin genişləndirilməsi məsələlərini də müzakirə ediblər.
Bundan əlavə, hərbi-texniki əməkdaşlıq sahəsi də yeni perspektivli istiqamət kimi dəyərləndirilib. Birgə layihələr, istehsalın təşkili və texnologiya mübadiləsi üzrə konkret ideyaların müzakirə olunduğu bildirilib. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına son illərdə təxminən 3 milyard dollar sərmayə yatırması da əməkdaşlığın dərinliyini göstərir.
Çıxışda İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də yüksək qiymətləndirilib. Hazırda 130-a yaxın İtaliya şirkəti ölkədə fəaliyyət göstərir və onların işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr xüsusi vurğulanıb. Qarabağ və Şərqi Zəngəzurda 23 layihənin icrası bu əməkdaşlığın praktik nəticəsidir.
Ən mühüm istiqamətlərdən biri kimi təhsil sahəsi qeyd olunub. Bakıda açılmış İtaliya-Azərbaycan Universiteti artıq 500-dən çox tələbəyə ev sahibliyi edir və gələcəkdə iki ölkə arasında "təhsil körpüsü" rolunu oynayacaq. Bu layihə gənc mütəxəssislərin hazırlanması və qarşılıqlı mədəni elçilərin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan-İtaliya münasibətləri təkcə siyasi və iqtisadi deyil, həm də humanitar və strateji əməkdaşlıq müstəvisində sürətlə inkişaf edir. Bu səfər iki ölkə arasında dostluğun və tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirərək yeni mərhələnin əsasını qoydu".