O yaşlı kişi ilə niyə yatağa girməyə məcbur olur?...

“Gəncə qapıları” Bakıda

Səhnədə yalnız çərçivələrdən ibarət iri qapılar qoyulub. Başqa heç bir dekorasiya yoxdur. Tamaşanın son məşqləridir. Odur ki, bütün heyət səhnədədir. Hər kəs oynadığı obraza köklənib. Söhbət "Gəncə qapıları"ndan gedirsə, deməli səhnədəki obrazlar kimlərin obrazlarıdır, bəlli olur. Təbii ki, Gəncə xanı da başda olmaqla Azərbaycan xanları, Gürcü knyazı, erməni yaltağı və Sisyanov. Əsərin məzmunu da elə bu sadaladığım obrazlardan məlumdur.

Tarixi prosesin fonunda ayrı-ayrı şəxsiyyət və şəxsiyyətsizlərin bu prosesdə hansı rolu oynadıqları danışılır. Məhz danışılır, Hüseynbala Mirələmovun "Gəncə qapıları" adlı pyesi nəql etmə formasındadır. İştirakçılar, məsələn, elə götürək Cavad xanın özünü - səhnəyə çıxır və özü haqda danışır, arada danışdığı hekayəti səhnələşdirilmiş formada göstərir. Əynində də nə Cavad xanın qiyafəsi var, nə də qılınc-qalxan götürüb. Sadə, olduğu kimi, aktyor kimi geyindiyi qiyafədədir. Odur ki, səhnədə də Cavad xanın taxt-tacı kimi dekorasiya yoxdur.

Belə quruluş Milli Dram Teatrının səhnəsi üçün xarakterik olmadığı üçün kollektiv bir qədər həyəcanlıdır. Birdən tamaşaçı bunu qəbul etmədi.
Bir qədər həyəcanlı, məsuliyyətli, bir qədər də tələsik məşq gedir.
Hüseynbala Mirələmovun əsərlərinə quruluş verməklə onun etibarını qazanıb, daha bir əsərini həvalə etdiyi rejissor Bəhram Osmanov danışmağı sevmir, daha çox iş görməkdə mahirdir. Bu səbəbdən onu gördüyü işdən heç ayırmaq istəyinə düşmədən məşqi izləyirik. Gürcü qızı Nona atasının göstərişi ilə Sisyanovu qarşılayıb, onu yüz illik gürcü şərabına qonaq edir, həm də təkcə şəraba deyil. Tarixi o qədər də yaxşı oxumadığını etiraf edən bizim fotoqraf Ramil tamaşanın məşqində yaman əsəbiləşir: "Qadın yıxmayan evi kim yıxa bilər? Vəfa yıxdı Cavad xanın evini!"

Onun bu qəzəbli cümləsindən sonra Nona obrazını məşq edən Vəfa Zeynalovaya yaxınlaşıram: "Nonaya qarşı nifrət oyada bilirəmsə, demək rolum uğurlu alınıb. Rolum mənfidir, təbii olaraq ona nifrət aşılamalıyam. Rolun mənim üçün mənfisi yoxdur, əksinə, mənfidirsə, deməli orda aktyor üçün daha maraqlı iş var. Nona knyaz qızıdır, gözünü açandan ona aşılanıb ki, vətən üçün hər şeydən keçməyə hazır olmalısan. Zaman gəlir, o, yaşlı Sisyanovla yatağa girməli olur, bu təklifi atasından qəbul edir, çünki bundan Gürcüstan knyazlığının taleyi asılı idi. Bu qızın bədənində bir üşütmə var, bu soyuq onun bədəninə hardan gəlir, anlaşılmır. Ona elə gəlir ki, Sisyanovun yatağında qızınacaq, bunu ona deyir də. Deyir mən elə bilirdim sənin yatağında qızınacam, amma elə olmadı, deyəsən bu üşütmə mənim qəlbimdədir, əbədidir. Həmin üşütmə Sisyanovun da canında var. Nona özünü Gürcüstan üçün fəda edir, nəticədə Sisyanov Gəncəni alır, Cavad xanı məhv edir, amma üşütmə həminki kimi canlarındadır. Hər ikisi, onların timsalında işğal edən ölkə vahimə, üşütmə içində qalır. Belə bir maraqlı, çətin dönüşləri olan obrazdır, çətin obrazdır. "

Vəfa Nona obrazına yaxşı daxil ola bilib. Onu açmasından - gürcü knyazının qızına xas yerişlə səhnəyə daxil olmasından da hiss olunur. Maraqlı olan bilirsiniz nə idi? Nonanı - içinə üşütmə düşən bir qızı yaradır, amma roldan çıxan kimi istidən yaxasını az qala dartıb cırmaq istəyi ilə səhnə arxasına keçir. İstidə də üşüyürmüş kimi görünmək asan məsələ deyil. Ona uğur arzulayıb baş rolun ifaçısına üz tuturam. Bayaqdan rejissor onun adını çəkəndə bir dəfə "əməkdar artist, xalq artisti" -deyə nəyəsə eyham edirdi. Kazım Abdullayev də bir dəfə dodaqaltı cavab verdi "neyniyirəm, daha 60 yaşım var". Bu sənətkarların da bir yaralı yerləri var da- fəxri adlar. Amma adamın Allahı var, həqiqətən haqsızlıq adama yaman yer eləyir. Nə isə. Kazım Abdullayev hələ Bələdiyyə Teatrında işlədiyi vaxtlar - saç-saqqalı hələ ağarmamışdı, - ondan müsahibə alarkən içimdən keçən bir fikri dilə gətirdim. Dedim ki, sizi Azərbaycan xanlarının obrazında görürəm.

Cavad xan obrazını oynayan Kazım Abdullayev: "Azərbaycan xanlarının hamısını oynadım. Kəlbəli xanı oynamışam, Fətəli xanı, İbrahim xanı oynayıram, indi də Cavad xanı məşq edirəm. Cavad xan şərəfli tariximizdir. Onun obrazını səhnədə canlı surətdə yaratmaq məsuliyyətdir. Camaat Cavad xanı sevir, tamaşaçı sadəcə, səni Cavad xan kimi qəbul etməyə bilər. Hələ ki, iş prosesidir, premyeraya az qalıb."

Cavad xanın həyat yoldaşı Şükufə xanımı oynayan Mətanət Atakişiyeva:

"Şükufə xanım Cavad xanın təkcə baş hərəmi deyil, həm də dostu, silahdaşıdır. Onun sonrakı hərəmləri belə Şükufə xanımın məsləhəti əsasında baş tutan sevdalardır. Dövlət maraqlarına görə Cavad xan Şükufə xanımın məsləhəti ilə onlarla evlənib. Son döyüşdə də Şükufə xanım Cavad xanın yanında olur. Sisyanovun ona pul təklifini də rədd edir, Cavad xanı İranda dəfn etmək təklifini də. Deyir Cavad xan İran uğrunda şəhid olmayıb ki, İranda dəfn olunsun. Əsər bu günlə səsləşir, müharibə şəraitində yaşayırıq. Bu gün hər bir azərbaycanlı qadın, ana Şükufə xanım dəyanətdədir, mən buna çox inanıram. Bizim qadınların içində qürur, vətənpərvərlik, ərlərinə arxa olmaq var. Qadınlarımız döyüşkən ruhludur, ona görə də zaman-zaman yeri gəldikdə bunlar ortaya çıxır."

Məşq boyu diqqətimi ən çox çəkən Abbas Qəhrəmanovdur, Sisyanov obrazını məşq edir. Bu aktyorun pis rolunu görməmişəm, amma nədənsə onun potensialını bütünlüklə ortaya qoya biləcək obrazı yoxdur. Sisyanov rolu potensialını bir az ortaya çıxara bilər. Bəlkə rejissorlar bunu sezə bildi. Onda həm komediya, həm faciə, həm müsbət, həm də mənfi obrazları eyni məharətlə yarada bilmək bacarığı var. Şəxsiyyəti barədə isə, gələcək yazılarımda.

O ki, qaldı Sisyanov obrazına - artıq məşq etməyindən görünür ki, aktyor bütünlüklə Abbas deyil, Sisyanov olmağı bacarıb.

Rejissorun işi çox çətindir, bunu məşqlərdən etdiyim reportajlarda dəfələrlə görmüşəm. Xüsusən də məsuliyyətli rejissorun. Bəhrəm Osmanov maşallah, tamaşanın birini Musiqili Komediya Teatrında yenicə təhvil verib dərhal da Milli Dram Teatrında bu tamaşanın məşqlərinə başlayıb. Deyəsən azad, müstəqil rejissor kimi işləmək fikri ona uğur gətirir. İndi daha məhsuldardır. Son məşqlərdir deyə səhnəyə, aktyorların oyununa, işığa, kölgəyə, hansı replikadan sonra hansı musiqinin gələcəyinə, ümumilikdə bütünlüklə tamaşada mizahların yerli- yerində olması üçün hər şeyə eyni vaxtda fikir verir. Bunun üçün də Bəhram Osmanovun səsi gah aşağıdan gəlir, gah yuxarıdan. Aktyora mizan verir, işıqçıya burda filan replikadan sonra filan musiqini verəcəksən, deyir. Bir tərəfdən də mikrofon məsələsi.

Aktyorlar yaxalarında mikrofon danışırlar. O mikrofon həm səsi ucaltmalıdır, həm də tamaşaçı yaxadakı mikrofonu görməməlidir, eləcə də aktyor mikrofonu maneə kimi hiss etməsin gərək. Bu işə baxan artıq əsəbiləşməyə başlayıb, mikrofon bizlik deyil -deyir, bir-bir hamısı xarab olub, sıradan çıxır. Sabah yazsam ki, mikrofon lazımdır, verməyəcəklər. Növbəti dəfə rejissorun soyuyan çayı təzələnir, o, isə çay hayında deyil.

Rollarda Rafik Əzimov, Hacı İsmayılov da var. Öz qızını Sisyanova bir gecəlik hədiyyə edən "qeyrət simvolu" Gürcü knyazını oynayan Əli Nur da obraz üzərində işini bitirsə, tamaşa tam hazır olacaq.

Premyeraya da zatən sayılı günlər qalıb. "Gəncə qapıları" tamaşası çox sadə dildə, asan yolla Azərbaycanın həmin dövr tarixini bilməyənlər üçün dərs vəsaiti, bilənlər üçün isə xatırlatma ola bilər.

Ramilə Qurbanlının "Məşqdən reportaj"ında  kulis.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31