Bakı–Daşkənd tandemi iki regionu bir-birinə bağlayan siyasi xətt yaradır- ŞƏRH
13:01 SiyasətYunus Oğuz
Azərbaycan-Özbəkistan müttəfiqliyi artıq ikitərəfli münasibətlər çərçivəsini aşaraq daha geniş regional geosiyasi və geoiqtisadi proseslərin mühüm dayaqlarından birinə çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı bu ölkənin Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Ali Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi, 2030-cu ilə qədər ticarət həcmini 1 milyard dollara çatdırmaq proqramı, bir sıra digər mühüm sənədlərin imzalanması, birgə layihələrin təqdimatı və verilən mühüm mesajlar yalnız Bakı ilə Daşkənd arasındakı münasibətlərin gələcək inkişaf istiqamətlərini yox, Xəzərdən Mərkəzi Asiyaya qədər uzanan yeni əməkdaşlıq coğrafiyasının perspektivlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin təbirincə desək, bu səfəri sadəcə protokol səfəri kimi yox, Azərbaycan-Özbəkistan müttəfiqliyinin iqtisadi və geosiyasi baxımdan dərinləşdirilməsi kimi qiymətləndirmək olar.
Dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan Prezidentlərinin mühüm istiqamətləri əhatə edən Əbədi dostluq münasibətləri haqqında müqavilənin imzalaması iki ölkə arasında münasibətlərin mahiyyətini daha aydın şəkildə ortaya qoyan mühüm siyasi hadisədir. Azərbaycan bununla bir ilkə imza atmış olur. Belə ki, "Əbədi dostluq münasibətləri haqqında müqavilə" siyasi, hüquqi və diplomatik baxımından yeni bir presidentin əsası kimi qiymətləndirilir. Dünya dövlətlərinin nüfuz, mövcud olmaq uğrunda savaş apardığı bir məqamda belə bir sənədin imzalanması dövlətlərin bir-birinə etimad, dostluq və qardaşlıq nümunəsinin göstəricisidir. İlk dəfə olaraq Özbəkistanla imzalanan bu sənəd əsrlər boyu xalqlarımızın tarixi yaddaşında, ortaq mədəniyyətində və mənəvi dəyərlərində formalaşmış qardaşlıq münasibətlərinin siyasi müstəvidə daha yüksək səviyyədə təsbitini ifadə edir. Başqa sözlə, tarixən mövcud olan Azərbaycan-Özbəkistan dostluğu artıq dövlətlərarası münasibətlərin hüquqi-siyasi bazasında yeni məzmun qazanır.
Səfər zamanı imzalanan sənədlərin xülasəsi deməyə əsas verir ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq daha praktik mərhələyə keçir. Nəzərə almaq lazımdır ki, artıq Azərbaycan tərəfindən Özbəkistanda real investisiya layihələri həyata keçirilir. Bank, sənaye, məktəb, yanacaqdoldurma məntəqələri, turizm və yaşayış layihələri bunun göstəricisidir. Səfər zamanı imzalanan sənədlər nəqliyyat dəhlizləri baxımından da əhəmiyyətlidir. Azərbaycan Özbəkistan üçün Mərkəzi Asiyanı Qafqaz və Avropa ilə birləşdirən əsas çıxışlardan biridir. Buna görə Bakı limanı, Orta Dəhliz və Xəzər üzərindən daşımaların genişlənməsi iki ölkənin maraqlarının kəsişdiyi əsas istiqamətlərdəndir. Bu xətt üzrə əvvəlki razılaşmalarda ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması hədəfi də müəyyən edilmişdi. Azərbaycanın Özbəkistanda iqtisadi izi böyüyür. "Baku City", "Sea Breeze Uzbekistan", SOCAR layihələri, "Davr Bank", məktəblər və digər layihələr göstərir ki, əməkdaşlıq artıq yalnız dövlətlərarası müqavilələr səviyyəsində qalmır.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın inkişaf səviyyəsi deməyə əsas verir ki, Mərkəzi Asiya ilə əlaqələr üçün Bakı daha mühüm qovşağa çevrilə bilər. Azərbaycan-Özbəkistan tandeminin güclənməsi Türkmənistan və digər Mərkəzi Asiya ölkələri ilə üçtərəfli və çoxtərəfli əməkdaşlığa da impuls verə bilər. 2025-ci ildə Azərbaycan, Özbəkistan və Türkmənistan liderlərinin Türkmənbaşı görüşü bu istiqamətin artıq formalaşdığını göstərmişdi.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı və Yeni Daşkənddə "Azərbaycan" parkının təməlinin qoyulması münasibətlərin humanitar, təhsil və mədəni tərəfini gücləndirir. Xatırladaq ki, Azərbaycanın Mərkəzi Asiyaya, Özbəkistanın isə Qərbə çıxış imkanları mövcuddur. Hazırda hər iki ölkənin iqtisadi inkişafı tələb edir ki, Özbəkistanın Türkiyə və Avropa bazarlarına çıxışı təmin olunsun. Məhz Azərbaycan Xəzər üzərindən bu bağlantını yaratmaq imkanına malikdir. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan-Özbəkistan münasibətləri siyasi qardaşlıqdan iqtisadi, nəqliyyat, investisiya və texnologiya baxımından konkret strateji tərəfdaşlığa çevrilir. Üstəlik, 23 avqustda imzalanan sənədlər və təməli qoyulan layihələr göstərir ki, bu artıq yalnız vəd deyil, icrasına başlanmış gündəlikdir. Təsadüfi deyil ki, Özbəkistan Prezidenti Mirziyoyev də səfəri və əldə olunan razılaşmaları tarixi əhəmiyyətli kimi qiymətləndirib. Ümumilikdə Azərbaycan prezidentinin Özbəkistana səfəri real nəticələrlə müşahidə olunur. Əsas nəticə budur ki, Bakı-Daşkənd münasibətləri artıq "dostluq diplomatiyası"ndan çıxaraq qarşılıqlı iqtisadi və geostrateji asılılıq yaratmağa doğru gedir.