Kitab mağazalarına həsrət Bakı - ARAŞDIRMA
ANS PRESS sakinlərimizin mütaliədən nə səbəbə uzaq düşdüyünü araşdırdı
20 İyun 2012 16:30 MədəniyyətBu yaxınlarda Rusiyada yaşayan qohumlarımızdan biri Bakıya qonaq gəlmişdi. Uzun müddətdir Bakıya gəlməyən orta yaşlı tanış istirahəti zamanı mənəvi qida almaq üçün kitab oxumaq istədiyini bilirdi. Qohumum kitab almaq üçün "Kitab pasajı" deyilən yerə getmək istədiyini dedi. Ona hazırda adıçəkilən yerin adınauyğun fəaliyyət göstərmədiyini izah etsəm də kitab almaq üçün ağlıma "Əli və Nino" mağazasından başqa məkan gəlmədi.
Sovet dövründə kifayət qədər kitab mağazası olan Bakıda bu gün ixtisaslaşmış kitab mağazaların sayaı barmaqla sayılacaq dərəcədə azdır. Belə ki, 3 milyondan çox əhalisi olduğu bildirilən paytaxtda 8-10 belə mağaza fəaliyyət göstərir. Onların da böyük bir qismi "Əli və Nino" kitab mağazaları şəbəkəsinə məxsusudur. Belə ki, bu gün 5 mağazası olan "Əli və Nino" 30 mindən artıq klassiklərin əsərlərini, müasir Azərbaycan, rus və xarici ədəbiyyatı, uşaq kitablarını, dərslik və peşəkar nəşrləri, rəsm albomlarını və əcnəbi dillərdə kitabları təqdim edir. İllər öncə kitab mağazası olan yerlərin əksəriyyəti isə profini dəyişib. İndi kitab mağazalarında ya geyim, ya ərzaq malları satılır.
Vaxtilə ən böyük kitab satışı məkanlarından biri olan "kitab passajı"nın isə bu gün sadəcə adı qalıb. Bir necə il öncə "Azərkitab" Kitab-Ticarət Birliyi də ləğv edildi.
Sovet dövründə Azərbaycan oxucuların sayına görə, Ümumittifaq ölkələrinin əksəriyyətindən geri qalsa da kitaba maraq o qədərdə az deyildi.
Bu gün Kitab Klubunun direktoru Elxan Rzayev ANS PRESS-ə açıqlamasında ölkədə kitaba marağın az olmasının bir neçə səbəbi olduğunu deyir. "Birincisi məsələ ondan ibarətdir ki, sovet dövüründə kitab birbaşa dövlət nəzarətində idi. O vaxt Azərbaycanda olan çoxsaylı kitab mağazaları, kitabxanalar dövlət vəsaiti hesabına saxlanılırdı. SSRİ-nin dağılması ilə bağlı bütün bu işlər də dəyişdi", - deyə Elxan Rzayev bildirir.
E.Rzayev 2003-cü ilə müqayisədə ölkədə kitab oxuyanların sayının get-gedə artdığını hesab edir. Kitab Klubunun direktoru bu artım tempinin onun istədiyi səviyyədə olmadığı qənaətindədir.
Şübhəsiz hər şey müqayisədə üzə çıxır. Müqayisə üçün bildirək ki, vaxtilə SSRİ-nin tərkibində olan Ukraynada 45 milyon əhaliyə 1479 kitab dükanı düşürdü. Bu isə 30 min insana 1 kitab dükanı eməkidi. Əhalisinin sayı təxminən 4,5 milyon nəfər olan qonşu Gürcüstanda isə 75 kitab dükanı var idi. Bu mağazalardan 25-i Tiflisdə, 50-si bölgələrdə fəaliyyət göstərirdi. Avropa ölkələrində hər 20 min insana 1 kitab evi düşdüyü halda Azərbaycanda 900 min nəfərə 1 kitab evi düşür.
Şair Səlim Babullaoğlu isə sovet dövründə də Azərbaycanda o qədər çox kitab mağazası olmadığı düşündüyünü desə də, indi Bakıda 10-dan kitab mağazasının olmasının çox gülünc bir göstərici adlandırıb. Səlim Babullaoğlu bu faktın hətta bir neçə il öncə Bakıda olan Polşalı yazıçını da təəcübləndirdiyini bildirir.
"Əvvəllər Bakıda "kitab pasajı" var idi. İndi həmin məkan fəaliyyət göstərmir. Nizami heykəlinin yanında, Puşkin heykəlinin yanında kitab satılırdı, Gənclikdə parkın içərisində böyük kitab satışı yeri var idi. Bunların heç biri yoxdur. İndiki İstiqlaliyyət küçəsində Monolit adlanan binada kitab mağazası var idi. Əslində belə şeylər tarixi, mədəniyyəti ilə öyünən, mədəni mərkəz hesab edilən şəhərlərin simasıdır. Daha doğrusu onların portretlərinin əlavə ştrixləridir. Mən hesab edirəm ki bunlar bərpa edilməlidir", - deyə Səlim Babullaoğlu gileylənib. .
Mütəxəssislər ölkədə kitaba olan marağı artırmaq üçün qanunvericiliklə kitab çapı ilə məşğul olanlara əlavə imtiyazlar verməli olduğunu hesab edirlər. Onlar kitab çapı üçün münbit şəraitin yaradılması üçün kitab satışı ilə məşğul olanlara əlavə imtiyazlar, vergi sahəsində güzəştlər tətbiq edilməsini mümkün sayırlar. Axı bir həqiqət də var ki, kitaba olan marağı artırmaq üçün bizim öz üzərimizə də çox iş düşür.
Bakı kimi böyük şəhərlərdə ərzaq mağazaları, pal-paltar dükanları ilə yanaşı heç şübhəsiz ki, kitab mağazalarının çox olması vacibdir. Axı insana geyinmək, qidalanmaqla yanaşı mənəvi qida da lazımdır. Mənəvi qidanı isə ən çox kitab səhifələrindən əldə etmək olar. Bakıda və ümumiyyətlə bölgələrdə kitab mağazalarının sayı daha çox olarsa bu həm vətəndaşlarımız həm də ölkəmizə qonaq gələn əcnəbilər üçün də göydəndüşmə olar.