Ozan-aşıq sənətinin Gülabı
18 İyun 2012 16:04 MədəniyyətBorçalı ozan-aşıq sənətinə ağır itki üz verib. Borçalı bülbülü Xındı Məmmədin, Dədə Əmrahın, Xan Kamandarın müqəddəs və mübarək yolunun "Meydanda mərdi-mərdanə"(Xındı Məmməd) urvatlı davamçısı olan usdad aşıq Gülabı Xındıməmmədoğlu iyunun 8-də, ömrünün peyğəmbər yaşında dünyasını dəyişib. 1950-ci ildə sazlı-sözlü Borçalı mahalının ağır-abır ellərindən olan Qaş Muğanlı kəndində usdad ocağında dünyaya gəlmişdi. Atası Xındı Məmməd sazı-sözü ilə dövrünün azman sənətkarlarından sayılırdı. Şair Ağacan, Faxralı Şair Nəbi, Bəyazidli aşıq Məsim, Təhləli Novruz və digər məhşur el şairləri və aşıqları ilə şerləşmişdi. Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar, Aşıq Ziyəddin kimi Sənət meydanında Borçalı çökəyinin adını şərəflə təmsil edən onlarla şəyirdlər yetirmişdi. Onlardan biri də usdadın öz oğlu Aşıq Gülabı idi. Gülabı Borçalı ozan-aşıq sənətinin Türk dünyasına bəxş etdiyi növbəti sənət möcüzələrindən biri idi. Allah Gülabıya sənətində dahi olmaq üçün bütün şərtləri vermişdi. O, da bu şərtlərdən məharətlə istifadə etdi. Sazla-sözlə xamırı yoğrulub, kündəsi kəsilən aşıq, öz ecazkar ifaları ilə sazın bütün sirrini, sehrini, fəlsəfəsini aça bilirdi. Qara sazı barmağı ilə yox ürəyi ilə çalırdı. Gülabı saz çalanda sanki ürəyi barmağının ucunda olurdu. Axırı da belə... Ürəyinnən getdi aşıq Gülabı. Lakin ürəknən getmədi. Ürəyi sazında idi. Sazı isə hələ çoox yaşıyacaq. "Ölüm ömrün sonu deyil"(Akif SƏMƏD). Elə təskinliyimiz də budur. Allah rəhmət eləsin!
Yanğı ilə Həmid ORMANLI
Aşıq Gülabı XINDIMƏMMƏDOĞLU
Allah
Könül sızıltısı, ürək ağrısı,
Bəxtimə yazılan yazımı, Allah!
Yandırır sinəmi ağrı-acısı,
Deyə bilməyirəm sözümü, Allah!
Dağlara üz tutub gəzə bilmirəm,
Əl atıb gülünü üzə bilmirəm.
Köç-köç olur ellər, dözə bilmirəm,
Özün ver dözümü, dözümü, Allah!
Dərdlərim dəfn olub, yox olmalıdı,
Arzular cücərib boy atmalıdı.
Gülabı dünyadan kam almalıdı,
Almaynan əlimdən sazımı, Allah!
Sazım
Başımda çox hava, çox havacat var.
Dillən telli sazım, din, telli sazım.
Ürəyimdə hələ çoxdu atəşim,
Alış telli sazım, yan telli sazım.
Bir payız axşamı dolur ürəyim,
Yaman yaralanır, solur ürəyim.
Sızıldayır, şan-şan olur ürəyim,
Canım telli sazım, can telli sazım.
Ya Rəbb, bu ah nədi, bu nala nədi?
Gülabı dəlidi, ya divanədi?
Usdadlar usdadı Xındı Məmmədi
Axtar telli sazım, an telli sazım.
Səməd bəyim
Yaman köyrəlibdi qoca Borçalı
Mürşüdüm, sultanım, a Səməd bəyim.
Bəs kimi axtarım, bəs kimi anım,
Mürşüdüm, sultanım, a Səməd bəyim.
Alosman elinə talan saldın sən,
Calalı kürdünə qılınc çaldın sən.
İran deyiləndən xərac aldın sən,
Mürşüdüm, sultanım, a Səməd bəyim.
Hanı İsmayıl bəy, İsgəndər ağa?
Hanı Hasan bəynən Məhəmməd ağa?
Hanı İsrafil bəy, Cahandar ağa?
Mürşüdüm, sultanım, a Səməd bəyim.
Bir zaman xalqımın dayağı idin,
Qoca Borçalının pənahı idin.
Sən mənim mürşidim, mənsə müridin,
Mürşüdüm, sultanım, a Səməd bəyim.
Oyan, dur məzardan qisas çağıdır,
Sinəmi dağlayan düşmən dağıdır
Gülabının ömrü qəm oylağıdır
Mürşüdüm, sultanım, a Səməd bəyim.