Azərbaycan və Özbəkistan: Əməkdaşlıqdan strateji inteqrasiyaya-ÖZƏL
15:24 Siyasət"Azərbaycan Prezidentinin Özbəkistana son dövlət səfəri, burada əldə olunan razılaşmalar, "Əbədi Dostluq haqqında Müqavilə"nin imzalanması, Ali Dövlətlərarası Şuranın toplantısının keçirilməsi, prezidentlərin hər iki ölkənin ali mükafatları ilə təltif olunması, əldə olunan digər razılaşmalar, imzalanan sənədlər və planlaşdırılan yeni layihələr siyasi, iqtisadi və mədəni platformalarda hər iki dövlətin çox mühüm bir mərhələyə daxil olduğunun göstəricisidir.
Təbii ki, bu müqavilə həm yeni imkanlar açır, əməkdaşlığın yeni formatını müəyyənləşdirir və onu yeni mərhələyə çıxarır, həm də yeni öhdəliklər yaradır. Bu sənədin ortaya çıxması hər iki dövlət başçısının gələcəkdə əməkdaşlığı daha da genişləndirmək istəyinin göstəricisidir".
Bu fikirləri "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında söyləyib:
" Bu sənədin imzalanması gələcəkdə hər iki dövlətin bir-birinə daha sıx bağlarla bağlanacağının əyani göstəricisidir. Azərbaycan-Özbəkistan əməkdaşlığının güclənməsi, təbii ki, dünyanın, Avrasiyanın iki aparıcı regionu- Cənubi Qafqaz və Mərkəzi Asiyanı bir-birinə sıx bağlayan mühüm məsələdir.
Azərbaycanın artıq Mərkəzi Asiya ölkələri ilə əlaqələrini, Mərkəzi Asiya dövlət başçılarının toplantılarında yüksək səviyyədə təmsil olunmasını nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan da Mərkəzi Asiyanın bir tərkib hissəsinə çevrilməkdədir.
Bu da üstünlük yaradır. Nə üstünlük? Yəni Cənubi Qafqaz kimi önəmli regionla Mərkəzi Asiya kimi vacib regionu bir-birinə qovuşdurur. Boşuna deyilmirdi ki, Azərbaycanın Orta Dəhliz məsələsində Şərqlə Qərbi birləşdirən İpək yolunun icrasında, nəqliyyat-logistika məsələlərində açar rolu oynayır. Həmin açar rolu oynayır dediyimiz məsələ məhz budur. Mərkəzi Asiyanı Cənubi Qafqazla, Asiya ilə Avropanı birləşdirir. Yəni, sadə bir əməkdaşlıq kimi görünən Azərbaycan-Özbəkistan münasibətləri, görün, nə boyda və nə qədər iri geosiyasi, geoiqtisadi məsələlərin inteqrasiyasına, bir araya gəlməsinə təminat verir. Bu baxımdan çox önəmlidir və hesab edirəm ki, hər iki regionun- Cənubi Qafqazla Mərkəzi Asiyanın-bir araya gəlməsi, yaxınlaşması çox müsbətdir. Nəzərə alaq ki, hər ikisi də Türk bölgəsi sayılır. Bu baxımdan Azərbaycan və Özbəkistanın bu istiqamətdə çalışmalarını həm də Türk dünyasının birliyinə verilən əhəmiyyətin önəmli töhfəsi kimi qeyd edə bilərik".
Zeynəb Mustafazadə