Orta Dəhliz Bakı–Daşkənd münasibətlərində yeni geosiyasi əhəmiyyət kəsb edir-Özəl

"Azərbaycan-Özbəkistan münasibətlərində ən diqqətçəkən tendensiyalardan biri siyasi müttəfiqliyin iqtisadi məzmunla tamamlanmasıdır. Ticarət dövriyyəsinin qısa müddətdə əhəmiyyətli dərəcədə artması ümumi mənzərənin yalnız bir hissəsidir. Daha mühüm məsələ investisiya və istehsal əməkdaşlığının genişlənməsidir. 500 milyon dollarlıq kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti bu baxımdan sadəcə maliyyə institutu deyil, iki iqtisadiyyatın bir-birinə daha sıx bağlanması üçün mexanizmdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: 

"Avtomobil istehsalı, neft-kimya, kənd təsərrüfatı, turizm və digər sahələrdə birgə layihələrin meydana çıxması əməkdaşlığın xarakterinin dəyişdiyini göstərir. Tərəflər artıq yalnız bir-birinə məhsul satmaqla kifayətlənmir, birgə istehsal və investisiya imkanları axtarırlar. Bu isə münasibətlərin iqtisadi dayanıqlığını artırır. Azərbaycan şirkətlərinin Özbəkistanda, Özbəkistan şirkətlərinin isə Azərbaycanda artan fəaliyyəti iki ölkənin biznes mühitləri arasında qarşılıqlı marağın formalaşdığını göstərir. Gələcək mərhələdə əsas məsələ bu əməkdaşlığı ayrı-ayrı layihələrdən regional istehsal və logistika zəncirlərinə çevirmək olacaq".

Deputat hesab edir ki, Orta Dəhliz Bakı-Daşkənd münasibətlərində yeni geosiyasi əhəmiyyət kəsb edir: "Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi iki ölkəni təbii tranzit tərəfdaşlarına çevirir. Birinin Xəzər üzərində mövqeyi, digərinin isə Mərkəzi Asiyanın mərkəzində yerləşməsi onların iqtisadi və coğrafi üstünlüklərini bir-birini tamamlayan faktorlar kimi ortaya çıxarır. Bu mənada Orta Dəhliz sadəcə nəqliyyat marşrutu deyil. O, Bakı ilə Daşkənd arasında strateji əlaqənin iqtisadi dayaqlarından biridir.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhlizlə inteqrasiyası baş tutduğu halda Mərkəzi Asiyanın şərqindən Avropaya qədər uzanan daha bütöv logistika sistemi formalaşa bilər. Azərbaycan bu sistemdə Xəzərdən sonrakı əsas halqalardan birinə çevrilir. Özbəkistan üçün bunun əhəmiyyəti dünya bazarlarına çıxış imkanlarının genişlənməsidir. Azərbaycan üçün isə nəticə yalnız tranzit gəlirlərinin artması ilə məhdudlaşmır. Bakı beləliklə Mərkəzi Asiyanın Avropa ilə iqtisadi əlaqələrinin qurulmasında daha mühüm geoiqtisadi mövqe əldə edir.

Ölkəmizin başçısının müsahibəsində vurğulandığı kimi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakı mühüm önəmə mlaikdir.  Bu addım ilk baxışda regional formatın genişləndirilməsi kimi görünə bilər. Əslində isə daha böyük prosesin göstəricisidir. Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərini yalnız ikitərəfli əlaqələr və Türk Dövlətləri Təşkilatı çərçivəsi ilə məhdudlaşdırmır. Bakı regionun çoxtərəfli siyasi dialoqunun birbaşa iştirakçısına çevrilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31