Kann kinofestivalında Azərbaycan pavilyonu

Xəbər verdiyimiz kimi, 2013-cü il mayın 15-dən 26-dək Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival keçirilir. İndiyədək festivalda müsabiqə filmlərindən tanınmış fransız rejissoru Fransua Ozanın "Gənc və gözəl" filminin, Qızıl Qlobus və Oskar mükafatları laureatı İran rejissoru Əsgər Fərhadinin Fransada çəkdiyi "Keçniş" filminin, eləcə də bir sıra İngiltərə, Yaponiya, Hollandiya filmlərinin təqdimatları keçirilib. Festivalda iştirak edən kino tənqidçilərin rəylərinə görə, indiyədək nümayiş olunan filmlərin bədii səviyyəsi hələ ki, müsabiqənin favoritini müəyyən etməyə əsas vermir. Ötən il olduğu kimi, bu il də festivalda təmsil olunan Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Azanfilm"in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslər daxildir. Kannın məhşur Kruazet xiyabanında təşkil olunmuş festival şəhərciyində Azərbaycan pavilyonu fəaliyyətini davam etdirir. Azərbaycan nümayəndə heyəti festivalda təmsil olunan ölkələrin bir sıra kino şirkətlərinin nümayəndələri ilə işgüzar görüşlər keçirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovun müştərək film istehsalı ilə bağlı Türkiyə, Fransa, ABŞ, Rusiya, Ukrayna, Serbiya, İran prodüserləri ilə apardığı danışıqlar zamanı ilkin razılaşmalar əldə olunmuş və bu razılaşmaların sonrakı mərhələlərdə konkret layihələrə çevrilməsi üçün zəmin yaranıb. 
Azərbaycan Pavilyonunu ziyarət edən qonaqlar ölkəmizin turizm imkanları haqqına geniş məlumat verən bukletlər, reklam açıqcaları və filmlərimizin əks olunduğu videoçarxlara böyük maraq göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31