Azərbaycanın Rusiyaya verdiyi səsləri kim oğurladı?
20 May 2013 23:46 MədəniyyətAzərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mayın 20-də APA-ya bildirib ki, prezident İlham Əliyev "Avroviziya 2013" mahnı yarışmasında Azərbaycandan Rusiya təmsilçisinə göndərilən səslərin sayılması məsələsində yaranmış problemin araşdırılmasına göstəriş verib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov "Media forum" saytına deyib ki, Azərbaycandan Rusiya təmsilçisinə verilmiş səslərin sayılmasında problem yaranması haqda məlumata malik deyillər.
Azərbaycanın xarici ölkələrlə telefon danışıqlarını təmin edən "Aztelekom" İstehsalat Birliyinin sədr müavini Zahir Vəliyev "Media forum"a bildirib ki, səslərin bir ölkəyə getməsi, digərinə isə getməməsi mümkün deyil: "Səslərin bizim üzərimizdən keçən hissəsi eyni kanalla gedir. Ona görə də digər ölkələrə səs getdiyi halda Rusiyaya getməməsi mümkün deyil".
"Avroviziya" yarışması müddətində sistemin normal işlədiyini deyən Zahir Vəliyev bildirib ki, Rusiyaya nə qədər səs göndərildiyi haqda məlumatı yoxdur: "Bunu mobil operatorlar bilər. Biz daşıyıcıyıq, nə gəlib, onları göndərmişik. Hansı ölkəyə nə qədər səs verildiyini mobil operatorlar bilir. Bizim vəzifəmiz səsləri Azərbaycandan çıxarmaq və ayrılmış kanallarla təşkilatçılara çatdırmaqdır. Bununla bağlı heç bir problem və şikayət olmayıb. Heç kim rabitənin dayanması haqda şikayət etməyib. Olsaydı, biz bununla məşğul olardıq, aradan qaldırardıq.
"Avroviziya" səsləri xaricdə hesablanır. Ola bilər ki, orada düzgün hesablamayıblar, yaxud Rusiyanın deyil, başqa ölkənin adına sayıblar".
Onun sözlərinə görə, SMS səsverməsi mobil operatorların data kanalları vasitəsilə də göndərilir.
"Azercell"in mətbuat xidmətindən "Media forum" saytına bildirilib ki, şirkət "Avroviziya" yarışmasının səsverməsinin keçirilməsi prosesində iştirak etmir.
Mayın 20-də İctimai Teleradionun baş direktoru Cəmil Quliyev bəyanatla çıxış edib. O deyib: "Azərbaycan İctimai Televiziyasının milli mobil operatorlardan aldığı məlumatlara görə, SMS səsvermənin yekun nəticəsi Rusiya ifaçısı Dina Qaripovanın ikinci yer tutduğunu göstərib. Bu da Azərbaycanın milli səsverməsində Rusiyanın xeyrinə yüksək yekun balı təmin etməli idi. Milli münsiflər heyəti də Rusiyaya yüksək qiymət verib.
Azərbaycandan səslərin final hesablanmasında Rusiyanın bir bal belə qiymət almaması ciddi narahatlıq və təəccüb doğurur. Bu gün ictimaiyyətin, ziyalıların bir çox nümayəndələrinin, həmçinin yaradıcı insanların həmin fakt üzrə hiddət və narazılıq ifadə etmələrini başa düşmək olar. Biz onların fikri ilə tam razılaşırıq ki, Rusiya bu il gözəl nömrə və güclü ifaçı ilə iştirak edib.
Hesab edirik ki, SMS səsvermənin yekunlarına görə Azərbaycan tamaşaçısının verdiyi yüksək qiymət, habelə milli münsiflər heyətinin "Avroviziya 2013" mahnı müsabiqəsində Rusiya ifaçısına verdiyi qiymət elan edilmiş bala adekvat deyil.
Ürəkdən inanırıq ki, ola bilsin müəyyən əlaqədar qrupların təşəbbüsü olan bu hadisə Rusiya və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaq"