AMEA-nın müxbir üzvü Nizami Cəfərovun “Açıq məktublar”ı

"Elm və təhsil" nəşriyyatı tərəfindən AMEA-nın müxbir üzvü Nizami Cəfərovun "Açıq məktublar" kitabı çap edilib. Kitabda müəllifin müxtəlif illərdə elm, mədəniyyət və sənət xadimlərinə ünvanladığı 20-dək məktub yer alıb. Kitaba ön söz yazmış ıdəbiyyatşünas alim Rüstəm Kamal qeyd edib ki, Nizamı Cəfərov yaradıcılığında son illər açıq məktub janrı üstünlük təşkil edir. Bu məktublar forma etibarilə epistolyar janra aid olsa da, məzmun baxımından mükəmməl esse təsiri bağışlayır. Həmçinin dəyərli tarixi-ədəbi qaynaq, müasir Azərbaycan ictimai-siyasi filoloji esseistikasının maraqlı örnəyi hesab olunur.
Kitab müəllifin oxucuya məktubu ilə başlayır. Tariximizin və ədəbi proseslərin müxtəlif dönəmlərinə müxtəsər ekskus edən N.Cəfərov bununla bağlı özünəməxsus mülahizələr irəli sürür.

Qeyd edək ki, açıq məktub janrı özündə resenziya, ədəbi portret, məqalə kimi janrların elementlərini birləşdirir. Kitabda toplanmış açıq məktublar bu baxımdan xarakterikdir və müəllifin yüksək erudisiyasından xəbər verir.
Kitabdakı akademiklər Ağamusa Axundova, Vasim Məmmədəliyevə, yazıçı İsa Hüseynova, yazıçı Elçinə, şairlər Zəlimxan Yaquba, Vaqif Səmədoğluna, professor Yəhya Kərimova və başqalarına ünvanlanmış məktublar maraq doğurur. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31