“Nə vaxtdan tərbiyəsizlik reklam olub?” - ŞOU-BİZNES

“Tutaq ki, mənim başım xarabdır, buna görə də söyüş söymüşəm. Sən niyə bunu yayımlayırsan?”

Son zamanlar mediada mədəniyyəti təmsil edən nümayəndələrin daha çox bir-birlərinə atmaca atmaqla gündəmə gəlmələri diqqət çəkir.  Bəzi müğənnilər süni yolla da olsa gündəmə gəlmək, ya da ki toy bizneslərini daha da genişləndirmək xatirinə bu yola əl atmalı olurlar. Təranə Qumral-Musa Musayev arasında baş verən münaqiəşələrin sonradan qurma olduğu söylənildi. Tərəflər öncə bir-birlərini nədəsə ittiham etdilər. Daha sonra isə Musa Musayev məlumatın onun dilindən səsləndirilmədiyini deyərək bir neçə gündən sonra xəbəri inkar etdi. Bu məlumat yanlış idisə o zaman niyə tərəflər mediaya verdiyi açıqlamalarda bir-birlərinə qarşı sərt fikirlər səsləndirirdilər? Mediaya yayılan məlumatla bağlı açıqlama verən Təranə Qumral onu yazıq adlandıraraq psixi problemlərinin olduğunu söylədi. Çox maraqlıdır ki, əgər bu məlumat Musa Musayevin dilindən yayılmasaydı, ilk növbədə həyat yoldaşı Təranə Qumral yayılan məlumatı təkzib edərdi. Təranə Qumralın yayılan məlumatı inkar etməməsi, əksinə bir-birlərinə qarşı daha da sərt reaksiya göstərmələri məlumatın hansısa jurnalistin təxəyyülünün məhsulu olmadığını sübut etdi. Baxmayaraq ki, Musa Musayev öncə çox əsəbi olduğunu, daha sonra isə yenə də bir-birini inkar edən cavablar verməklə məlumatın onun dilindən yayılmadığını dedi. Bir insanın, hətta tanınmış bir şəxsin həyatı haqda məlumatı ancaq özü yaya bilər. Bəzən olmayan şayiələr də yayılır. Bu zaman zərər çəkən tərəf heç bir məhəl qoymayaraq yayılan söz-söhbətlərin qarşısını almağa çalışır. Bir çox hallarda əsl sənətlə məşğul olan, ailəsi ilə gündəmə gəlməyən müğənnilər bu kimi hallarla qarşılaşdıqda məhkəməyə qarşı tərəflə bağlı iddia ərizəsi təqdim edirlər. Nədənsə məlumatın onun dilindən yayılmadığını deyən Musa Musayev bu haqda məhkəməyə heç müraciət də etmədi.

Bu gün şou-biznes xəbərlərində daha çox müğənnilərin bir-birlərinə atdıqları atmacalar daha çox diqqət çəkməklə həm də məlumatı yayımlayan quruma reytinq gətirir. Bir çox hallarda yaşlı nəsil tərəfindən müsbət qarşılanmayan gənc ifaçılar da onlar tərəfindən qınaq obyektinə çevrilirlər. Müğənni Əli Mirəliyev də həmkarımız, həm də gənc müğənni Cavanşirin ünvanına çoxlu fikirlər səsləndirmişdir. Cavanşir də öz növbəsində Əli Mirəliyevin efirlərə reytinq qazandırmaq üçün proqramlara dəvət olunduğunu deyərək onun səsində və ifasında qüsur olduğunu dedi. Cavnşirin bu fikirlərinə "OLAYLAR" vasitəsilə münasibət bildirən Əli Mirəliyev isə qarşı tərəfin ünvanına bir-birindən sərt mesajlar yolladı: "Bu qədər biqeyrətlik, mərifətsizlik olar? Onun atası yerindəyəm. Deyirəm oğlum, sənin səsin yoxdur. O da deyir ki, Əli qüsurludur. Yaxşı gözün kordur görmürsən, qulağın da kardır? Musiqinin necə çalınıb, necə ifa edildiyini görmürsən? Başının üstündə Allah var axı. İnsan bu qədər nanəcib olar? İnsan bu qədər ağına-bozuna baxmadan qara yaxa bilər? Özü də bu adam jurnalistdir". Qarşı tərəf də atılan bu atmacaları cavabsız qoymadı. Beləcə münaqişə daha da böyüdü. Kimisinin qəbul etdiyi, kimisinin isə qəbul etmədiyi müğənnilər Əli Mirəliyev və Cavanşir bu yolla şou-biznesin qalmaqallı gündəminə möhür vurdular.

Artıq nəinki cavan ifaçılar, hətta uzun müddət bu sənətdə olan müğənnilər arasında da qalmaqal günü-gündən böyüyür. Bu gün ifası ilə hər kəsə nümunə olan xalq artistləri İlhamə Quliyeva-Nazpəri Dostəliyeva və Brilliant Dadaşova-Aygün Kazımova arasında söz-söhbətlər də səngimək bilmir. Şou-biznes aləminin ən çox müzakirə olunan qalmaqallı cütlüyünə çevrilən Brilliant-Aygün münaqişəsi də son yenilikləri ilə gündəmin birincisi oldu. Belə ki, mediada yayılan məlumata görə, Brilliant Dadaşova Aygün Kazımovanı "fahişə" adlandırıb. Hətta yazının altında sübut kimi sosial şəbəkədə guya ki, bu mesajı əks etdirən təhqiramiz ifadələr əksini tapıb. Mesajı oxuduqda yayılan mətndə Aygün Kazımovanın nə adının çəkildiyini, nə də ki, onun ünvanına nəsə təhqiramiz fikrin səsləndirdiyini gördük. O ki qaldı mesaja, mesaj təhqirlərlə dolu idi. Xalq artistimizin mətbuat katibilə yayılan məlumatla bağlı əlaqə saxladıq. Seymur bəy informasiyanı beləcə təkzib etdi: "Jurnalistlərin təkidi ilə Brilliant xanımla əlaqə saxladım. Brilliant xanım yersiz skandallara cavab verməyəcəyini dedi". Həddindən artıq təhqirlə dolu olan mesajın əslində Brilliant xanım kimi sevilən xalq artisti tərəfindən yazılması həqiqətən də ağlabatan hesab olunmur. Ola bilər ki, bu mesaj ona əks olan qüvvələr tərəfindən tərəflər arasında qalmaqal yaratmaq xatirinə yaradılıb. "OLAYLAR" olaraq bu istiqamətdə qısaca da olsa araşdırma apararaq Xalq artistinin adı altında qeydiyyatdan keçən səhifələrə, həmçinin müğənninin rəsmi səhifəsi olan "Brilliant Dadaşova (Süleyman)" səhifəsinə daxil olduq. Nəticədə heç bir səhifədə belə məlumata rast gəlmədik. Çox maraqlıdır, bu sözü deyən şəxs niyə onu inkar etsin ki? Bu zaman belə bir nəticə ortaya çıxır:  Bu məlumat Brilliant Dadaşovanın profil rəsmi də eyni olmaqla saxta bir səhifə tərəfindən yayılıb. Daha sonra məlumatı Xalq artistinin adına çıxartmaq üçün məlumat həmin səhifədən silinib. Bundan başqa səhifədə yalnız mesajın şəklinin "sübut" olaraq çəkilməsi də bir az qaranlıq qalır. Mesajla yanaşı səhifədə olan digər informasiyalar da ümumi olaraq görüntülənsəydi məlumatın mənbəyini dəqiqləşdirmək bir o qədər də asan olardı.

Bir müddət öncə Röya ilə Aygün Bəylər arasında baş verən qalmaqal heç də öncəkilərdən geri qalmayıb. Saytların birinə açıqlama verən Röyanın mətbuat katibi "Aygün Bəylər başından böyük qələt eləyir" deməklə qarşı tərəfə sərt ismarıc yolladı. Müğənni özü də bu haqda Milli.az saytına açıqlama vermişdir. Həmin xəbəri olduğu kimi təqdim edirik: "Aygün Bəylər deyib ki, Röyanı "onun özü kimi səviyyəsi olmayanlar dinləyirlər". Onun sözlərinə görə, Röyanı ümumiyyətlə dinləmir, çünki o müğənninin səhnəyə aidiyyatı olmadığını hesab edir. Röyanın cavabı özünü çox gecikdirməyib. O, ATV telekanalının "10lar" verilişində həmkarına belə deyib: "Sevinirəm ki, mənim varlığım bu qədər insanı qıcıqlandırır. Səviyyə barədə danışmaq ümumiyyətlə ayıbdır, çünki musiqidə belə bir anlayış yoxdur. O mənə qarşı çoxdan yığdığı aqressiyasını dilə gətirdi. Bunu uzun müddət təbəssüm altında gizlədirdi, indi açdı, dedi. Mən onu ağıllı adam hesab eləmirəm". Qarşı tərəfə məsələ ilə bağlı qalmaqal baş verən ərəfədə zəng etsək də Aygün Bəylər də bir çox müğənnilər kimi dəfələrlə telefonu üzümüzə söndürdü. Daha sonra dözməyərək "nə sırtıq adamlarsız? İnformasiya vermirəm də əl çəkin" deməklə bir daha özünəməxsusluğunu göstərdi.

Son zamanlar müğənnilərin, ümumiyyətlə sənət xadimlərinin bir-birlərinin ünvanına səsləndirdiyi sərt fikirlərə, qalmaqallı, söyüşlə dolu ifadələrə münasibətini öyrənmək üçün bəstəkar Gövhər Həsənzadə ilə əlaqə saxladıq. Bu cür söz-sözhbətlərlə müğənnilərin gündəmə gəlməsini pisləyən Gövhər xanım söyüşün yolverilməz olduğunu deyib: "Hamımız insanıq. Heç kəs buna görə özünü ideal adlandıra bilməz. Bəzən elə məqamlar yaranır ki, insan özünü cilovlaya bilmir. Lakin bu cür hadisələr həddindən artıq problemli həyat yaşayan şəxslərin hərəkətlərində özünü biruzə verə bilər. Hər zaman efirdə səsləndirdiyim hər fikrə diqqətlə yanaşmışam. Vulqar, loru dildə olan, söyüş-təhqirlə dolu fikirlərin efirdə səsləndirilməsini istəməzdim. Medianın öz dili var, məişətin öz dili var. Nəinki sənətçilər, ümumiyyətlə heç kəs bir-birinin ünvanına söyüş-təhqir dolu ifadələr səsləndirə bilməz. Bunu tərbiyəsizlik hesab edirəm. Tərəflər arasında qalmaqalı müəyyən qədər də olsa başa düşmək olar. Amma söyüş qəbuledilməzdir. Mənim üçün müğənninin adının heç bir fərqi yoxdur. Hər kəsə mədəniyyətinə, insanlığına görə qiymət qoyuram". Bu kimi məsələlərin işıqlandırılmasında media qurumlarının da böyük günah  sahibi olduğunu deyən bəstəkar jurnalistlərin bu addımını pis qiymətləndirib: "Bəzən insanın şəxsi həyatı haqda baş verən hadisələrin gündəmə gəlməsində media qurumlarının böyük əksəriyyətini günahkar bilirəm. Onların aralarında baş verən hər hadisəni qabardaraq işıqlandırmağa ehtiyac yoxdur. Məncə heç kəs kiminsə haqda təhqiramiz fikirlər səsləndirmək üçün müəyyən media qurumlarına üz tutmaz. Bu istiqamətdə jurnalistlərin böyük rolu var. Onlar müəyyən yollarla da olsa şəxsin emosiyalarından istifadə edərək şəxsi kiminsə haqda mənfi fikirlər səsləndirməyə vadar edirlər. Xalqın qarşısına söyüş mövzularını çıxardaraq reklam etmək olmaz. Bu böyük tərbiyəsizlikdir. Tutaq ki, mənim başım xarabdır, buna görə də söyüş söymüşəm. Sən niyə bunu yayımlayırsan? İnsanam da. Biri söyüşlə, biri gülməklə, biri də mənim kimi hər şeyi ürəyinə salmaqla emosiyasını çıxara bilir. Filankəsin filankəsi söyməsi haqda məlumatı niyə yayırıq ki? Əsəbləşib nəyəsə görə söyüb. İnanın ki, bir həftə keçəndən sonra belə fikirlər səsləndirən müğənnilərin barışma xəbəri yayılır. Artıq bu cür mövzuların aktuallığı da olmur. Camaat da "əşşi bu gün söydülər, sabah da barışacaqlar" deyəcək".

Bəstəkar xanım sənətkarların qalmaqal yolu ilə xalqın gözündən düşdüyünü də vurğulayıb: "Sənət xadimləri görünüşü, ya nə bilim başqa digər keyfiyyətləri ilə deyil, yalnız sənəti ilə xalqın sevgisini qazana bilir. Sənətini sevdiyimiz sənətkarın sonradan eybəcər formada təqdimatını görən tamaşaçının psixologiyası da pozulur. Bir-birlərini söyüblərsə özləri bilər. Bu cür məsələləri heç gündəmə də gətirmək lazım deyil. Evdə heç doğma övladımı da söymürəm. Bir çox hallarda bunu mənə irad da tuturlar ki, uşağı söyərlər də, döyərlər də. Söyüş söymək mənə yad bir şeydir. Bəlkə bu düzdür, mən zəmanə ilə ayaqlaşa bilmirəm. Bəlkə mən düzgün tərbiyə almamışam. Ümumiyyətlə əsəbi olarkən danışmağa üstünlük vermirəm. Çünki danışıb fikir səsləndirdikdə qarşımdakını yersiz də olsa qıra bilərəm. Daha sonra isə səhvimi düzəltmək gec ola bilər".

-Bəs, tərəflərin reklam olunmaq xatirinə bu cür ifadələr səsləndirməsi necə, ola bilərmi?

-Tərəflər özlərini bəzən də reklam etmək xatirinə qalmaqal yaradırlar. Bununla da qarşı tərəfdən özünün nə qədər üstün olduğunu göstərməyə çalışırlar. Heç kəs kiminsə yiyəsiz-sahibsiz olduğunu düşünməsin. Bilmək olmaz, bəlkə də qarşındakı dəfələrlə səndən üstün adamdır. Heç kəs hələ kimin hansı qüvvəyə malik olmasını bilmir. Söyüşlə məgər hər şey bitir? Sabah qarşı tərəf onu söyəndə bu sözləri elə ünvana çatar ki, sənin yaxının, ya qohumun bu sözü götürməyərək səninlə düşmənçilik edər. Nəyə lazımdır bu yolla reytinq qazanmaq? Söyüşlə gündəmə gələrək reklam olunmaq mənim üçün ən aşağı səviyyədir. Nə vaxtdan tərbiyəsizlik reklam olub?

-Təranə Qumral-Musa Musayev qalmaqalı haqda nə demək olar? Bu qalmaqal niyə ortaya çıxdı?

-Heç vaxt onların nəsə tərbiyəsiz hərəkətini görməmişəm. Bunu efirdə deməyin nə mənası var ki. Bu cütlüyün nəsə reklama da ehtiyacı yox idi. Hər kəs bu cütlüyü tanıyaraq hətta onlara həsəd də aparırdılar. Bundan artıq xoşbəxtlik ola bilər? Ola bilər ki, nəyəsə görə hirslənib belə danışıblar. İnanmıram ki, onlar bu haqda özləri mediaya məlumat yayıblar.

-Onların reytinq qazanmaq xatirinə belə addım atmalarını necə, düşünmək olarmı?

-Bəlkə də siz deyən kimidir. Amma dəqiq nəsə fikir səsləndirə bilmirəm. Niyə belə olduğunu başa düşmürəm. Kim öz qatığına turş demək istəyər. Müsair olmadığım üçün ola bilər ki, bu gün şou-biznesdə baş verən bir çox hadisələri anlaya bilmirəm. Bizə layiq olmayan bir tərzin mədəniyyətimizə gətirilməsini istəmirəm.

-Bu gün böyük sənətkarlarımız arasında qalmaqallar davam edir. Gənc müğənnilərin bir-birlərinə qarşı belə arzuolunmaz fikirlər səsləndirməsində onların "örnək"ləri necə, rol oynaya bilərmi?

-Böyük sənətkarlarımız da zəmanə ilə ayaqlaşır. Öncələr də sənətkarlar arasında müəyyən münaqişələr olsa da heç vaxt hər şey bu qədər açıq-aşkar reklam olunmamışdı. Qalmaqaldan xəbər olar? Niyə bizim gördüyümüz yeni işlər haqda öyrənmirlər? Elə bir sual verirlər: Gövhər xanım, nə yeniliklər var? Mən sənə deyəcəm ki, neyləmişəm. Elə ancaq qalmaqallı xəbər axtarırlar. Qoy bulvar qəzetləri bu haqda yazsın. Onlar bizim böyüyümüzdür. Qabaqlarında dayanıb onlara sitayiş edirik. Böyüyü söyəndən sonra kim mənə hörmət qoyacaq? Bu cür qalmaqallar sənətkarlarımızı, mədəniyyətimizi çox gülünc hala salıb. Bu siyasət kimə qulluq edir? Bu nə deməkdir? Biz, də hamı söyüş söyür, bir düz-əməlli söz danışan yoxdur məgər? Böyüklər də bir-birlərini söyür. Sənət qalıb bir qıraqda. Hamımız həyasızıq? Bu cür qalmaqalların, söyüş-təhqirlərin efirdə yayımında kim maraqlıdır? Xaricdən bizə baxanlar nə deyər? Xaricdə olan birisi kimi deyirəm ki, həmişə mənə "niyə bir-birinizi qırırsınız?" deyirlər. Jurnalistlər "ay da, gördün bir söyüş getdi, yazım necə oxundu. Şok xəbər verdim" deyir. Şok xəbər yox, sadəcə tərbiyəsizliyi təbliğ edən bir xəbər verdin. Bu cür yazıları gündəmə gətirən, sənətkarlıarı bir-birlərinə qarşı qızışdıran şəxslər Azərbaycan xalqının bir nömrəli düşmənidir".

Xalq artisti Gülyaz Məmmədova da bu kimi məsələlərin mediada işıqlandırılmasının əleyhinə olduğunu deyərək bu məsələdə jurnalistləri günahkar hesab edib: "Bu cür qalmaqallar kiminsə tərəfindən yaradılır. Jurnalistlər müəyyən suallar verərək müğənnilər arasında qalmaqal yaradırlar. Beləcə tərəflər bir-birlərini söyürlər. Belə şeylərin olmaması lazımdır. Bu bizim sənətə yaraşmır. Bu cür qalmaqallar gündəmdə olmaq, reklam qazanmaq xatirinə də edilir. Kimisinin sənəti var edir, kimisinin isə sənətdən xəbəri olmadığı üçün bu yolla gündəmə gəlməyə çalışaraq qalmaqala, söyüş-təhqir dolu ifadələrə üstünlük verir. Hər sahədə tərəflər arasında qalmaqal olur. Sadəcə biz göz önündə olduğumuz üçün daha çox müzakirə olunuruq. Sənətimizin təhqir olunmasını istəmirik".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31