Mirzağa Əliyevin 130 illik yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək

Mayın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr aktyoru, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı Mirzağa Əliyevin 130 illik yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək

Qeyd edək ki, Mirzağa Əliyev səhnəyə ilk dəfə 1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" tamaşasında Şahmar rolunda qədəm basıb. Bu rol ilə də dövrün teatr xadimlərinin diqqətini cəlb edib. Ona İ.Məlikovun "Yaxşılığa yamanlıq", S.M.Qənizadənin "Axşam səbri xeyir olar", "Xor-Xor", "Dursunəli və ballıbadı", R.Əfəndiyevin "Qan ocağı", V.Mədətovun "Qırt-Qırt" kimi kiçik tamaşalarda müxtəlif rollarla yanaşı, böyük tamaşalarda da xarakterik obrazlar tapşırıblar. Qısa müddət ərzində o, nasir-dramaturq Ə.Haqverdiyevin baş rejissorluq etdiyi teatr truppasında Kərəməli ("Hacı Qara"), Hatəmxan ağa və Xudaverdi ("Müsyo Jordan və dərviş Məstəlişah"), Xacə Məsud ("Lənkəran xanının vəziri"), Aşıq Vəli ("Yağışdan çıxdıq, yağmura düşdük" və ya "Hacı Qəmbər"), Əhməd ("Pəhlivanani zəmanə", N.Vəzirov), Hacı Murad ("Tamahkar" S.S.Axundov) obrazlarını yaradıb. 
Mirzağa Əliyev 1912-ci ildə çar üsuli-idarəsinin əleyhinə tamaşa zamanı səhnədən tənqidi fikirlər söylədiyinə görə Həştərxana sürgün edilib. Bir il sonra Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv olunub və yenidən Bakıya qayıdıb.
Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə M.Əliyev 1926-ci ildə Respublikanın Əməkdar Artisti, 1933-cü ildə Xalq Artisti, 1949-cu ildə isə SSRİ Xalq Artisti fəxri adlarına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31