Abdulla Şaiqin Mənzil Muzeyində tədbir keçiriləcək
15 May 2013 17:35 MədəniyyətMayın 18-də Abdulla Şaiqin Mənzil Muzeyində Fransa Respublikasının Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşəbbüsü ilə hər il ənənəvi olaraq keçirilən "Muzeylər gecəsi" aksiyası çərçivəsində tədbir keçiriləcək.
Abdulla Şaiqin Mənzil Muzeyinin iş planına uyğun olaraq keçiriləcək tədbirdə muzeyin əməkdaşları Azərbaycan ədəbiyyatının klassiki, uşaq dramaturgiyasının banisi Abdulla Şaiqin "Tülkü həccə gedir" əsəri əsasında hazırlanmış kukla tamaşasını təqdim edəcəklər. Tamaşanın qurluşçu-rejissoru Elgün Seyidzadə, bədii tərtibatçısı rəssam Sabir Qasımovdur. Musiqi tərtibatında Azərbaycan xalq mahnı və rəqs musiqisindən istifadə ediləcək. Rolları Abdulla Şaiqin Mənzil Muzeyinin əməkdaşları - S.İsmayılova, Ü.Əliyeva, H.Rəhimli, H.Teymurova, E.Məmmədli və F.Kərimova səsləndirəcəklər.
Tədbirdə 6 saylı məktəb-lisey kompleksinin şagirdləri, Yasamal rayonu 184 saylı bağçanın uşaqları iştirak edəcəklər. Tamaşanın sonunda bütün qonaqlar muzeyin ekspozisiyası ilə tanış olacaqlar.
Kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulan bu tamaşanın səhnələşdirilməsində məqsəd dəvət olunan qonaqlara həm Şaiq yaradıcılığını, həm də ədibin uzun illər yaşadığı və ölməz əsərlərini yaratdığı Şaiq ocağını tanıtmaqdır.