Əbülfəs Qarayev Yovan Markoviçlə görüşüb
13 May 2013 18:31 MədəniyyətCari il mayın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev serbiyalı tanınmış kino xadimləri kinoaktyor Lazar Ristovski və rejissor Yovan Markoviçi qəbul edib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, görüşdə xalq artisti kinorejissor Vaqif Mustafayev və Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç də iştirak edib. Azərbaycanda kino sənətinin hazırkı vəziyyəti ilə bağlı qonaqlara məlumat verən Ə.Qarayev ölkələrimiz arasında kino əlaqələrinin inkişaf etdirilməsi, SPACE televiziya şirkəti ilə Serbiya kino qurumlarının nəzərdə tutduqları birgə layihələrdə Nazirliyin iştirakı ilə bağlı fikirlərini açıqlayıb.
Görüşdə ilkin olaraq qarşılıqlı film həftələri təşkil etmək haqqında irəli sürülən ideya bəyənilib və müvafiq qurumlara bu tədbirlərin keçirilməsi ilə bağlı təklif hazırlanması tapşırılıb. Rejissor Yovan Markoviş paytaxtımızın ötən müddətdə daha da gözəlləşdiyini söyləyərək, azərbaycanlı həmkarları ilə birgə kino layihələrində məmnunluqla iştirak etmək arzusunda olduğunu bildirib. ("OLAYLAR"İA)