İlhamə Quliyeva-Nazpəri Dostəliyeva məhkəməsinin vaxtı təyin edildi

Nazpəri Dostəliyevanın vəkili Səyyad  bəy bu haqda "OLAYLAR"a açıqlama verərkən məlumat verib: "İlhamə Quliyevanın Nazpəri Dostəliyeva ilə bağlı iddia ərizəsinin sürəti ilə tanış olduq. Artıq məhkəmənin vaxtı da müəyyənləşib. Ayın 21-də saat 12:00-da baş tutacaq görüşdə Nazpəri Dostəliyevanın iştirak edib-etməyəcəyi dəqiqləşməyib. Nazpəri xanım etibarnaməni mənə verdiyi üçün onun vəkili, həm də təmsilçisi kimi bütün hüquqlarını tələb edərək lazım gəldikdə hansısa müqavilələrə də imza atacağam". Bu məhkəmənin öncəkindən fərqli olduğunu deyən vəkil bu haqda da məlumat verib: "Öncə keçirilən məhkəmədə Nazpəri xanımın şərəf və ləyaqəti təhqir etməsi ilə bağlı heç bir sübut olmadığı üçün Yasamal Rayon məhkəməsinin qərarı ilə biz məhkəməni qazandıq. Lakin bu dəfə onlar mülki formada Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi təqdim ediblər. Guya Nazpəri xanım mənəvi zərərə görə, 200 min, maddi zərərə görə isə 500 min qarşı tərəfə ödəməlidir. Mən bu iddiaların əsassız olduğunu düşünürəm. Bu onların hüququdur. Biz də öz növbəmizdə bu iddiaların əsassız olmasını sübut edəcəyik". Məhkəmənin keçiriləcəyi məkanın dəyişmə səbəbi haqda sualımızı cavablandıran Səyyad bəy bunu məhkəmənin mülki iddialara uyğun keçiriləcəyi ilə izah edib: "Öncəki məhkəmə cinayət xarakterli olduğu üçün cinayətin baş verdiyi əraziyə müvafiq olaraq məhkəmə də həmin ərazidə baş tutmalı idi. Buna görə, məhkəmə Yasamal rayonunda keçirildi. Şəfiqə xanım növbəti görüşün keçirilməsini iddia ərizəsinin səhv təqdim olunması ilə izah edir. Hələ bilmək olmaz onlar bu dəfə ərizəni düz təqdim ediblər, ya səhv. Öncəki məhkəmə cinayət xarakterli olaraq xüsusi ittiham formasında cinayət maddəsi ilə iddia qaldırılmışdır. Bu dəfə keçiriləcək məhkəmə isə mülki formada olacaq, pul tələb ediləcək". Vəkil məhkəməni qazanmayacaqları halda qarşı tərəfin tələb etdiyi məbləği ödəyəcəklərinə isə sadəcə belə cavab verib: "Hələ ki, hadisələri qabaqlamayaq. Bu məhkəmənin çıxaracağı qərardan asılıdır". Xalq artistinin vəkili məhkəmənin gedişatından asılı olaraq qarşı tərəfə qarşı iddia qaldırcaqlarını da vurğulayıb: "Ola bilər ki, məhkəmənin gedişatından asılı olaraq biz də əsassız mövqe ilə əlaqədar olaraq onlara qarşı növbəti məhkəmə üçün iddia ərizəsi təqdim edək. Məhkəmə prosesi davam etsə biz bunu edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31