“Heydər Əliyev milli intibahımızın memarıdır” mövzusunda kitab sərgisi açılıb

Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə açılan sərgi ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. İlk öncə "Heydər Əliyev mədəniyyətimizin hamisidir" adlı film nümayiş edilib. Kitabxananın direktoru Kərim Tahirov ümummilli lider Heydər Əliyevin intibahımızın banisi olduğunu və bunun gəlişi gözəl söz olmadığını söyləmişdir. O, Ulu Öndərin Azərbaycanın korifey sənətkarlarının üzə çıxarılması, onların dünyada tanıdılması, mədəniyyətimizin bütün sahələrinin inkişafı istiqamətində fəaliyyətindən danışıb.  Direktor Ümummilli Liderin dəfələrlə Milli Kitabxanada olmasından, bu bilik mənbəyinin inkişafı üçün gördüyü işlərdən söhbət açmışdır. Milli Kitabxananın dünyanın modern və zəngin kitabxanaları sırasına daxil olmasında ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətləri xüsusi vurğulanıb. Nəzərə çatdırılmışdır ki, tədbirin əsas məramlarından biri də "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin kitabxana tərəfindən Ulu Öndərin 90 illik yubileyi münasibətilə tərtib etdiyi köməkçi göstəricisinin 3-cü cildinin təqdimatıdır. Qeyd edilmişdir ki, "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin nəşri layihəsi 1997-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə "Azərnəşr" tərəfindən reallaşdırılır və artıq çoxcildliyin 45-ci cildi çapdan çıxıb. Bundan başqa Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Milli Kitabxanası tərəfindən 2008-ci ildə çoxcildliyin köməkçi göstəricisinin 1-ci cildi, 2010-cu ildə isə 2-ci cildi nəşr olunması qeyd olunub. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev cənablarının millətin rifahı və azadlığı uğrunda əldə etdiyi nailiyyətlərdən danışıb. Tədbir çərçivəsində, həmçinin kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Heydər Əliyev - mədəniyyətimizin hamisi" elektron məlumat bazasının təqdimatı olub. Bazanın ayrı-ayrı bölmələrində istifadəçilər ümummilli lider Heydər Əliyev haqqında məlumatlar və fotolarla tanış ola bilərlər. 
Sonra sərgiyə baxış olmuşdur. Sərgidə Azərbaycan və digər xalqların dillərində Ulu Öndər haqqında kitablar nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31