Səməd Vurğun Fondunun təşkilatçılığı ilə tədbir keçirilib

Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Səməd Vurğunun Ev muzeyinin direktoru, Səməd Vurğun Fondunun prezidenti Aygün Vəkilova öncə Fondun yaranması və missiyası haqqında geniş məlumat verib. Fondun əsas məqsədinin ədəbi irsimizin öyrənilməsi, ədəbiyyat tariximizin araşdırılması və Səməd Vurğun poeziyasının incəliklərinin üzə çıxarılmasından ibarət olduğunu bildirib. Vaxtaşırı olaraq göstərilən bu sahələrdə müxtəlif nominasiyalar üzrə yaradıcı və araşdırmaçı insanlara Fondun Diplom-mükafatlarının təqdim olunduğu söyləyib. A.Vəkilova bildirib ki, Fond tərəfindən müxtəlif nominasiyalar üzrə altı mukafatçı müəyyən edilərək 2013-cü il üzrə Səməd Vurğun Fondunun Diplomu ilə təltif olunub. Diplom-mükafatları Səməd Vurğun Fondunun prezidenti Aygün Vəkilova təqdim edib. Diploma layiq görülənlər sırasında hüquqşünas Səməd Vəkilov və fizik alim Yusif Aliyev olmaqla, yazıçı Zaməddin Ziyadoğlu, polis-polkovniki Mehman Mansurov, iş adamı Məhəmməd İsmayılov, Vurğun irsinin təbliğatçısı Elşad İbrahimov da olub.
Tədbirdə dahi şairin səsli video görüntüsü nümayiş olunmuş, ümummilli lider Heydər Əliyevin Səməd Vurğunun "Azərbaycan" şeirini kövrələrək söyləməsini əks etdirən kadrlar nümayiş etdirilib. Aygün Vəkilova ümummilli lider Heydər Əliyevin Səməd Vurğun irsinə verdiyi yüksək dəyərin bu gün də Prezident İlham Əliyev tərəfindən uca tutulduğuna diqqət ayıraraq, bütün vurğunsevərlərə dərin təşəkkürünü bildirib. Tədbirin rəsmi hissəsindən sonra Aşıq İlham Aslanbəyli, Aşıq Ulduz, müğənni Sədaqət gözəl ifaları ilə məclisə əlavə rəng qatıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31