Əli Mirəliyev Cavanşirə sual verdi: “Bu qədər biqeyrətlik, mərifətsizlik olar?”

“Cavanşirlər, Elzalar heç vaxt müğənni olmayıb, olmayacaqlar da”

Əli Mirəliyevin jurnalist Cavanşir və digərləri haqda səsləndirdiyi fikirlərə qarşı tərəf cavab verərək: "onun ifasında, səsində, hər şeyində qüsur var" demişdi. Cavnşirin səsləndirdiyi bu fikirləri Əli Mirəliyev də cavabsız qoymayıb. Bu haqda EKSKLÜZİV olaraq "OLAYLAR"a açıqlama verən ifaçı qarşı tərəfə olan qəzəbini də gizlətməyib.

- Jurnalist Cavanşir sizin onun haqqında səsləndirdiyi fikirlərə sərt reaksiya verib. O, verdiyi açıqlamada səsinizin, ifanızın başdan-ayağa qüsur olduğunu deyib.

-O nə oxuyandır, nə də ki jurnalist. Çünki jurnalist qərəzli olmamalı, düzünü yazmalıdır. Qərəzli insan nə jurnalist, nə də ki müğənni ola bilər. Utanmır, deyir ki, mənim səsim yoxdur. Necə ola bilər ki, mənim səsim olmasın. Sovet dövründə səsi olmayan oxuya bilərdi, Bədii Şuradan keçə bilərdi? Sual verirəm hər kəsə. Deyir ki, Əli qüsurludur. Qüsurlu adamı efirə buraxarlar? Qüsurlu indikilərdi. Heç bilmək olmur ki, bunlar kişidir, ya arvaddır. Qüsur sizdə var. Mənim nə qüsurum olacaq ki? Adam bir mərifətlə, insafla danışar. Bu qədər biqeyrətlik, mərifətsizlik olar? Onun atası yerindəyəm. Deyirəm oğlum, sənin səsin yoxdur. O da deyir ki, Əli qüsurludur. Yaxşı gözün kordur görmürsən, qulağın da kardır? Musiqinin necə çalınıb, necə ifa edildiyini görmürsən? Başının üstündə Allah var axı. İnsan bu qədər nanəcib olar? İnsan bu qədər ağına-bozuna baxmadan qara yaxa bilər? Özü də bu adam jurnalistdir. Sən görürsən ki, bu ağdır, niyə ona qara deyirsən, ya qaradır, niyə ona ağ deyirsən? Jurnalistikadan çox yaxşı xəbərim var. Jurnalist və həkim hər zaman düzünü deməlidir. Deyir Əli Mirəliyev mənə paxıllıq edir. 64 yaşlı kişi sənin nəyinə paxıllıq etməlidir? Zaur Rzayevə, Niyaməddin Musayevə paxıllıq edə bilərəm. Sən oğlumdan da balacasan. Necə ola bilər ki, mən sənin paxıllığını çəkim? Özünü jurnalist adlandıran birisinə qarşı məndə paxıllıq necə yarandı? Niyə Teymur Əmraha, Aygün Bəylərə, Nurlan Növrəsliyə, Eltona, Abbasa, Ramala paxıllıq etmirəm, sənə paxıllıq edirəm? Onlar oxuyandır. Sən də onlar kimi oxu, buna görə sənə çox sağol da deyim. Oxuya bilməyən üçün yalandan necə "yaxşı oxuyur" deyə bilərəm ki.

-Hətta sizin özünüzü Akif İslamzadəyə, Hüseynağa Hadıyevə oxşatdığınızı, yalnız kimlərisə yamsılamaqla məşğul olduğunuzu da qeyd edib.

-Lap yaxşı. Sən də oxşat özünü onlara. Heç olmasa onlarda olan səsin yarısı qədər səndə də səs olsaydı, gözümü yumardım. Yoxdur axı. Hər kəs çox şey istəyə bilər. Amma bunu acarmadan necə bu işə girişə bilər? Nə olsun, mən kosmonavt olmaq istəyirəm. Biz musiqili xalqıq, musiqi duyumluyuq. Bu o demək deyil ki, hamımız mahnı oxumalıyıq. Səndə heç yarım oktava səs yoxdur. Musiqi duyumu olmaq ayrıdır, səsi olmaq ayrı. Səs insana Allah tərəfindən doğularkən verilir. Amma jurnalistikada pul qazana bilməyib, özünü göstərə bilməyib müğənniliyə gəlmisən. Elza Seyidcahanlar oxumasaydı, onun da başına oxumaq eşqi düşməzdi. Elza kimiləri efirə buraxdıqdan sonra Cavanşirlər də onlara baxıb oxuyacaqlarını deyirlər. Efirlərdə qayda-qanunun olmaması, bədii şuranın yoxluğu bu cür bədbəxtliyin yaranmasında mühüm rol oynayır. Cavanşirlər, Elzalar heç vaxt müğənni olmayıb olmayacaqlar da.

-Sonda Cavanşir məsləhət kimi sizə universitetlərə müraciət etməyi tövsiyə etsə də sonradan özünüzü apara bilmədiyiniz üçün işə qəbul olunmadığınızı da vurğulayıb.

-Əli Mirəliyev özünü apara bilmirdisə onu efirə niyə dəvət edirdilər? Axmaqdılar? Telekanallarda işləyən yaşıdlarım yaxşı bilir ki, mən "Daln ulduzu"nun, Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşam, qırxdan artıq xarici ölkədə Azərbaycanı layiqincə təmsil etmişəm. Bunlardan nazirliyin də məlumatı var. Sadəcə əks fikirli olduğum üçün məni dövlət tədbirlərinə dəvət etmir, fəxri adlar vermirlər. Mirəliyev Əli müğənnidir. Bunu bütün camaat da qəbul edib. Televiziyanın fondunda 130 -dan artıq səsyazmalarım var. Əli Cavanşiri oxumağa qoymur deyə Əli pisdir, bütün etdiklərimin üstündən xətt çəkmək olar? Mən seçilmiş müğənniyəm. Seçilməsəydim efirə buraxılmazdım.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31