Emma Ələkbərzadə Mehrimin iddiasını əsassız adlandırıb

"Tənhayam" mahnısını oğurlamaqda ittiham olunan Emma Ələkbərzadə həmkarı Mehrimi tanımadığı deyib. ANS PRESS-ə açıqlama verən E.Ələkbərzadə belə məntiqsiz, ağlabatmaz sözlərə baş qoşmadığı bildirib:
"Mehrim mahnının sözlərini 1989-cu ildə yazanda, mən artıq "Tənhayam"ı ifa edirdim. O hansı mahnıdan danışır? Bu xəbəri oxuyanda, bacım Sevda ilə xeyli güldük. Mən peşəkar sənət adamıyam, tanımadığım insanlara isə cavab verməyə vaxtım yoxdur".
Xatırladaq ki, müğənni Mehrim həmkarı Elmira Ələkbərzadəni "Tənhayam" mahnısını oğurlamaqda ittiham edib: "İlk dəfə "Tənhayam" mahnısının sözlərini 1989-cu ildə sevgilimdən ayrılanda yazmışam. 1999-cu ildə övladım dünyaya gələndən sonra isə musiqini bəstələdim. O vaxtlar "Mir" telekanalında çalışan dostum Elcan mənə kömək elədi. Onun studiyasında mahnını oxudum".
Mehrim ilk dəfə mahnını E. Ələkbərzadənin ifasında eşidəndə, həyəcandan barmağını kəsdiyini deyib: "Mətbəxdə kartof soyurdum, televizorda öz mahnımı eşidəndə, dəli oldum, həyəcandan barmağımı kəsdim. Heç bilmirəm mahnını onun əlinə necə düşüb. Sözlərin bəzisini dəyişərək oxuyub. Özümə gələ bilmirdim. Ağlaya-ağlaya getdim evlərinə. Sevda Ələkbərzadə məni küçədə qarşılayıb kobudcasına məni oradan qovdu, ondan sonra əlim heç nəyə çatmadı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31