Əli Mirəliyev Elza, Məleykə Əsədova, Cavanşir və Oksanaya mesaj yolladı: “Gedib işləri ilə məşğul olsunlar”

Son zamanlar fərqli-fərqli sahələrdən müğənniliyə axın olur. Bu haqda müğənni, bir növ şou-biznes sahəsində tənqidçi adlandıra biləcəyimiz Əli Mirəliyev də fikirlərini "OLAYLAR"la bölüşüb:

-Jurnalist, rəqqasə və digər peşələrin sahibləri müğənni olmağa can atırlar...

-Müğənni anasının qarnında ikən müğənni kimi doğulur. Müğənninin səsi, avazı olmalıdır. Bunlar da ana bətnində ikən ona veilən istedaddır. Sonradan bunu yaratmaq olmur. Sadəcə biri rəqqasdır, biri jurnalist, digəri də bir başqa peşənin sahibi. Bu sahədə pul olduğu üçün müğənni olmaq istəyir. Rəqqasə Xədicə Abbasova da sonradan müğənni olub. Amma görürsüz ki, o sənətdə qala bilmədi. Bizim korifey ifaçılarımız elə-belə gəlib müğənni olmayıblar. Onlar uşaqlıqdan bu sənətlə məşğul olublar. Məni onlara məsləhət kimi deyərdim ki, hər kəs öz işi ilə məşğul olsun. Oksananı rəqqasə kimi, Cavanşiri jurnalist kimi tanıyıblar, qoy elə də qalsın. Nəyə lazımdır eyni anda iki peşəyə sahib olmaq? Diktor Rafiq Hüseynovun çox gözəl səsi var. Amma görmüsüz ki, nə vaxtsa efirdə mahnı oxusun? Yox. Mən Elza Seyidcahanı bir bəstəkar kimi bəyənirəm. Onun İlhamə xanım üçün bəstələdiyi "Ağ çiçəyim" mahnısını da çox sevirəm. Amma bir müğənni kimi onu qəbul etmirəm.

-Bəs, niyə məhz müğənni olmaq...

-Başqa sahədə pul qazana bilmirlər. Bilirlər ki, müğənni olduqdan sonra toylar aparacaq, nə qədər pul əldə edəcəklər. Rəqqasənin oxumaqda məqsədi nə ola bilər? Əlbəttə ki, həm rəqs etmək, həm də oxumaq.

-Efirdə kimsə soyunursa bu ənənənin ilk olaraq hansı müğənni tərəfindən qoyulduğunu deyirik. Bəs, sizcə yerli şou-biznesdə müğənni olmayanlar üçün bu ənənəni kim  yaradıb?

-Öncələr bizim bəzi aktyorlarımız var idi ki, bu sənəti davam etdirməklə yanaşı həm də müğənnilik edirdilər. Bu ənənənin ilk olaraq kimdən gəldiyini dəqiq bilmirəm. Amma hazırki dönəmdə Xalq artisti Məleykə Əsədova kimi bəzi aktrisalar bu yolda əsas təməl daşını qoyublar. Məleykəni aktrisa kimi çox bəyənirəm, amma müğənni kimi deyərdim ki, səsi yoxdur.. Onların heç birinin, nə Cavanşirin nə də ki, Oksananın səsi yoxdur. Bu sahə ilə məşğul olan Bədii Şuranın olmaması anoloji hadisələrin yaranmasına səbəb olur.

-Ümumiyyətlə bu ifaçıların müğənnilik fəaliyyətində uğur qazanacaqlarını demək olarmı?

Mən onlarda heç bir gələcək görmürəm. Onlar gələcəksiz insanlardır. Mən belə başa düşürəm ki, yarımçıq papaqçılıqdan heç nə əldə etmək olmaz. İnsanın bir sənəti olur, bir işin qulpundan yapışır. O zaman insan tam olur. Gah o işdən, gah da ki, bu işdən yapışmaqla insanların yaxşı mənada yaddaşında qalmaq olmaz. Jurnalistsən, get jurnalistliyini et, rəqqasəsən get rəqs elə, şeir oxuyansansa get şeirini oxu. Hər bir sahənin sirri  olur. Mən bu peşənin sirrini bilirəm. Yalnız peşənin sirrini bilməklə həyatda rahat yaşamaq olar. Onlara da məsləhətim budur ki, gedib işləri ilə məşğul olsunlar.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31