Kim kimdən üzr istəməlidi: Təranə Qumral mətbuatdan, yoxsa mətbuat ondan?

Son vaxtlar adı qalmaqallarda hallanan Təranə Qumral düşünülməmiş addım atıb. Həyat yoldaşı və onun ailə üzvləri tərəfindən əxlaqsız adlandırılan xanım müğənni qaranlıq bir məntiqlə hərəkətə keçib. Təranə Qumral indi ayılıb ki, guya bu təhqir olunub. Maraqlı məqam odur ki, bu xanım ünvanı səhv salıb. Yəni onu öz həyat yoldaşı və qohumları təhqir edib(Əgər edibsə), amma o qohumlarını deyil, mətbuatı hədələyir. Bu adla da o Azərbaycanın aparıcı KİV-lərindən təkzib tələb edib.

Maraqlı məqamlar çoxdu burda. Birincisi ona görə ki, Təranə Qumralın mətbuatdan etdiyi təkzib tələbi başadüşülən deyil.Səbəbi isə hamıya məlumdur. Ona görə ki, bu qadının tələbində heç bir əsas yoxdur. Ona görə ki, Azərbaycanda azad söz var və hər kəs subyekiv fikrini ictimaiyyətə çatdırmaq hüququna malikdir. Bu məqsədlə də "OLAYLAR"qəzeti və digər aparıcı kütləvi informasiya vasitələri şəxsin subyektiv fikirlərini olduğu kimi dərc edib. Burda hər hansısa bir qanunsuzluq olmayıb. Təranə xanım nə ağıl edib belə bir addım atıb, o aydın deyil.

İkincisi, Təranə Qumralın əxlaqsız olması barədə heç bir kütləvi informasiya vasitəsi özündən araşdırma aparıb hansısa bir faktı ortaya çıxarmayıb ki, Təranə Qumral həmin yazını özünün şərəf və ləyaqətinə təhqir hesab etsin və kimdənsə nəsə tələb etsin. Təranənin belə bir addım atması sonda yenə özünün geri çəkilməsilə nəticələnəcək. Çünki, bu məsələ Təranə Qumralın həyat yoldaşı, 17 ildir bir yerdə yaşadığı Musa Musayev tərəfindən açıqlanıb. Daha doğrusu bu fakt. Musa Musayev, Təranə Qumralın ömür-gün yoldaşı hesab etdiyi bir şəxs onun barəsində yaydığı məlumatla Təranə Qumral və Musa Musayevdən başqa bütün ictimaiyyəti şoka saldı. Bəli, bu şəxs açıq-aşkar mediaya açıqlama verdi ki, həyat yoldaşı olan Təranə Qumralı evində, yataqda Şəmkir rayonundan olan imkanlı bir biznesmenlə tutub. Jurnalistin ona "bu an həyat yoldaşınızı niyə öldürmədiniz və ya xəsarət yetirmədiniz" sualına isə Musa Musayev qeyrətanə bir cavab vermişdi ki, guya onu öldürmək istəyəndə Təranə Qumral qışqırıb qonşuya qaçıb, Musa Musayev də onu tuta bilməyib, məhkəməyə yollanıb ki aralarında olan nikah pozulsun. Həmin gün bu məlumat bütün Azərbaycanı şokda saxlasa da, Təranə Qumral bununla bağlı nə mətbuata çıxdı, nə də başqa bir hərəkət etdi. Təranə susmaqla faktı təsdiqlədi və ictimaiyyət buna inandı. Əslində başqa cür düşünmək də olmazdı. Bir tərəfdən Musa Musayevin belə bir biabırçı faktı aşkarlaması, digər tərəfdən Təranə Qumralın məsələyə münasibət bildirməməsi hamıda olan şübhəni rədd etdi. Onun ardınca Musa Musayevin tanınmış qardaşı Cabbar Musayev mətbuata açıqlamasında Təranə Qumralın həqiqətən də əxlaqsız olduğunu deməsi və bildirməsi ki, Musayevlər ailəsi bu hərəkətinə görə Musa Musayevi 17 ildir ki, bağışlamır, bu faktla bağlı ictimaiyyətdə heç bir şübhə qalmadı.

Hadisənin səhəri gün Təranə Qumral özündə cəsarət tapıb mətbuata açıqlama versə də, onun əxlaqsızlıqda ittiham olunması barədə bir kəlmə də danışmadı. Təranə Qumral sadəcə bildirdi ki, guya o Musa Musayevdən 3 ildir ki, məhkəmə qaydasında boşanıb və onun Musa Musayevlə heç bir əlaqəsi yoxdur. Amma, yataqda şəmkirli biznesmenlə tutulması faktının yalan və doğru olması faktına toxunmadı. Bu da bir faktdır. Amma, sonradan Təranə Qumral Musa Musayevin külli miqdarda borcunun olduğunu açıqlayandan sonra ikinci şəxs bir növ "yumşaldı". Amma bu gün də ictimaiyyətə maraqlıdır ki, Musa Musayev əvvəlcə özündə kişilik cəsarəti tapdığını iddia edib mətbuata açıqlama verdiyi halda iki günün içində necə dəyişdi? Musa Musayev Təranə Qumraldan üzr istədi və yenidən birləşdilər. Bunun ardınca isə onların hər ikisi "ANS" telekanalında yayımlanan "Günəbaxan" verilişinə çıxıb musayevlər ailəsini təhqir etməyə başladılar. Təranə Qumralın onları təhqir etməsi məlum məsələ idi, ona görə ki, bu şəxs musayevlər ailəsi tərəfindən 17 ildir ki, qəbul edilmir. Yəni, Təranənin bu ailəyə qarşı aqressiv olduğunu hamı bilir. Bəs əvvəlcə özündə kişilik cəsarəti tapdığını iddia edən Musa Musayevə nə oldu? O hansı təsirlərə məruz qaldı ki, hətta qardaşları, əmisi Niyaməddin Musayevlə yanaşı anasına qarşı da aqressiv danışdı? Buna səbəb nə idi? Musa Musayev 17 il idi ki, ailə həyatı qurmuşdu və bu 17 il ərzində də o anası tərəfindən qəbul edilmirdi. Bu 17 ildə anasını bir dəfə də olsun dilə gətirmədiyi halda qəfildən anasına qarşı belə aqressiya hardan yarandı bunda?  Yəqin ki bunu Təranə Qumral da, Musa Musayev də bilir.

"Günəbaxan" verilişinə görəsən Musa Musayev hansı üzlə çıxmışdı? Məgər o da Təranə Qumral kimi özünə haqq qazandırmaq istəyirdi? Biabır olmağından, namusunun ləkələnəcəyinə belə fikir vermədən ictimaiyyətə həyat yoldaşının əxlaqsız olduğunu deyən Musa sonradan telekanal vasitəsilə öz-özünü təkzib edib Təranədən üzr istəməklə özünü növbəti dəfə rüsvay etdi. Hətta efirdə o Təranə Qumraldan bağışlanmasını da xahiş etdi və yalvardı. Bu hərəkətə isə zənnimcə şərh verməyə ehtiyac yoxdur.

Keçək Təranə Qumrala. Təranə Qumral redaksiyalara göndərdiyi "tələbnamə"də bildirir ki, bəs guya qəzetlər onun şərəf və ləyaqətini alçaldıb, onu təhqir edib. Adamdan soruşan lazım ki, bəs sən niyə efir vasitəsilə musayevlər ailəsini təhqir etdin? Efirdən birbaşa Cabbar Musayev və Əli Musayevin həyat yoldaşlarının əxlaqsız olması barədə sübutsuz, faktsız açıqlama verən Təranə Qumral bunları təhqir hesab etmirmi? Məgər o bu ittihamları tərif hesab edir? Açıq-aşkar milyonların qarşısında musayevlər ailəsinin bütün gəlinlərini, qızlarını fahişə adlandırmaq nə deməkdir, Təranə Qumral? Bu təhqir deyil, bəs nədi? Onda belə çıxır ki, musayevlər ailəsi də "ANS"dən təkzib istəsin? Axı bu "ANS"lik deyil, birbaşa sənin fikirlərindir. "ANS" sənə və sənin evinin kişisi hesab etdiyin Musa Musayevə hüquqlarını müdafiə etmək və fikirlərinizi ictimaiyyətə çatdırmaq üçün şərait yaratmaqda günahkardır? Telekanal vasitəsilə Azərbaycan xalqı qarşısında ağzına gələni danışmaq bəs deyil, hələ bir kütləvi informasiya vasitələrini də qınaq obyektinə çevirirsən?

Digər bir məsələ. Təranə Qumral iddia edirdi ki, Musa Musayevi o adam edib ortaya çıxardıb. Məgər Musa həmin vaxta qədər adam deyildimi? Bu suala əslində Musa özü cavab verməlidir.

Bəs yaxşı, əgər məlumat yalan idisə Təranə Qumral niyə Musa Musayevi yenidən qəbul etdi? Şərəf və ləyaqəti olan adam şərəf və ləyaqəti alçaldığı halda onun şərəfinə ləkə gətirən şəxsi qəbul edərmi? Bunu necə başa düşək? Əgər həqiqətən də belə bir fakt yox idisə, Təranə Qumral niyə barışığa qərar verdi? Bəs onda alçaldılan onun şərəf və ləyaqəti deyildi? Yoxsa onda bu anlam yox idi onda?

Məsələnin mahiyyətinə varanda deyirəm ortaya çox fakt çıxır. Məsələn elə bu iki nəfərin musayevlər ailəsinin məsələyə müdaxilə etməməsindən əvvəlki vəziyyət. Musa Musayev öz həyat yoldaşını əxlaqsız adlandırdı, faktla ictimaiyyətə açıqladı ki, arvadımı yataqda şəmkirli biznesmenlə tutmuşam. Bu cümlədə bir neçə fakt var. Birincisi ona görə ki, Musa Musayev niyə məhz şəmkirli biznesmenlə gördüyünü dedi? Azərbaycanda şəmkirlilərdən başqa biznesmen yox idimi? Niyə Yevlaxdan, Masallıdan, Yardımlıdan, Qazaxdan, Şamaxıdan, Ağsudan, Göyçaydan olan biznesmen yox, məhz Şəmkirdən? Yəni Musa desəydi ki, imkanlı bir şəxslə, bir biznesmenlə bu başqa məsələ. Onda təkzib olunanda da ad çəkilmədiyindən yenə də cəmiyyətin bir neçə üzvünü birtəhər inandırmaq olardı. Musanın konkret danışığı bu faktların insanın inamının artmasına vadar edir.

Digər bir məsələ. Əgər bu fakt idisə onda belə çıxır ki, Təranə Qumral və Musa Musayev o qədər kosmoailə prinsiplərinə qapanıblar ki, onlar artıq ailələrində əxlaqsızlıq faktları yaymaqla piara keçiblər. Çünki bunun başqa yolu yoxdur. Nə qədər yozulsa da, sonra bu hadisə cəmi iki fikir üzərində dayanır. Ya fakt dəqiqdir, Musa Musayev olmuş faktı açıqlayıb, ya da ki ailə əxlaqsız olmaları ilə fəxr edib bu yolla gündəmə gəlmək istəyirlər.

Təranədən belə yerdə soruşmaq istəyirəm ki, ay xanım müğənni, ailə əxlaqsızlığı ilə piar edəndə şərəf və ləyaqətə ləkə gəlir, alçalır, ya yox? Bu hərəkətə nə adı qoyaq? Nə deyək bu hərəkətlərinizə? Ailədə ər-arvad münasibətləri o həddəmi çatıb ki, artıq ailə əxlaqsızlığı vasitəsilə piarlanma kompaniyasına başlanıb? Burda şərəf və ləyaqət bəlkə mötərizədə qalıb yaddan çıxıb. Ola bilər, ailədə vəziyyətiniz o qədər bərbad vəziyyətdə olur ki, həmin prosesdə ailə namusu, ailə şərəfi mötərizədə qalıb. Necə ki Musa Musayev bu faktı açıqlayanda mötərizəyə düşmüşdü. Elə ola bilər ki, həmin faktdan sonra mötərizə məsələsi Musa Musayevin özünə şamil edilib və dərhal da çərçivədən çıxmaq üçün bu addımı atıb təkzib verdi.

Sonda isə Təranə Qumrala demək istəyirəm və daha doğrusu ondan soruşmaq istəyirəm ki, biz nəyə təkzib verək? Musa Musayevin kişivari açıqlamasına, Cabbar Musayevin sizi söyməsinə, yoxsa sizin "ANS"də musayevlər ailəsini təhqir etmənizə? Xahiş edirəm bu barədə ciddi düşünün. Biz sizdən fərqli olaraq haqlı mövqemizi müdafiə etmək üçün hələ ki xahiş edirik, sizin kimi heç bir əsas olmadan tələb yox. Sizin tələbnamənizə gəlincə isə, burda anlaşılan heç bir cümlə yoxdur. Birdən-birə həyat yoldaşı ilə piar etmək üçün ailə əxlaqını ayaqlar altına atan ailələrdən heç bir fakt olmadan üzr istəməyin yollarını tapa bilmədik. Ona görə də düşündük ki , belə bir yazı yazaq, bəlkə cavab gəldi.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31