“HEYDƏR ƏLİYEV VƏ TÜRK DÜNYASI”
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Heydər Əliyev və Türk Dünyası” adlı ədəbi-bədii gecə keçirilib
3 May 2013 14:47 Mədəniyyət"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi (ABAİ İB) tərəfindən tərtib olunan gecədə çıxış edən ABAİ İB-nin sədri, millət vəkili dr. Qənirə Paşayeva Heydər Əliyevin Azərbaycan və Türk Dünyası qarşısında xidmətlərindən söz açıb və ümummilli liderin 90 illik yubileyi münasibəti ilə keçirilən tədbirin adına diqqət çəkib: "Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının fəxr etdiyi böyük dövlət və siyasət xadimidir. Onun işıqlı xatirəsi qəlbimizdədir. Təsadüfi deyil ki, biz bu tədbiri həm də 3 may - türkçülük günü ərəfəsində keçiririk. Heydər Əliyevin adı, böyük əməlləri türkçülüyə töhfədir və necə deyərlər, hər iki əlamətdar səbəblə bura yığışmağımız bu günü bizim üçün daha da əziz edir. Çox şadam ki, ümummilli liderin adına düzənlədiyimiz bu yubiley tədbirinə Azərbaycan ziyalıları, ictimaiyyət nümayəndələri ilə yanaşı, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindən önəmli qonaqlar, o cümlədən Almaniya, Belçika və Fransadan diaspor təmsilçilərimiz təşrif buyurublar. Ayrıca, bu gün burada Türkiyədən gələn dəyərli sənətçi Hasan Sağındık səhnə alacaq. İnanıram ki, onun, Azərbaycanın əməkdar artistləri Ağalar Bayramov və Nuriyyə Hüseynovanın özünəməxsus ifaları yaddaqalan olacaq, hamınız buradan məmnun ayrılacaqsınız." Şimali Kipr Türk Respublikasının millət vəkili, sabiq Kənd Təsərrüfatı və Təbii Sərvətlər naziri Zorlu Töre çıxış edərək Azərbaycanın ümummilli lideri və Türk dünyasının böyük liderlərindən biri Heydər Əliyevin 90 illiyi yubileyi münasibətilə təşkil edilən tədbirdə iştirak etməsindən məmnunluq duyduğunu ifadə edib və ŞKTR-nin paytaxtı Lefkoşada mərkəzi küçələrdən birinin H.Əliyevin adının daşıdığını deyib və ümummilli lider H.Əliyevin zəngin və örnək irsindən danışıb.
Daha sonra Şimali Kipr Türk Respublikasının millət vəkili Zorlu Töre millət vəkili Qənirə Paşayevaya Şimali Kipr Türk Respublikasının hər zaman yanında olmasına, ŞKTR ilə bağlı yazdığı kitabları, məqalələri, Şimali Kipr türklərinin səsini beynəlxalq platformarlarda duyurduğuna görə ŞKTR Məclisinin xüsusi hədiyyəsini və bayrağını hədiyyə edib. Millət vəkili Qənirə Paşayeva isə öz növbəsində ŞKTR-nın millət vəkili Zorlu Töreyə dünyada neftlə gözəl rəsmlər çəkən yeganə rəssam Sabir Çopurovun müəllifi olduğu "Qarabağ atları" rəsm tablosunu hədiyyə edib və: "İnşallah gələn görüşümüzü birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağımızda keçirək", - deyib. Şimali Kipr Türk Respublikasının millət vəkili Zorlu Töre isə " Mən inanıram ki, Azərbaycanın, Türk millətinin vətəninin bir parçası olan Qarabağ işğaldan azad ediləcək", - deyib. Sonra millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin müdiri prof.dr. Nizami Cəfərov çıxış edərək, Heydər Əliyevin zəngin və örnək irsindən, Türk Dünyası miqyasında, ümumən dünya miqyasında düşüncə və fikirlərindən, o düşüncə və fikirləri gerçək həyata tətbiq etməsi barədə danışıb. Çıxışının sonunda, professor Cəfərov sənətin gücü ilə bugünün ümummilli liderin ruhunu şad edəcək şəkildə keçəcəyinə inamını ifadə edib.
Daha sonra Xalq şairi Zəlimxan Yaqub, şairlər İlyas Tapdıq, Əkbər Qoşalı, akademik Teymur Bünyadov, Türkiyə Cümhuriyyəti Azərbaycan Böyükelçiliyinin Kültür və Tanıtım müşaviri Seyidahmet Arslan çıxış ediblər. "Heydər Əliyev və Türk Dünyası" adlı ədəbi-bədii gecədə ünlü sənətçi Hasan Sağındık (Türkiyə) ona geniş şöhrət qazandıran mahnılarını, o cümlədən "Ağla, qərənfil, ağla", "Çanaqqala", "Eşqdən yana söz düşüncə", "Fəthiyyə" və başqa mahnılarını oxuyub.
Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova və yetirmələrinin ifa etdiyi xalq mahnıları, əməkdar artist Ağalar Bayramovun səsləndirdiyi coşğulu şeirlər gecəyə gələnlərə duyğulu anlar yaşadıb. Hasan Sağındık və Nuriyyə Hüseynova "Çırpınırdı, Qara Dəniz" mahnısını birgə oxuyublar.
Sonda ABAİ İB, DGTYB və Avrasiya Beynəlxalq Mətbuat Fondu adından sənətçilər və Türkiyə ilə Azərbaycan arasındakı ictimai-mədəni əlaqələr sahəsindəki çalışmalarına görə Hasan Sağındık, Mustafa Toyqar (Səlcuqlu Vəqfi başqan yardımçısı), Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova və Ağalar Bayramov plaketlə təltif ediliblər.