“Azərbaycan mədəniyyəti” mövzusunda bilik müsabiqəsi keçirilib
1 May 2013 18:45 MədəniyyətMədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, bu ilin aprel-may ayları ərzində regionlarda respublikanın incəsənət və musiqi məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Azərbaycan mədəniyyəti" mövzusunda bilik müsabiqəsi keçirilib. Azərbaycan mədəniyyətinin tarixi və müasir nailiyyətləri barədə gənclərə biliklərin aşılanması, böyüməkdə olan nəslin mənəvi və estetik tərbiyəsinin gücləndirilməsi, ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliğ edilməsi məqsədilə keçirilən və 3 turdan ibarət olan müsabiqədə 12-16 yaşlı şagirdlər iştirak edib.
I turun keçirilməsi və iştirakçıların biliklərinin qiymətləndirilməsi üçün şəhər (rayon) mədəniyyət və turizm (idarələri) şöbələri tərəfindən komissiya yaradılıb, bu komissiyanın qərarına əsasən I turda ən yüksək bal toplayan beş nəfər iştirakçı zona turunda iştirak etmək hüququ qazanıb. Müsabiqənin II (zona) turu, 8-10 aprel tarixində Xaçmaz və Şəmkirdə, 11-13 aprel tarixində İsmayıllı və Mingəçevirdə, 15-17 aprel tarixində Saatlıda, 18-20 aprel tarixində Cəlilabadda, ümumilikdə 63 şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin təmsilçilərinin iştirakı ilə, keçirilib. Bakı şəhəri üzrə uşaq musiqi və incəsənət məktəbləri arasında müsabiqənin seçim turu Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən keçirilmiş, ən yüksək nəticə göstərmiş 10 (on) nəfər şagird yekun turunda iştirak etmək üçün təqdim olunub. Müsabiqənin yekun turu 2 may 2013-cü il tarixində bakı şəhərində Qara Qarayev adına onbirillik 8 nömrəli musiqi məktəbində keçiriləcək. Yekun turunda iştirak etmək hüququnu qazanmış 41 şəhər və rayondan 60 nəfər şagird öz biliklərini sınayacaqlar. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təyin olunmuş, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin mütəxəsislərindən ibarət qiymətləndirmə komissiyanın qərarına əsasən yekun turunun qalibləri müəyyən ediləcəkdir. Ən çox bal toplamış 7 (yeddi) nəfər şagird Nazirliyin Fəxri Fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılacaq.